Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən yazıb

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən yazıb
19:38 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Mərakeşin nüfuzlu “Əl-İslah və ət-Tənmiyə” qəzetinin 2015-ci il 11 dekabr tarixli nömrəsində “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Məqalədə bildirilir ki, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev bütöv bir qərinə ərzində Azərbaycana rəhbərlik edib, müstəqilliyin bərpa edilməsi, yeni dövlətin yaradılması kimi istiqamətlərdə mühüm rol oynayıb və bütün həyatını xalqının, Vətəninin inkişafına və yeni dövlət quruculuğuna həsr edib.
Müəllif yazır ki, Heydər Əliyev bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır və ölkənin müasir tarixində canlı xatirə kimi qalacaqdır. Məhz Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib, vətəndaş birliyinə, möhkəm sabitliyə və iqtisadi tərəqqiyə nail olub.
Daha sonra Ümummilli Liderin həyatı barədə oxucularına məlumat verən müəllif Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, tutduğu yüksək vəzifələrdən bəhs edib, Sovet İttifaqının dağılmasından sonra 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildiyini, iyunun 24-də prezidentin səlahiyyətlərinin icrasına başladığını bildirib. Yazıda ulu öndər Heydər Əliyevin dalbadal iki dəfə Prezident seçildiyi qeyd olunub.
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın bir çox sahələrdə, daxili və xarici siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət və sair kimi mühüm sahələrdə köklü islahatlar aparıldığına diqqət çəkən müəllif ölkənin beynəlxalq arenada və Cənubi Qafqaz regionunda aparıcı dövlətlərdən birinə çevrildiyini, yeni xarici siyasət konsepsiyasına əsaslanaraq beynəlxalq birlik, dünya dövlətləri, eləcə də özünü ayrılmaz hissəsi hesab etdiyi İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrini bərpa etdiyini diqqətə çatdırıb.
Müəllif qeyd edib ki, Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır və Azərbaycan beynəlxalq əlaqələr müstəvisində etibarlı güclü bir tərəfdaşa çevrilib.
Məqalədə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafında 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısının mühüm rol oynadığı, tədbirdə Heydər Əliyevin iştirak etdiyini, səfər çərçivəsində Mərakeşin mərhum Kralı II Həsən, İordaniyanın mərhum Kralı Hüseyn bin Təlal, Küveytin mərhum Əmiri Cabir Əl-Əhməd əl-Cabir əs-Subah və digərləri ilə tarixi görüşlər keçirdiyi xatırlanıb.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq və möhkəm dostluq əlaqələrinin olduğunu, İƏT-in münaqişə ilə bağlı müvafiq qətnamələr qəbul etdiyini bildirib, bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü pislədiyini, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyini diqqətə çatdırıb.
Sonda müəllif qeyd edib ki, müasir müstəqil Azərbaycanın banisi və rəhbəri ümummilli lider Heydər Əliyev nəcib əməlləri, gördüyü böyük işlər və ölməz nailiyyətləri ilə öz xalqının xatirəsində daim yaşayacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merakesin_Al_Islah_ve_et_Tenmiye_qezeti_ulu_onder_Heyder_Aliyevin_misilsiz_xidmetlerinden_yazib-910481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR