“İnter”-“Sumqayıt” oyununda qapılara beş top vurulub

“İnter”-“Sumqayıt” oyununda qapılara beş top vurulub
19:08 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də futbol üzrə Topaz Premyer Liqasının XVI turu çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnter” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
İki oyundur qola həsrət qalan və son dörd dueldə “Sumqayıt”ı məğlub edə bilməyən “İnter” yenə də mübarizədən başı aşağı ayrılıb.
Matçın ilk hissəsi qapılara vurulan bol qollarla yadda qalıb. Komandalar oyun ərzində açıq futbola üstünlük veriblər. “İnter” qapısında erkən qol görüb. Amil Yunanov 2-ci dəqiqədə vurduğu dəqiq zərbə ilə qonaq komandanı hesabda irəli çıxarıb. Təşəbbüsü ələ keçirməyə çalışan ev sahibi “Sumqayıt”ın əks hücumları ilə qapısında növbəti qolları görüb. Slavik Alxasov 32-ci dəqiqədə ikinci topu “İnter”in qapısından keçirib. Daha sonra sumqayıtlılar Amil Yunanovun 39-cu dəqiqədə dublu ilə hesab arasındakı fərqi artırıblar. “İnter” ilk yarıda Yuri Fomenkonun 44-cü dəqiqədə vurduğu təsəlli qolla yadda qalıb-1:3.
Fasilədən sonra görüşü xeyrinə dəyişmək istəyən “İnter” yalnız bir dəfə, Elnur Abdullayevin 52-ci dəqiqədə vurduğu qolla fərqi birə endirə bilib-2:3. Qarşılaşma elə bu hesabla da başa çatıb.
Baş məşqçi Zaur Svanadzenin yetirmələri bu oyunda üç xalı itirməklə həm də ikinci pilləyə irəliləmək imkanından da məhrum olublar. Sumqayıtlılar isə beş oyunluq qələbəsiz seriyanı qıraraq turnir cədvəlində bir pillə irəliləmək (7-ci yer) imkanı qazanıblar.
Qeyd edək ki, tura dekabrın 13-də baş tutacaq 3 görüşlə yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Inter_Sumqayit_oyununda_qapilara_bes_top_vurulub-910465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR