“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti İtaliyada yüksək qiymətləndirilib

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti İtaliyada yüksək qiymətləndirilib
19:33 11 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov İtaliyaya səfəri çərçivəsində bu ölkənin parlamentinin konstitusiya və daxili məsələlər üzrə komissiyasının rəhbəri Andrea Mazziotti di Celso ilə görüşüb. Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və səfirliyimizin əməkdaşları da iştirak ediblər.
Söhbət zamanı A.Mazziotti di Celso İtaliyada bütün növ dövlət xidmətlərinin vahid məkandan göstərildiyi bir mərkəzin mövcud olmadığını və bu amilin ölkəsinin ictimai həyatında önəmli çağırışlardan biri olduğunu bildirib. Qeyd edib ki, belə bir innovasiyanın, dövlət xidməti sahəsində yeni elementlərin tətbiqinə ehtiyac var və İtaliya hökuməti müvafiq istiqamətdə işlər aparır. Eyni zamanda, dövlət xidməti sahəsində müxtəlif təcrübələr, habelə Azərbaycan modeli ilə tanış olmağın onlarda böyük maraq doğurduğunu qeyd edib.
İ.Kərimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən və dövlət idarəçiliyinin müasirləşdirilməsinə yönələn islahatlardan və onların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət”dən bəhs edib. Diqqətə çatdırıb ki, bir çox dövlət xidmətlərinin bir mərkəzdən göstərildiyi unikal bir məkan yaradılıb. Vətəndaşlara daha qısa zaman kəsiyində yüksək səviyyədə dövlət xidmətlərinin göstərilməsi, bu zaman rahatlığın və şəffaflığın təmin olunması, innovasiyaların və ən son texnologiyaların tətbiqi qurumun əsas iş prinsipləridir.
Dövlət və özəl xidmətlərin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”in üstün cəhətlərini qeyd edən İ.Kərimov vətəndaş məmnunluğunun 98 faiz olduğunu və artan gözləntilərə uyğun olaraq xidmətlərin keyfiyyətinə daim diqqət yetirildiyini vurğulayıb. O əlavə edib ki, İtaliyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən qurumları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi hər iki tərəf üçün faydalı nəticələr verə bilər.
Söhbət zamanı müvafiq istiqamətlərdə mübadilələrin daimi xarakter daşımasının vacibliyi vurğulanıb.
Sonra Dövlət Agentliyinin sədri İtaliya mətbuatına müsahibə verib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ASAN_xidmet_merkezlerinin_fealiyyeti_Italiyada_yuksek_qiymetlendirilib-910480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR