Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maliyyə naziri israfçılıq edənlərə sərt xəbərdarlıq etdi

Maliyyə naziri israfçılıq edənlərə sərt xəbərdarlıq etdi

Date: 12 December 2015 13:11

2016-cı ildə büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlər həyata keçiriləcək.

Bunu maliyyə naziri Samir Şərifov nazirlikdə 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən Kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əmək haqqı, sosial müavinətlər, pensiya, təqaüd, və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

Kollegiyanın sədri bildirib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb.

Samir Şərifov bildirib ki, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır.

Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib.

Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.

Tags:  Maliyyə naziri israfçılıq edənlərə sərt xəbərdarlıq etdi


RƏYLƏR


Top news