Bakının sonuncu faytonçusunun həyat hekayəsi - REPORTAJ - FOTO

Bakının sonuncu faytonçusunun həyat hekayəsi - REPORTAJ - FOTO
20:27 11 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Əsrlər öncə insanlar nəqliyyat vasitəsi kimi əsasən atlardan və dəvələrdən istifadə edirdilər. Ancaq atla uzaq səfərlərə getmək çətin və üzücü idi. Ona görə də insanlar öz səfərlərini rahatlaşdırmaq üçün faytonu kəşf etdilər. 
Çünki fayton ilə uzaq yol qət etmək, uzun səfərləri reallaşdırmaq olduqca rahat idi. Hətta ötən əsrin əvvəllərində ali zümrəyə məxsus şəxslərin ən sevimli və ən rahat nəqliyyat növü də fayton olub. Fayton özü bir mədəniyyət nümunəsi idi. 
İndi isə dövr dəyişib. Faytondan nəqliyyat vasitəsi kimi yox, əyləncə məqsədi ilə istifadə edirlər. Hətta bu əyləncə belə artıq heç kimin marağını çəkmir. Bir zamanlar Bakının əsas küçələrində faytonlar dolaşırdı. İstər Bakı sakinləri, istərsə də şəhərin qonaqları bu xidmətdən istifadə edirdilər. 
Ancaq artıq paytaxtımızda faytonları görmək çətinləşib. Onlar çox şəhərdən yığışdırılıb. Bəzi hallarda evlənən cütlüklər faytondan istifadə edirlər ki, bu da nadir hallarda olur.
Bakının fayton mədəniyyətinin son durumunu öyrənmək üçün bir az axtarış aparmalı olduq. Çünki onların böyük hissəsi şəhərdən yığışdırılıb. Öyrəndik ki, Bakıda vətəndaşlara xidmət edən sadəcə, bir fayton qalıb. 

Milli.Az bildirir ki, musavat.com saytının reportyoru həmin faytonun sahibini taparaq, onunla söhbətləşib. 

Gənc faytonçu ilə Dənizkənarı Milli Parkın yaxınlığında qarşılaşdıq. O, faytonunu bir kənarda saxlayıb, müştəri gözləyirdi. Söhbətimiz zamanı öyrəndik ki, son zamanlar müştəri cəhətdən ciddi problem yaşayır: "Faytonun üstü açıqdır. Üstəlik də faytona minmək istəyənlər üçün hava şəraiti çox önəmlidir. Gün çıxanda 1-2 nəfər müştəri olur. Hava pis olanda isə ümumiyyətlə, faytonu şəhərə çıxartmıram. Çünki müştəri olmur".

- Qiymətlər necədir? Baha deyil ki..?

- Qətiyyən... Mən, əsasən, Azərbaycan Dövlət Kukla Teatrının yanında dayanıram. Adam sayından asılı olmayaraq, bir dövrənin qiyməti 10 manatdır. Teatrın yanından "Azneft dairəsi"nə qədər gedib, geri qayıdırıq. Bu, bir turdur. Müştəri əgər məsafəni uzatmaq istəsə, qiymət də buna əsasən dəyişir. 

- Əsasən faytonsevərlər kimlərdir? Yerli camaat, yoxsa turistlər..?

- Əsasən, öz camaatımız faytona maraq göstərir. Maddi imkan burada çox rol oynayır. 10 manat böyük pul deyil. Amma az da deyil. Ona görə də, kimin imkanı çatırsa, o faytona minir. Bəzən toy sifarişlərim də olur. Bəy və gəlin standart toy etmək istəmirlər. Ona görə də, məni dəvət edirlər. Faytonu bəzəyib, gedirəm. 

- Avtomobilin xərci çox olur. Yanacağı, təmiri, təkəri... Bəs, atın xərci nə qədərdir?

- Hesab-kitab aparanda görürəm ki, maşının xərci daha az çıxır. Çünki atın tez-tez dəyişən nalı, vaxtı-vaxtında verilməli olan yemi var. Rayonlarda yem daha ucuzdur. Amma gedib, onu alıb, gətirmək sərf etmir. Məcbur olub, Bakıdan baha qiymətə alıram. Təqribən ayda 300-350 manat xərcim çıxır. 

- Maşın sürmək asandır, yoxsa fayton..?

- Atı idarə etmək kənardan asan görünə bilər. Ancaq bunu idarə etmək böyük istedad tələb edir. Misal üçün gördüyünüz at indi bir az aqressivdir. Çünki 1 həftədən çoxdur ki, bayıra çıxmır. Mişanı (atın adı) evdə çox saxlamaq olmaz. Ona görə də, indi onunla ehtiyatlı davranmaq lazımdır. Lakin bir azdan aqressivliyi keçəcək. 

- Mişa..?

- Hə, atın adı Mişadır. Bilirəm, bir az qəribədir. Mişa adı at üçün qəribə səslənir. Lakin atın əvvəlki sahibi ona bu adı qoyub. At da bu ada alışıb. Daha dəyişə bilmərəm.

- Maddi cəhətdən qazancın necədir?

- Toylara çağıranda qazancım pis olmur. Amma şəhərdə xidmət göstərəndə qazancım zəif olur. Amma yenə də min şükür. Dolanırıq, bir təhər... 

- Əvvəllər Bakıda faytonlar daha çox idi. İndi onları nəsə görmək olmur...

- Çünki bir çox faytonçu bu işdən artıq əl çəkib. Bu sənət də artıq keçmişdə qalır. Bakıda yeganə səyyar faytonçu mənəm. Mən də ki, ailədən qalan işi davam etdirirəm. Əvvəlcə qardaşlarım bu işlə məşğul olub, indi isə mən davam etdirirəm. Ona görə də, bu qədər asan əl çəkə bilmirəm. İlk dəfə fayton sürəndə 14 yaşım var idi. Hələ də bu işə davam edirəm. 

Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR