İpək Yolu üzərindən keçən nəqliyyat qovşağı Vaşinqtonda geniş müzakirə olunub

20:28 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu “İrs Fondu” tərəfindən “Enerji, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəz” ilə əməkdaşlıqda “Yenilənmiş İpək Yolu - Avrasiyanın ürəyindən Avropanın ürəyinə: 21-ci əsr Nəqliyyatı və Enerji İcmalı” başlığı altında konfrans təşkil edilib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ-ın rəsmi qurumları, yerli ictimai, işgüzar və elmi dairələr, Vaşinqtondakı diplomatik korpus və media təmsilçilərinin qatıldığı bu konfransda yarım gün ərzində Avropa və Asiyanı birləşdirən nəqliyyat və enerji layihələri müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Konfransın açılış hissəsində ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli çıxış edib və iştirakçılarla öz fikirlərini bölüşüblər.

A.Hokştayn geniş məruzəsində ayrıca olaraq Azərbaycan və ölkəmizdən start götürən enerji layihələrinə istinad edib. Azərbaycan və ABŞ arasında enerji sahəsində əldə edilmiş uğurlardan bəhs edən diplomat vaxtilə Prezident Bil Klintonun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına göstərdiyi diqqəti xatırladıb və bu diqqətin ABŞ-ın həmin layihənin daşıdığı strateji əhəmiyyəti tam şəkildə dərk etməsindən irəli gəldiyini söyləyib. O, eynilə Cənub Qaz Dəhlizinin strateji xarakterini vurğulayaraq, həmin qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi, eləcə də keçdiyi bütün ölkə və regionlarda inkişaf və tərəqqiyə ciddi stimul gətirəcəyinə inandığını bildirib.

Xüsusi elçi təmsil etdiyi ölkənin Cənub Qaz Dəhlizinin uğurla tamamlanması işini ən fəal sürətdə təşviq edəcəyini bildirib və bu mənada, ABŞ Prezidenti Barak Obama səviyyəsində bu prosesə müxtəlif məqamlarda mühüm dəstək nümayiş etdirildiyini qeyd edib. A.Hokstayn, həmçinin dekabrın 10-da Yunanıstan və Bolqarıstan arasında qaz kəməri üzrə Yekun Sərmayə Qərarının qəbul ediləcəyini bildirib və bu kəmərin çəkilməsinin Azərbaycan qazının nəql edilə biləcəyi coğrafiyanı əhəmiyyətli şəkildə genişləndirəcəyini göstərib.

Digər çıxışçılardan İrs Fondunun tədqiqatçısı Lyuk Kofi Cənubi Qafqazdan keçən enerji infrastrukturunun strateji əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, bölgədəki münaqişələr, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının bu layihələr üçün doğurduğu təhlükələri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O bu mənada iki ölkənin hərbi qüvvələri arasındakı təmas xəttinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bir neçə kilometrliyindən keçdiyini xatırladıb. Tədqiqatçı münaqişənin nizamlanması istiqamətində beynəlxalq səylərin gücləndirilməsindən danışıb.

Konfransın “Asiya-Avropa nəqliyyat yolları və qaz təchizatı – tələbin qarşılanması və təchizatın diversifikasiyası” başlıqlı panelində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə infrastruktur sisteminin yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan köklü işlər kontekstində Qaradag rayonu Ələt qəsəbəsində inşası davam edən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi haqqinda danışıb.

T.Ziyadov Bakı Limanının Azərbaycanın beynəlxalq nəqliyyat təchizat zəncirində çox mühüm bir həlqə olduğunu söyləyib və Respublika Prezidentinin birbaşa himayəsi və nəzarəti altında bu sahədə mövcud potensialın gücləndirilməsi və ondan səmərəli istifadəsi məqsədilə həyata keçirilən və planlaşdırılan tədbirlər haqqında məlumat verib.

Həmçinin bu konfransda çıxış etmiş ABŞ Nəqliyyat Komandanlığının sabiq komandiri, hava qüvvələri generalı Danken Maknab, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəzin direktoru Ariel Koen, Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, müvafiq olaraq, Türkiyə və Qazaxıstanın Vaşinqtondakı səfirlərinin müavinləri Tuqay Tuncay və Yerkin Axinjanov, eləcə də bir sıra digər natiqlər İpək Yolunun əhatə etdiyi coğrafiyada həyata keçirilən layihələr və onların malik olduqları potensialdan bəhs ediblər.

Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR