Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb

20:23 11 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Dövlət Statistika Komitəsində (DSK) ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
DSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, güclü iradəyə və milli ruha malik olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə xalqının çağırışı ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğur qazanmasına nail olub. Ulu Öndər xalqımızın gələcək inkişaf yolunun möhkəm təməlini qoyaraq Azərbaycanın 10 illər sonra da qlobal inkişaf yolunu müəyyənləşdirib.
Qeyd edilib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlərin sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün müstəqil Azərbaycan Respublikası bir çox zirvələri fəth edib, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əsas söz sahibinə çevrilib.
Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov bildirib ki, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə ölkədə yeni iqtisadi yüksəliş başlanıldı. 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu, davamlı iqtisadi artımın əsası qoyuldu, eləcə də əhalinin həyat səviyyəsi yaxşılaşdı. Diqqətə çatdırılıb ki, ölkəyə rəhbərliyi dövründə bütün sahələr kimi statistika da Ümummilli Liderin diqqətindən kənarda qalmayıb.
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov deyib ki, xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu yolun möhkəm təməlini qoydu. Azərbaycanın əbədi müstəqilliyini təmin etdi, müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı. Prezidentliyi dövründə həyata keçirdiyi islahatlar, iqtisadiyyatının dirçəldilməsi, gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkəmizi dünya birliyinə qovuşduran yolu işıqlandırdı.
Çıxış edənlər Ulu Öndərin XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, təhsil və elm sahəsində, eləcə də onun azərbaycançılıq ideologiyasının inkişafında misilsiz xidmətlərindən bəhs ediblər.
Komitə sədri Tahir Budaqov vurğulayıb ki, Azərbaycanın yeni tarix salnaməsinə qızıl hərflərlə yazılmış Heydər Əliyev dövrü hər bir azərbaycanlı üçün çox gərəkli bir tarixdir. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı həmişə böyük sevgi ilə anılacaq, həyat və fəaliyyəti hər birimiz üçün örnək olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Statistika_Komitesinde_umummilli_lider_Heyder_Aliyevin_eziz_xatiresi_anilib-910509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR