Qahirə, 11 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anım mərasiminin keçirilməsi məqsədilə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin, Qəlyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdülzahirin, vilayətin məsul şəxslərinin, Qahirə və Ayn-Şəms universitetlərinin tələbələrinin birgə iştirakı ilə Qanatır şəhərindəki “Azərbaycan” küçəsində açılmış Misir-Azərbaycan dostluq parkı ziyarət olunub, Ümummilli Liderin heykəlinin qarşısına əklil qoyulub, xatirəsi yad edilib.
Səfir tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin ölkəsi və xalqı qarşısındakı xidmətlərindən danışıb. O, 2008-ci ilin fevral ayında Misirin Qəlyubiyyə bölgəsinin Qanatır şəhərində “Azərbaycan” küçəsində açılmış Azərbaycan-Misir dostluq parkının xalqlarımızın dostluq əlaqələrinin rəmzi sayıldığını vurğulayıb. Bu parkda Ümummilli Liderin heykəlinin ucaldığını və bunun Misir xalqının Ulu Öndərə ehtiramını əks etdirdiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri Azərbaycanın Misirdəki səfirliyində də keçirilib.
Tədbirdə Misirin ictimai-siyasi və elmi dairələrinin təmsilçiləri, jurnalistlər, Ain-Şəms, Əl-Əzhər və Qahirə universitetlərinin tələbələri, Misirdəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Səfir Ş.Abdullayev ümummilli lider Heydər Əliyevin şanlı həyat yoluna nəzər salaraq, onun rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Heydər Əliyevin çox çətin bir dövrdə Azərbaycan xalqının təkidi ilə 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıtdığını vurğulayıb və Ümummilli Liderin rəhbərliyi altında qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğu, ölkədaxili sabitlik və təhlükəsizliyin təmin edilməsi, Konstitusiyanın qəbul olunması, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi böyükmiqyaslı tədbirlərin həyata keçirilməsindən söhbət açıb. Diplomat Azərbaycanın müasir inkişafının bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Səfir Ümummilli Liderin müəyyən etdiyi siyasi xəttin davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əldə etdiyi nailiyyətlər və inkişafın Azərbaycan modeli haqqında tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər yerinə yetirən Heydər Əliyevin irsinin əbədi olaraq xalqımızın yaddaşında xoş xatirələrlə qalacağını vurğulayıb.
Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin sabiq müdiri, Helvan Universitetinin professoru Adil Dərviş çıxış edərək, Azərbaycan xalqının tarixində Heydər Əliyev şəxsiyyətinin əvəzedilməz rol oynadığını diqqətə çatdırıb. Tarixin sınaq dövrlərindən xalqların uğurla çıxmasında şəxsiyyətlərin mühüm rol oynadığını qeyd edən A.Dərviş 1990-cı illərin əvvəllərində Heydər Əliyevin Azərbaycanın rəhbərliyində olmasının Azərbaycan xalqı üçün mühüm bir tarixi nailiyyət olduğunu qeyd edib. O, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə və onun rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunaraq, digər dövlət xadimlərinin və siyasətçilərinin Ulu Öndərlə bağlı fikirlərini səsləndirib.
Jurnalist-publisist və “Əl-Məsəiyyə” qəzetinin redaktor müavini Məhəmməd Sələmə Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərliyinə və Azərbaycanın kəşməkəşli müstəqillik yoluna nəzər salaraq, Ulu Öndərin bu dövrdə Azərbaycana rəhbərlik etməsinin xalqımız üçün tarixi bir fürsət olduğunu və onun rəhbərliyi altında Azərbaycan xalqının bu sınaqdan uğurla çıxdığını qeyd edib.
Tədbirdə Heydər Əliyev haqqında ərəb dilində sənədli film nümayiş etdirilib və kitab guşəsi təşkil olunub.
Qeyd edək ki, tədbir zamanı Ş.Abdullayev Misirin “ALKAHERA” TV peyk kanalına müsahibə verib. Həmin müsahibə və səfirlikdə keçirilən tədbir dekabrın 12-də Misirin “ALKAHERA” TV peyk kanalında yayımlanacaq.
Tədbir Misirin digər kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə