Stokholmda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Stokholmda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
15:13 12 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 12 dekabr, AZƏRTAC
Stokholmda fəaliyyət göstərən Fittja məscidində Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın və Türkiyənin İsveçdəki səfirliklərinin əməkdaşları, ictimaiyyətin və KİV-in təmsilçiləri də iştirak ediblər.
Mərasimdə çıxış edən Fittja məscidinin imamı Cihad Kulay 12 il əvvəl bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfat etdiyini bildirərək bugünkü cümə namazının və ediləcək duaların Ulu Öndərin ruhuna ithaf olunacağını söyləyib.
Sonra Quran ayələri oxunub.
Daha sonra Türkiyənin İsveçdəki səfirliyinin Diyanət İşləri üzrə müşaviri Fatih Mehmet Karaca çıxış edərək ulu öndər Heydər Əliyevin hər bir mənada türk dünyası tarixində böyük şəxsiyyətlərdən biri olduğunu qeyd edib. O deyib ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qardaş Azərbaycan regionun güclü dövlətinə çevrilib. Fatih Mehmet Karaca Ulu Öndərin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamını xatırladaraq bunun Heydər Əliyevin bütün türk dünyasına verdiyi əhəmiyyətin bariz göstəricisi olduğunu bildirib.
Sonra Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov çıxış edib. O deyib: “Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onlar xalqın ağır günündə meydana çıxaraq həqiqi bir liderə çevrilir, özünün zəkası və potensialı ilə millətin bütün problemlərini öz üzərinə götürür və xalqını qaranlıqdan işığa çıxararaq xoşbəxt bir dünyaya qovuşdurur. Heydər Əliyev məhz belə bir tarixi şəxsiyyət və belə bir lider idi”. Səfir müasir Azərbaycan dövlətçiliyinin banisi kimi Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Azərbaycanda tolerant bir mühitin formalaşmasında misilsiz xidmətləri olan Ulu Öndərin ölkəmizi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hamının bərabər və xoşbəxt yaşaya biləcəyi bir məmləkətə çevirdiyini bildirən səfir müasir Azərbaycanın dünyanın çox dövlətləri üçün nümunə ola biləcəyini vurğulayıb. Ulu Öndərin Azərbaycan xalqının milli mənəvi dəyərlərinə önəm verdiyini bildirən səfir 1990-cı illərdə onun müqəddəs Kəbə Evini ziyarət etməklə bir müsəlman kimi islami dəyərlərə də nə qədər önəm verdiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Ulu Öndərin ruhuna dualar oxunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stokholmda_ulu_onder_Heyder_Aliyevin_xatiresine_hesr_olunan_anim_merasimi_kechirilib-910689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR