Kanalizasiya xəttinin partlaması təxminən 50 evin çirkab suyu içində qalması ilə nəticələnib. Hadisə Binəqədi rayonunda baş verib. Əlaqədar qurumlar isə problemin qısa müddətdə həll olunacağını deyir.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 31-26-cı məhəllədə yerləşən 50-ə yaxın evi su basıb. Sakinlər deyir ki, antisanitariya bir tərəfə, bu hal azyaşlı uşaqların həyatı üçün də təhlükəlidir.
Hadisənin baş verdiyi əraziyə baş çəkən Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov bildirdi ki, qəza diametri 1000 millimetr olan yüksək təziqli kanalizasiya xəttində baş verib. Problemin operativ aradan qaldırılmasına isə qanunsuz tikililər mane olur. Çünki hadisə yerinə texnika cəlb etmək mümkün deyil.
Bununla yanaşı,qurum rəsmisi bəzi evlərin kanalizasiya xəttinin üzərində tikilməsi səbəbindən hər an belə qəzanın baş verməsini də istisna etməyib.
Milli.Az