Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Övladı dənizdə boğulan məşhur klarnet ifaçısı – “Klarnetin Atası”

Övladı dənizdə boğulan məşhur klarnet ifaçısı – “Klarnetin Atası”

Date: 12 December 2015 14:54

 

“Onun haqqında böyüklərimdən - atamdan, əmimdən, dayımdan çox eşitmişəm. Hər dəfə el şənliklərini aparan musiqiçilərdən söhbət düşəndə böyük həvəslə adını çəkir, əvəzolunmaz ifası ilə könüllərə yol tapdığını deyirdilər. Onun lirik və şən ifaları dinləyicilərinin yaddaşında silinməz izlər buraxmışdı. Söhbət Azərbaycanın peşəkar klarnet ifaçılarından olan Ata Atakişiyevdən gedir.

 

 

İnternetdə «gəzişərkən» təsadüfən qarşıma Atanın 1990-cı ildə el şənliklərinin birində olan ifası çıxdı. Ecazkar ifa məni ovsunlamışdı, o. başqalarından çox seçilirdi. Bu sehr məni Ata Atakişiyevin musiqili dünyasına apardı və beləcə, böyük sənətkarın yaradıcılıq izinə düşdüm.

 

1954-cü ilin dekabrın 14-də Bakının “Sovetski” kimi tanınan məhəlləsində Cahangir kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açır. Cahangir kişi uşağa öz atasının adını qoyur – Baba. Atasının adını qoyduğu üçün balaca Babanı “Ata” deyə çağırmağa başlayırlar. Və beləcə kiçikdən tutmuş böyüyə qədər hamı onu Ata kimi tanıyır.

 

Kiçik yaşlarından musiqiyə olan həvəsi Atanın yolunu 12 nömrəli musiqi məktəbindən salır, 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. Eyni zamanda böyük sənətkar Həsən Məhərrəmovdan fərdi qaydada klarnet ifaçılığının incəliklərini, xüsusilə də Azərbaycan muğamlarını öyrənir. Bəlkə də Həsən müəllimdən fərdi dərs alan çox olub, amma onların arasında iki nəfərin adı xüsusilə çəkilir - Əşrəf Əşrəfzadə və Ata Atakişiyev. Hər iki klarnet ifaçısının öz dəsti-xətti olub, hər ikisi həyatla erkən vidalaşıb - tez parlayıb vaxtsız sönüblər.

 

Ata çox keçmədən məşhur klarnet ifaçısına çevrilir. O, artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı.

 

Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış. Hətta, toy sahibləri öz dəvətnamələrinin üzərinə “Klarnet ustası Atanın iştirakı ilə” qeydini yazdırardı.

 

Ata artıq sənətin "atası", klarneti isə onun “övladı” idi. O, “övladını” hər dəfə dilləndirdikcə, ona nəfəs verə-verə dil açmağı öyrədirdi. Ali musiqi təhsili olmasa da, Allahın ona bəxş etdiyi istedadın nəticəsi olaraq hər zaman dinləyicilərinə əsl sənət, əsl musiqi zövqü yaşada bilirdi.

 

Sənətinin zirvəsini fəth etdiyi bir dövrdə - 1975-ci ildə ailə həyatı quran Atanın toyunda dövrün populyar musiqiçilərinin demək olar ki, hamısı iştirak edirdi. 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır.

 

Amma Atanın uğurlarına qısqanclıqla yanaşanlar da tapılır və bu, onun həyatının sonrakı mərhələlərində müəyyən çətinliklər yaradır.  Bir müddət cəmiyyətdən və sənətindən uzaq düşməli olur... Həyatın onun üçün hazırladığı "sürprizlər" bununla bitmirdi, dəniz onun böyük oğlunu əlindən alır. İlkin çimərlikdə boğulur. Övlad itkisi Atanı dərindən sarsıdır, dünyasını alt-üst edir.

 

Oğlu Cahangirin sözlərinə görə, qardaşının ölümündən sonra atasının əlinə klarnet götürməsinin şahidi olmayıb: “Bir gün dərsdən evə gəlirdim. Atam evdə tək idi. Qapıya yaxınlaşanda klarnetin səsini eşitdim. Qapını da gec açdığına görə, elə hiss elədim ki, klarneti astadan ifa edirmiş”. Bu kövrək səs bir atanın həyatdan vaxtsız köçmüş övladına musiqili epitafiyası, klarnetin “atası”nın musiqi dünyası ilə son vida notları olur. Ata Atakişiyev oğlu İlkinin ölümündən bir il sonra - 1997-ci il sentyabr ayının 29-da, 43 yaşında dünyasını dəyişir.  

 

Ata haqqında xatirələrini bölüşən klarnet ifaçısı Hacı Həmidoğlu deyir ki,  "uşaqlıq və gənclik illərimiz onunla bir yerdə keçmişdi. Onun toyu bir kino lenti kimi gözümün önündən gəlib keçir. Konsert salonunu xatırladırdı - Əlibaba Məmmədov, Raci Şükürov, Məmmədbağır Bağırzadə, Rəmiş, Aftandil İsrafilov, Firuz Eyvazov ifa edirdi”.

 

- Övlad itkisi böyük sənətkara çox pis təsir etmişdi. Sonuncu dəfə 1996-cı ildə İlkin dünyasını dəyişməmişdən AzTV-yə getdik. Ata bir neçə oyun havası və bəstəkar mahnıları ifadə etdi. Hazırda həmin ifalar “Qızıl fond”da saxlanılır.

 

Atanın el şənliklərinə getmək üçün yaratmış olduğu ansamblının üzvü, nağara ifaçısı Sahib Bünyadzadə də xatirələrini bizimlə bölüşür. Ata ilə qonşu olublar. Deyir bir gün Ataya toyda “komplekt” (musiqi çələngi)  sifariş verilir. Onun ifa etdiyi komplektlər adətən 40-45 dəqiqə çəkərdi: “Həmin toyda müəllimim, mərhum nağara ifaçısı Çingiz Mehdiyev də iştirak edirdi. Ata mənə baxıb dedi ki, komplekt çalmağı bacarırsansa, bəlkə müəllimini sən əvəz edəsən? Etiraz eləməyib ustadımdan izin alıb başladıq. Çox yaxşı alındı. Toy iştirakçıları da çox bəyəndi. Həmin çalğıdan sonra artıq Ata ilə məclislərdə iştirak etməyim və dostluğum başladı. Dəfələrlə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə səfərlər etdik. Atanın toy sifarişlərinin ardı-arası kəsilmirdi. Hətta elə vaxtlar olurdu ki, bu ildən gələn ilə də toy sifarişlərimiz olurdu. Atanı öz toyunda görmək istəyənlər toy gününü onun boş vaxtı ilə təyin edirdilər”.

 

Tanınmış müğənni Cavanşir Məmmədovun da Ata ilə tanışlığı 70-ci illərin əvvəllərindən başlayıb. “Mən qarmon ifaçısı olduğum dövrdə Atanın ansamblında el şənliklərinə gedirdim. Adam var ki, ana bətnindən ağsaqqal kimi doğulur, adam da var ki, yaşlandıqdan sonra saqqalı ağarır deyə, onu ağsaqqal kimi tanıyırlar. Ata isə ağsaqqal kimi dünyaya göz açmışdı”, - deyir  Cavanşir Məmmədov.   

 

- Atanın bütün ifaları anşlaqa səbəb olurdu. Biləndə ki, Yasamalda toyların birində Ata olacaq, toya dəvət almayanlar da nəmərini yazdırıb, yeyib-içdikdən sonra əyləşib Atanın ifasına qulaq asırdı. Toyda oxuyandan çox Atanın ifasını dinləyirdilər. O, klarneti dilləndirən kimi pulu yağış kimi başına səpirdilər. O, mənim üçün çox böyük arxa, dayaq idi. Çox etibarlı dost olub.

 

Cavanşir Məmmədov bir hadisə də danışır: “Atanın ölümündən bir neçə il əvvəl bir nəfərlə münaqişəm yaranmışdı. Həmin ərəfədə mən Tovuza toya getməli idim. Ataya dedim ki, ola bilər, həmin adamlar gəlsinlər, evdəkilərdən muğayat olarsan. Səhərə yaxın mən evə qayıdanda yaşadığım binanın qarşısında Atanın maşınını gördüm. Demə, mən şəhərdə olmadığım vaxt, o, gecəni də bizim binanın qarşısında keçirib. Rəhmətlik dedi, Cavan, gələn olsaydı, yalnız mənim meyitimin üstündən keçib evə gedə bilərdi... “.

 

Ölümündən uzun müddət keçməsinə baxmayaraq, Ata Atakişiyevi yalnız xoş sözlər anmaq mümkündürsə, deməli dişi ilə, dırnağı ilə zirvəsinə ucaldığı sənəti onu bu gün də yaşadır. Bilmirəm, o, öz taleyinə hansı havanı həsr edərdi, bəlkə barmaqlarını “Bayatı kürd” üçün, “Humayun” üçün gəzdirərdi... Yanıqlı havalar onun ən sevimli havaları idi...

 

 











Tags:  Övladı dənizdə boğulan məşhur klarnet ifaçısı Klarnetin Atası

RƏYLƏR


Top news