"Bu nə plovdur, bişirmisən? Yağ gətir" - Bakı Plov Festivalından reportaj

"Bu nə plovdur, bişirmisən? Yağ gətir" - Bakı Plov Festivalından reportaj
19:49 11 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı daha bir beynəlxalq tədbirə - Plov Festivalına ev sahibliyi etdi. APA TV-nin xəbərinə görə, paytaxtın əyləncə məkanlarından birində II Beynəlxalq Plov Festivalı keçirilir.

 

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qırğızıstan, İran və Yaponiyanın məşhur kulinarları öz ölkələrində hazırlanan müxtəlif plov çeşidlərini təqdim ediblər. Festivalın təşkilatçısı olan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov keçirilən festival barəsində ətraflı məlumat verərək, bu festivalın qarşıdakı illərdə də təşkil ediləcəyini bildirib: "Bu gün biz burada xalqları düyü ətrafında birləşdirir və göstəririk ki, bizim fərqlərimizdən daha çox oxşarlığımız var. Bütün xalqlar burada düyüdən olan yeməklərini hazırlayır. Bir ərzaqdır, amma dad nüanslarına, ətirlərinə və əlavələrdə, görün, nə qədər fərqlilik var. Bu fərqlilik də bizim bir-birimiz üçün nə qədər maraqlı olduğumuzu göstərir".

 

Festivaldakı stendlərin hər biri öz orijinal tərtibatı ilə diqqət çəkir. Biz də stendlərlə tanışlığa ilk olaraq qardaş Türkiyənin stendindən başladıq. Səfirliyin nümayəndələri bu ölkənin mətbəxinə aid plov çeşidləri haqqında ətraflı məlumat verdikdən sonra türk adətlərinə uyğun olaraq bizi plova qonaq etməmiş buraxmayacaqlarını deyirlər.

 

Türkiyə səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin əməkdaşı Mehin Tağıyeva Türkiyə mətbəxini tanıdıb: "Bu, quzu ciyəri ilə hazırlanan məşhur içli plovdur. Gördüyünüz digər plov növü isə Egey plovudur. Digəri isə Mengen plovudur ki, Osmanlı saraylarının ən məşhur plov çeşidlərindən biri hesab olunur. Dadına baxdığınız plov isə noxud və şabalıdla olur və quzu ciyərindən hazırlanır. Həmin plov Osmanlı saraylarında yalnız qonaqlar üçün hazırlanan bir yeməkdir".

 

Sərgidə təmsil olunan Özbəkistanın guşəsi də maraq doğurur. Xalqın milli ənənələrinə uyğun tərtib edilmiş guşədə özbək mətbəxinin adı və dadı ilə dünyaya səs salan plovu gələn qonaqlara təqdim olunur. Özbəkistan nümayəndəsi Gözəl Omarova deyir ki, özbək xalqının plova həssas yanaşması onun adət edildiyi kimi qaşıqla deyil, əl ilə yeyilməsindən aydın sezilir: "Özbəkistanda 100-dən çox plov çeşidi var. Əsas fərq də ondadır ki, biz plovun hazırlanmasında sarı rəngdə olan yerkökü növündən istifadə edirik. Bu növdə yerkökü yalnız Özbəkistanda yetişir".

 

Baş çəkdiyimiz daha bir stend Tacikistan mətbəxinə aid müxtəlif plov növlərinin sərgiləndiyi stenddir: "Biz Bakıya tacik xalqının salamını və mətbəximizin müxtəlif plov çeşidlərini gətirmişik. Əsas plov növümüz oşi plov (aş plov) adlanır. Buna bizdə "şah yeməyi də deyirlər. Bu plovun hazırlanmasında əsasən düyü, ət, soğan, yerkökü və təbii ki, yağdan istifadə olunur. Tacik plovunun yaranma tarixi bəzi mənbələrə görə İbn Sina, bəzilərinə görə isə Makedoniyalı İsgəndərin dövrünə qədər gedib çıxır. Plovu bizim əcdadlarımız min illər öncə icad ediblər və biz bu ənənələri bu gün də qoruyub saxlamağa çalışırıq. "

 

Bu xalqın daha bir özəlliyi də odur ki, onun nümayəndələri yeməklərini yerdə, bax, bu cür oturaraq yeyərlər.

 

Hindistanın stendində bizi burada bu ölkənin Azərbaycandakı səfiri Sanjay Rana və onun xanımı Barbara Rana qarşılayır. Səfirin xanımı təqdim olunan Hind yeməkləri ilə bizi tanış edir: "Bu, Hindistanda ən çox hazırlanan düyü pudinqidir. Bu yeməyin tərkibində düyü, süd və zəfərandan başqa heç nə yoxdur. Onu da deyim ki, çox dadlıdır. Siz də buyurub, buna əmin ola bilərsiniz. Biz Azərbaycanda bu cür festivalların keçirilməsindən çox məmnunuq. Onların sayəsində öz ölkəni, mətbəxini tanıtmaq xüsusilə qürurvericidir".

 

Sərgidə Yaponiya da özünün müxtəlif plov növləri ilə yer alıb. Onlardan ən maraqlısı Çiraşizuşi plovudur ki, görünüşü və dadı ilə Azərbaycan plovundan çox az fərqlənir.

 

Paytaxtımızda keçirilən festivalda milli mətbəximizin şahı olan və özünəməxsus şəkildə hazırlanan plovumuzdan yan keçmək olmaz. Azərbaycan stendində şah plov, şüyüd plov, səbzi plov kimi milli yeməklərimiz stendə yaxınlaşan qonaqlara təqdim olunur. Milli plovumuzdan dadan hər kəsin simasında məmnunluq ifadəsini görmək olar.

 

Festivalın yekununda Milli Kulinariya Mərkəzi və tədbirin təşkilatçıları tərəfində iştirakçı ölkələrin təmsilçilərinə diplom və müxtəlif hədiyyələr təqdim olunub.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR