Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
14:38 12 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərin ehtiramla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün minlərlə insan səhər saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan Ulu Öndərin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz məhəbbətlərini ifadə ediblər.
Ən yeni tariximizin elə bir məqamı yoxdur ki, ulu öndərimiz Heydər Əliyevin adı, həyatı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlı olmasın. Dahi şəxsiyyət parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil və qüdrətli Azərbaycan dövlətini yaradıb, onun davamlı inkişaf yollarını müəyyənləşdirib. Bu gün müstəqil Azərbaycanın inkişafının hər bir zərrəsində dahi rəhbərin ideyaları yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt insan kimi həyatımı başa çatdıracağam”, - deyən Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaratdığı sosial-iqtisadi və siyasi baza Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın vahid ideologiya – vətən üçün yaşamaq, vətən üçün fəaliyyət göstərmək fəlsəfəsi ətrafında birləşməsində əsas hərəkətverici qüvvə olub.
Ümummilli Lider elə bir fenomen şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə, onun böyüklüyünü daha dərindən dərk edirik. Xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlayıb və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr edib. O, hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, onu zamanın ağır məngənəsindən xilas edib.
Dahi lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olub. Həmin dövrdə xalqımızın böyük oğlunun rəhbərliyi ilə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilib, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlib, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılıb, gələcək müstəqilliyin bünövrəsi qoyulub.
Ümummilli Liderimizin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb-fəaliyyət göstərdiyi dövr təkcə bu qədim diyarın deyil, bütün Azərbaycanın gələcək taleyində mühüm rol oynayıb. Naxçıvanın ağır günlər yaşadığı, blokada çətinliyinin və işğal təhlükəsinin getdikcə dərinləşdiyi bir vaxtda Ulu Öndərin birbaşa iştirakı və rəhbərliyi altında muxtar respublikada tarixi qərarlar qəbul edilib, müstəqil dövlətçilik ənənələri formalaşdırılıb.
1993-cü ildə Azərbaycanda xaos, vətəndaş müharibəsi alovlananda xalqımız Ümummilli Liderinə yenidən üz tutub, nicatını onun hakimiyyətə qayıdışında görüb. Görkəmli dövlət xadimi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitlik və hərtərəfli inkişaf yoluna çıxarıb. 1993-2003-cü illərdə vətənə və xalqına xidmət nümunəsi göstərən Ümummilli Liderimiz doğma Azərbaycanın davamlı inkişafını təmin edib, onu tərəqqiyə qovuşduraraq bütün dünyada tanıdıb.
Ümummilli Liderin irsi böyük bir xəzinədir. Bu irsi öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı naminə yararlanmaq isə öz vətənini və millətini sevən hər bir azərbaycanlının mənəvi borcudur. Çünki “Xalq mənim dayağım, gücüm və inamımdır”, - deyən Ulu Öndərin həyatının bütün məqamlarında əsas dayağı məhz qədirbilən xalqı olub. Dahi şəxsiyyət pak əməlləri, parlaq ideyaları, məqsədyönlü fəaliyyəti ilə hələ sağlığında xalqının Ümummilli Lideri adını qazanıb.
“Bizim ölkəmizin bu günü də, gələcəyi də müstəqil Azərbaycandır”, - deyən Ulu Öndərin şəxsiyyət olaraq böyüklüyü həm də əsasını qoyduğu siyasi xətti yeni dövrün tələblərinə uyğun davam etdirən qüdrətli lider və davamçı yetişdirməsindədir. Hər kəs bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, hər ötən il regionda və beynəlxalq aləmdə daha böyük iqtisadi və siyasi uğurlara imza atır. Bu gün xalqımız Ümummilli Liderinin şah əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu Öndərə dərin məhəbbətlərini onun ideyaları ətrafında sıx birləşməklə nümayiş etdirir.
Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə qovuşdurub. Muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, iqtisadiyyatın dinamik inkişafı, sosial proqramların icrası, enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Qazanılan bütün bu uğurlar, təbii ki, dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır”.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_umummilli_liderimiz_Heyder_Aliyevin_xatiresi_derin_ehtiramla_yad_edilib-910677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR