“Günəşli”dəki qəza ilə əlaqədar İşçi Qrupun növbəti iclası keçirilib

“Günəşli”dəki qəza ilə əlaqədar İşçi Qrupun növbəti iclası keçirilib
19:17 11 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Əraziyə müşahidə və tədqiqatlar aparılması üçün 1 ədəd monitorinq gəmisi və neft dağılmalarına qarşı müasir avadanlıqlarla təchiz edilmiş 6 digər gəmi göndərilib
Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 10-da “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar olaraq yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, habelə BP şirkətinin vitse-prezidenti Robert Vat və aidiyyəti üzrə mütəxəssislər iştirak ediblər. İclasda mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələləri müzakirə olunub. Bu məqsədlə havadan helikopter və sudan gəmilər vasitəsilə ərazi koordinatlarının müəyyən edilməsi və zəruri tədbirlər görülməsi üçün “Azərkosmos”dan ərazinin gündəlik çəkilişlərinin alınmasına qərar verilib. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədilə su səthinə xüsusi gəmilər vasitəsilə dağılmalara qarşı bonların düzülməsi nəzərdə tutulub. 
Keçirilmiş iclasın nəticəsi olaraq bu gün səhər İşçi Qrupun üzvləri qəza yerinə uçaraq, helikopterdən əraziyə baxış keçiriblər. Uçuş zamanı qəza ərazisində neft dağılmaları müşahidə edilməyib. Qəza rayonunda mütəmadi müşahidə və tədqiqatlar aparılması üçün 1 ədəd monitorinq gəmisi və neft dağılmalarına qarşı müasir avadanlıqlarla təchiz edilmiş 6 digər gəmi əraziyə göndərilib. Xüsusi təchiz edilmiş bu gəmilər dağılma halları baş verərsə, neftin yığılması və utilizasiya məntəqələrinə çatdırılması üçün tam hazır vəziyyətə gətirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-deki-qeza-ile-elaqedar-i-sci-qrupun-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR