Azərbaycan və Qazaxıstan arasında tranzit yüklərin hərəkətinin sadələşdirilməsi məsələləri müzakirə olunub

Azərbaycan və Qazaxıstan arasında tranzit yüklərin hərəkətinin sadələşdirilməsi məsələləri müzakirə olunub
11:03 12 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan və Qazaxıstan arasında tranzit yüklərin hərəkətinin daha da sadələşdirilməsi və Aktau limanında Azərbaycandan gələn malların gömrük prosedurları zamanı yaranan maneələrin aradan qaldırılması məsələləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müzakirələr Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 62-ci iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Rusiya Federasiyasının Yessentuki şəhərində bir sıra ikitərəfli görüşləri zamanı baş tutub.
DGK sədri Aydın Əliyev ilk olaraq Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşüb. Görüşdə kənd təsərrüfatı məhsullarının sərhəd-keçid məntəqəsindən daha sürətli keçidinin təmin edilməsi və iki ölkə arasında kadr hazırlığı məsələləri müzakirə edilib.
Görüşdə gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi, o cümlədən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” layihəsinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin növbəti görüşü MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında müşahidəçi qismində iştirak edən Slovakiya Respublikasının Maliyyə Administrasiyası rəhbərinin müavini xanım Miqer Dana ilə baş tutub. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Daha sonra DGK sədri Aydın Əliyev Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi sədrinin müavini Amrin Qosman ilə görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan arasında tranzit yüklərin hərəkətinin daha da sadələşdirilməsi və Aktau limanında Azərbaycandan gələn malların gömrük prosedurları zamanı yaranan maneələrin aradan qaldırılması məsələlərinə baxılıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin daha bir görüşü Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Regional Gömrük Xidmətinin rəhbərliyi ilə keçirilib. Görüşdə iki ölkə arasında keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələləri müzakirə edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Qazaxistan_arasinda_tranzit_yuklerin_hereketinin_sadelesdirilmesi_meseleleri_muzakire_olunub-910593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR