Los-Ancelesdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib

21:48 11 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Los-Anceles, 11 dekabr, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib. Aksiyada kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 500 nəfərə isti yeməklər verilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan Los-Anceles Missiyasında təşkil olunub. Aksiya zamanı baş konsul Nəsimi Ağayev və baş konsulluğun əməkdaşları Missiyanın könüllülərinə qoşularaq kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Tədbirdən əvvəl N.Ağayev Los-Anceles Missiyasının rəhbəri Herb Smit ilə görüşüb. Görüşdə baş konsul Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində misilsiz rol oynayıb. O, Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib. Baş konsul Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən birinə çevrildiyini bildirib.
H.Smit kimsəsiz və evsiz-eşiksiz şəhər sakinlərinə yardım məqsədilə baş konsulluq tərəfindən həyata keçirilən bu xeyriyyə tədbirinin çox vacib olduğunu vurğulayıb, bu aksiya vasitəsilə böyük tarixi şəxsiyyət Heydər Əliyevin daha yaxından tanınması imkanının yarandığını bildirib. O qeyd edib ki, bu tədbir, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının, eləcə də digər mədəniyyət və etiqadlara hörmətlə yanaşmasının böyük göstəricilərindən biridir.
Baş konsulluğun dəvətilə xeyriyyə aksiyasına qatılan Los-Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən biri, 40-dan çox kilsənin yaradıcısı yepiskop Karlos Mendez bu xeyirxah təşəbbüsü yüksək qiymətləndirərək Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. O bildirib ki, Heydər Əliyev dahi dövlət xadimi kimi həm Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, həm də bütün bölgədə sabitliyin bərqərar olmasında önəmli rol oynayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Los_Ancelesde_ulu_onder_Heyder_Aliyevin_xatiresine_hesr_olunan_xeyriyye_aksiyasi_kechirilib-910546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR