Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qucağa alınan baş nazirin Bakıdakı "əkiz"ləri

Qucağa alınan baş nazirin Bakıdakı "əkiz"ləri

Date: 12 December 2015 14:57

"Camaat orada qırılır, burada isə 6 deputat yatır. Hələ deyirlər ki, niyə çəkirsən?! Bəsdirin!" (Çingiz Mustafayev, 1991-ci il)

Konfusianlığın məhvər prinsiplərindən biri hakimiyyət dəyişiklikləri və siyasi burulğanlar zamanı insanların davranışlarının tənzimlənməsidir. Qədim Çində dualardan biri elə bu səbəbdən "Tanrı bizi hakimiyyət dəyişikliyindən qorusun!" idi.
Çinlilərin bu ifadəsində "Səmaaltı İmperiya"nın minillərin təcrübəsindən qaynaqlanan müdriklik var. Çünki istənilən ölkədə hakimiyyət üsyan, qiyam, kütləvi narazılıqlar və ya kənardan birbaşa təsir nəticəsində dəyişəndə zirvəyə həmişə siyasət qavroşları, lümpenlər, küçə siyasəti taktikasından imtina edərək təkamülə başlaya bilməyən "tin uşaqları" dırmaşırlar.
Azərbaycanda da belə dövr yaşandı, getdi. Amma dövr getsə də, o dövrün "qəhrəman"ları siyasi sonlarının çatdıqlarını hələ anlamırlar.

"Allah sizə rəhmət eləsin, ölülər!"

ABŞ-da indi ən populyar teleseriallardan biri "The Walking Dead"in süjeti, sanki, indi Azərbaycanın müxalifət düşərgəsində gerçəkləşir.

Yox, düşünmürəm ki, Robert Kirkman, Toni Mur və Çarli Adlardın komiksləri əsasında çəkilmiş teleserialda bizim "müxalifət lider"lərindən nə zamansa bəhs oluna bilər.
Amma kompilyasiyaları bir kənara qoysaq, müxalifətimizdə özlərini "aktiv siyasətçi, perspektivli lider" və ilaxır kimi qələmə verməyə çalışanlar, əslində, elə yeriyən ölülərdir. Onların siyasi ölümü onillər əvvəl, Azərbğaycan Xalq Cəbhəsi hakimiyyətdə olanda, sonra o hakimiyyəti Yevlaxda baş qaldıran Sürət Hüseynovun qiyamından qoruya bilməyəndə məhv olmuşdu.
Xatırladım: o vaxtlar İsa Qəmbər parlamentin spikeri idi, Rəhim Qazıyev müdafiə naziri, başqaları da müxtəlif postların sahibləri idi.

Həmin dövrdə ölkə parlamentindəki debatları, müzakirələri, mübahisələri və davaları unutmamışam.
Canlı şahidi olmuşam çünki.
Hacı Əbdülün "cəbhəçi" həmkarına "Ala, söbətün varsa, burada diginən - orda-burda latayır danışma" söyləməsi, sonra da hirslənərək "Ala, bu gicdü ki..." qışqırmasını unutmamışam.
İsa Qəmbərin "Etibar Məmmədov, bu xalqı vətəndaş müharibəsinə, qardaş qırğınına aparanlardan biri də sizsiniz" sözlərinə "Səsini kəs!" cavabını alması da xatirimdədir.
Nemət Pənahlının tribunadan "Adam kommunist də olar, cəbhəçi də olar, əqidəsi fərqli də olar - amma adamların bu qədər şərəfsiz, ləyaqətsiz, simasız olduğunu burada gördüm" deməsindən sonra susan, gözlərini döyən bir neçə deputatın sükutun da izləmişdim.
İclas başa çatanda həmin deputatlardan sükutlarının səbəbini soruşmuşdum, aldığım cavab çox qəribə olmuşdu: "A bəy, fikir verməyin, Nemətdi də, boş-boş danışır, kimdir onu ciddi adam sayan".
1992-ci ilin mart-may aylarında müdafiə naziri olmuş Tahir Əliyevə Ağdərə və Şuşadakı əməliyyatlarla bağlı sual verəndə onun "Gedin, işinizlə məşğul olun!" sözlərinə sinirlənən iki deputat xalq üçün özlərini asmağa hazır olduqlarını da demişdilər.

Savad və mədəniyyətləri şübhəli, intellektləri kasad insanlar o vaxtlar Meydana bel bağlayaraq meydan sulayırdılar. Fəqət, o su tez qurudu - belələrinin perspektivləri və ümidləri təki.
Azərbaycan parlamenti o zamanlar çox geniş sosial bazaya malik olduğunu düşünən və bu illüziyaya qapılaraq uydurduqları xəyallar aləmində yaşayanların da "fəaliyyət" məkanı idi.
Parlamentdə iclaslar zamanı dalaşan kim, söyüşən kim, oturduğu kresloya yayxanıb xoruldayan kim, çayxanada hesabı kimin verəcəyini müzakirə edən kim.
Ölkəmizin parlamentinin o heyətindəki fiqurları yaxşı tanıdığımdan indi elə həmin adamların siyasətdən, geosiyasətdən, strategiyadan, taktikadan, beynəlxalq münasibətlərdən danışdıqlarını görəndə təəccüblənmirəm.
Çünki Nemət Pənahlı haqlı idi: bu adamların saysız simaları, çoxlu maskaları var və hər situasiyaya uyğunlaşmağa, mimikriya etməyə çalışırlar.

Təki onlara yaxşı olsun, övladi-vətənsə getsin öz işinə

Və bu gün bir daha əmin oluram ki, Azərbaycanın AXC hakimiyyətindən, o "iqtidar"ın siyasətin ən üst səviyyəsinə çıxardığı, hakimiyyətdə vəzifələr payladığı insanlardan qurtulması, əslində, ulusun, dövlətin, xalqın qurtuluşu idi.
Gənclərdən fərqli olaraq, bizlər o illəri yaşamışıq.
İdman müəlliminin rayn icra hakimiyyəti başçısına təyinatı, Bakıda çörək növbələri probleminin həlli üçün kosmetoloq qadının "fövqəladə səlahiyyətli məmur"a çevrilməsini, naziri yaxşı massaj etdiyinə görə polkovnik rütbəsinə layiq görülənin elə əsgərlərdə necə nifrət yaratdığını, daxili işlər nazirinin rayona yollanıb orada milis rəisinin başına qapaz endirməsini da gördük.
Gördüyümüz üçün də həmin anarxiyanı, sözdə hakimiyyətin real hakimiyyətsizliyinin cəfasını çəkən bizlər, səfasını görənlər isə indi özlərini "millət cəfakeşləri" kimi cəmiyyətə sırımağa çalışan kloşarlar, siyasət lümpenləri oldu.

"Mən elə bilirdim sənsiz ölərəm..."

Şuşa işğal olunanda və ermənilərin əlinə keçəndə həmin dönəmdə müdafiə naziri postunda olan Rəhim Qazıyevin vədinə əməl edib-etməyəcəyi müzakirə mövzusuna çevrilmişdi.
Çünki işğaldan əvvəl, ermənilərin Şuşanı üzük qaşı kimi mühasirəyə aldıqları zamanda Ağdamda kazarmalardan birində əsgərlərin qarşısında həmişəki kimi, poza alıb çıxış edən Rəhim Qazıyev demişdi: "Şuşa alınsa, başıma güllə çaxaram!"
Şuşa alındı, amma Rəhim Qazıyev gülləni çaxmadı. Əksinə, işğalda başqalarını suçlayaraq onların başına güllə çaxacağını dedi.
Bu da olmadı.

Rəhim Qazıyevin intihar vədi onun romantik açıqlamalarından biri, müdafiə nazirinin samuray kimi davranaraq ləyaqət və şərəfinə ləkə hesab etdiyi olay baş verərsə, "seppuku"ya əl atacağı anonsu da sayıla bilərdi.
Di gəl, Qazıyev özünü samuray kimi göstərməyə çalışsa da, onun "Busido"dan xəbəri yoxdu və bilmirdi ki, samuraylığın ilk mərhələsi vədlərə əməl etmək, ölümdən qorxmamaq və eyni zamanda, sənə inanan insanların inamıdan sui-istifadə etməməkdir.
Təbii, kimsə o dönəmdə cənab Qazıyevin intiharını istəmirdi. O isə fiziki olmasa da, mənəvi intihar etdi. Bunu etiraf etməsə də, indi hər vəchlə həmin hadisələrdə başqalarını suçlamağa çalışsa da.

Qaçmayacam, getməyəcəm deyirdi...

"Srağagün Xocalı bizdə olmalıydı. 4 kəndi almışdıq. Amma hərəsi bir keçinin qulağından tutub.. Vicdansız, bişərəf, biqeyrət, binamus insanlar mövqeləri qoyub qaçıblar. Boş yerdə qısa müddətdə nizami ordu yaratmaq olmaz. Qələbəyə ümidim azalmayıb. Amma xalq siyasi alverçilərin qarşısını alsın. Heç vaxt, heç yerə qaçmayacam. Heç vaxt heç kimdən gizlənməmişəm".

Bunu müdafiə naziri olduğu vaxtda başında qaragül papaq müsahibə vermiş Rəhim Qazıyev demişdi.
Həmin Qazıyev ki, 2011-ci ildə "Azadlıq Radiosu"na müsahibəsində ""Mən deməmişəm ki, Şuşa getsə, başıma güllə vuracağam" söyləyəcəkdi.
Həmin Qazıyev ki, 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından sabiq müavini Baba Nəzərli, "Laçın" alayının komandiri Arif Paşa və separatçı "Talış Muğan Respublikası"ın yaradıcısı Əlikram Hümbətovla birlikdə qaçacaqdı.
Və iki il sonra, aprelin 14-də Moskvada tutulacaqdı.

Süpürlənən "Dovşan", yoxsa təhqir olunan "simvol"?

Ukrayna Ali Radasında yenə dava düşüb. İclas zamanı partiyaların nümayəndələri arasında yaranmış mübahisə əlbəyaxa davaya keçib.

Anspress-in məlumatına görə, qarşıdurma baş nazirin franksiya üzvlərindən ibarət "Xalq Cəbhəsi" partiyası ilə "Pyotr Poroşenko Bloku" arasında olub.

Parlament iclasında baş nazir Arseniy Yatsenyukun çıxışı zamanı deputatlar arasında anlaşılmazlıq yaşanıb.

İki partiya arasında toqquşmaya səbəb baş nazirin sözləri olub. Belə ki, nazir hökumətin koalisiyanın yaradılması nəticəsində formalaşdırıldığını qeyd edib. Buna görə də, blok öz nazirlərinin çıxışlarına görə xüsusilə energetika və kömür sənayesi naziri Vladimir Demçişinin çıxışına görə məsuliyyət daşıyır. Bu, davanın ilk qığılcımı olub.
Bu sözlərdən xoşu gəlməyən deputatlar səs-küy salıblar.
"Pyotr Poroşenko Bloku"ndan deputat Oleq Barna yerindən durub, əlində qara lentlə bağlanmış bir dəstə qızılgül ilə tribunaya yaxınlaşıb. Onu vurub və baş naziri qucağına alaraq tribunadan uzaqlaşdırmağa çalışıb. Baş nazirin tərəfdaşları ona mane olmağa çalışıblar. Nəticədə dava başlayıb.

Bundan sonra Poroşenko blokunun lideri deputatlardan və baş nazirdən üzr istəyib. Davaya baxmayaraq Yasenyuk Nazirlər Kabinetinin hesabını dinləməyi təklif edib.
Bənzər hallar Ukrayna parlamentində tez-tez yaşanır, deputatlar əlbəyaxa davaya çıxırlar.
Ukrayna hökuməti baş verənləri "ölkənin simvoluna qarşı vəhşilik" adlandırıb: "Bu olayı dövlətə qarşı vəhşilik sayırıq. Hökumət başçısı institutu da bu dövlətin simvollarından biridir. Üstəlik, baş verənlər beynəlxalq nüfuzumuza da zərbədir".
Arseniy Yasenyuku "Ukryanın simvolu" sayan hökumətdən fərqli olaraq, Ukrayna mediası və sosial şəbəkələr Ali Radada əlində qızılgül dəstəsi süpürlənən baş naziri ələ salıblar.
Beləcə, Yasenyukun ölkədə, onsuz da, çox aşağı səviyyədə olan nüfuzu daha da geriləyib.
Hər halda baş nazir nüfuzlu, sayğı bəslənən dövlət xadimi, yüksək rütbəli məmur olsaydı, ukryanalılar onu "Dovşan" adlandırmazdılar.
Sosial şəbəkələrdə A.Yasenyuk "Vinni Pux və hamı, hamı" cizgi filmindəki dovşana bənzədilir.
Səbəb baş nazirin siyasi səbatsızlığı, ən önəmli anlarda geri çəkilməyə meylli olması, mənsub olduğu siyasi qüvvəni daim düşünülməmiş qərarlar və "meydan oxumalar"la çətin vəziyyətdə qoyması, siyasi opponentləri ilə mübahisələrdə dairm uduzmasıdır.

A.Yasenyuk Ukraynada populist siyasətçi, demaqogiyaya meylli adam kimi tanınır. 
O da vurğulanır ki, A.Yasenyuk və onun tərəfdaşları Ukraynanın düşdüyü ağır vəziyyətə görə birbaşa məsuliyyət daşıyırlar.

Rənglərini dəyişənlərin faicəsi

2005-ci ildə Azərbaycanda parlament seçkiləri keçirləndə radikal müxalifət narıncı rəngə boyanmışdı. İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Sərdar Cəlaloğlu və həmin "çapda"kı digər siyasətçilərin geyimlərində mütləq şəkildə narıncı rəng yer alırdı.
AXCP sədri isə ümumiyyətlə, narıncı qalstukla gəzirdi.
Müxalifətçilərin fikrincə, ABŞ və Avropa Birliyi Ukraynadan sonra Azərbaycanda "narıncı inqilab" ssenarisini gerçəkləşdirəcəkdi.
Həmin dönəmlərdə "Qələbə" kinoteatrının qarşısındakı meydandakı mitinqlərdə müxalifətçilər ABŞ prezidenti Corc Buşun portretlərini də tuturdular.
Ümidlərinin Qərbə olduğunu göstərmək üçün.
Alınmadı və "narıncı inqilab" Azərbaycanda heç limon rəngli prosesə də səbəb olmadı.
Sonra Yaxın Şərq və Şimali Afrika ölkələrində "ərəb baharı" prosesi başlandı.
Narıncı atributika unuduldu, "yaşıl inqilab" simvolları seçildi.

Bakıdakı Fəvvarələr Meydanına çıxıb "Rədd olsun diktatorlar!" bağıran müxalifətçilərin əllərində tutduqları Müəmmər Qəzzafi və Hüsnü Mübarək portretlərinə şəhər sakinləri təəccüblə baxırdılar.
Çünki bu siyasi təlxəklərin, ölkə siyasətinin ucqar əyalətində olanların nə istədikləri, kimi nə üçün pislədiklərini anlamaq çox çətindi və Fəvvarələr Meydanındakı "yürüş" adlı klounada, sadəcə, fləş-mob, əyləncə təsiri bağışladı.
Bir qədər keçdi, elə həmin fiqular "Avrointeqrasiya etməliyik, Avropa Birliyinin tələblərini yerinə yetirməliyik!" deyərək yeni aksiyalara, qəzet və saytlarında kampaniyaya başladılar. Bu dəfə seçilmiş rəng mavi idi.
İndisə ölkə müxalifəti tam deqradasiyada, tənəzzüldədir. İfadəm sərt təsir bağışlaya bilər, amma məhz belədir. Əvvəl narıncı, sonra yaşıl, daha sonra mavi rəng alanlar Nardarandakı olaylardan sonra İmam Hüseyn barədə yazdılar, danışdılar, Yezid ibn Müaviyəni xatırladılar, yaşıl və qara bayraqların vacibliyindən bəhs etdilər.

Əbülfəz Elçibəyin prezident olduğu zaman turançılıq, sonradan demokratiya, Sorosun pullarının hesabına dolandıqları zaman açıq cəmiyyət və transparentlik, bu da alınmayanda siyasi İslamdan danışanlar, yön və istiqamətlərini flüger kimi sürətlə dəyişənlərin indi Nardarandakı radikal islamçılara, din pərdəsi altında ekstremizmlə məşğul olanlara qahmar çıxmaları acınacaqlı təsir bağışlayır. Belə müxalifətə yalnız təəssüf etmək olar.
Ukraynanın baş naziri Arseni Yasenyuk bir siyasətçi kimi nə qədər diletantdırsa, onun Azərbaycandakı "əkiz"ləri, davranış modulyasiyası və əqidə "gigiyenası" baxımından maraqlı tədqiqat obyekti sayıla biləcək fərdlər yenə fəallışdıqlarını göstərmək istəyirlər.
Bir zamanlar ölkə parlamentində mürgü vuran, dava salan, merkantil maraqlarını dövlət mənafeyi kimi təqdim etməyə can atanlar, siyasəti az qala şapitoya döndərənlər sakitləşməyiblər.
Onlar daxili siyasət arenasında var-gəl edirlər.
Və bu dəm nədənsə "The Walking Dead" yada düşür.

Elçin Alıoğlu
Milli.Az


Tags:  Qucağa alınan baş nazirin Bakıdakı əkizləri

RƏYLƏR


Top news