Ulu Öndərin xatirəsinin anım günü ilə əlaqədar ABŞ-da daha bir xeyriyyə aksiyası

Ulu Öndərin xatirəsinin anım günü ilə əlaqədar ABŞ-da daha bir xeyriyyə aksiyası
07:43 12 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Merilend, 12 dekabr, AZƏRTAC
ABŞ-ın Merilend ştatının ən böyük xeyriyyə təşkilatı olan Merilend Qida Bankına ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar Azərbaycan tərəfindən ianə edilib.
Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitlə görüşü zamanı Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov artıq üçüncü ildir ki, bu xeyriyyə aksiyasının Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinin yad edilməsi çərçivəsində keçirildiyini bildirib. O, Ulu Öndərin sosial inkişaf və Azərbaycan xalqının rifahına daim göstərdiyi böyük qayğı barədə danışıb. Heydər Əliyevin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu sosial siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdığı, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədə azalaraq 5 faizə düşdüyü diqqətə çatdırılıb. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlıya hökumət tərəfindən göstərilən qayğıdan söz açıb, onların yeni evlərlə təmin olunması üzrə müvəffəqiyyətlə həyata keçirilmiş proqramlar barədə məlumat verib.
N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan Hökumətinə dərin minnətdarlığını bildirib. Azərbaycan xalqının Ümummilli Liderinin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini vurğulayan N.Smit bunun çox yüksək qiymətləndirildiyini söyləyib. O bildirib ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankı vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylanılır. Bundan əlavə, təşkilat tərəfindən buraya müraciət edənlərin gələcəkdə işlə təmin olunmaları üçün müxtəlif təlimlərin keçirildiyi, ümumiyyətlə bu təşkilatın məqsədinin ehtiyacı olan insanların yalnız qida ilə təmin edilməsi deyil, onların cəmiyyətə və tam normal həyata qayıtmasına yardım edilməsi olduğu diqqətə çatdırılıb.
Sonra diplomata Merilend Qida Bankının Baltimor şəhərində yerləşən kompleksi barədə məlumat verilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Merilend




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_xatiresinin_anim_gunu_ile_elaqedar_ABS_da_daha_bir_xeyriyye_aksiyasi-910572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR