"Heydər Əliyev çalışdığı bütün vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünüb"

"Heydər Əliyev çalışdığı bütün vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünüb"
15:32 12 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev bütün varlığı ilə Vətəninə, torpağına, xalqına bağlı insan, əsl dövlətçi idi. Ömrü boyu çalışdığı bütün sahələrdə və vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünüb, konkret əməli işlər görüb.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

O qeyd edib ki, sovet hakimiyyəti illərində bütün proseslər "mərkəz"in əli və razılığı ilə həyata keçirilirdi: "Ulu öndər Heydər Əliyev şəxsi nüfuzundan və inandırma qabiliyyətindən istifadə edərək respublika üçün faydalı layihələrin Moskvadan gətirilərək gerçəkləşdirilməsinə nail olurdu".

B.Sadıqov vurğulayıb ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçiləndə ölkə geridə qalmış, tanınmamış aqrar respublika idi. Kənd təsərrüfatında məhsuldarlıq olduqca aşağı düşmüş, neft sənayesi tənəzzülə uğramışdı. Xalqın yaşayış səviyyəsi isə heç də ürəkaçan deyildi: "Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü. İlkin olaraq Azərbaycan xalqını səfərbərliyə almağı, insanlarda ruh yüksəkliyi və gələcəyə inam yaratmağı bacardı. Neft sənayesinin böhrandan çıxarılmasına və bu sahəyə əsaslı dövlət vəsaiti qoyulmasına, neft-kimya və neft-maşınqayırma sahələrinin inkişafına nail oldu. Kənd təsərrüfatında dönüş və dirçəliş yaratdı, məhsuldarlığın və məhsul istehsalının sürətli inkişafını təmin etdi. Ölkədə elmin və təhsilin yüksəlməsinə böyük diqqət yetirildi, yeni ali məktəblər açıldı və beləliklə, Azərbaycan keçmiş ittifaqın ən tanınmış və inkişaf etmiş respublikalarından birinə çevrildi".

Millət vəkili deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycandan kənar düşməsi respublika üçün də ağır fəsadlar törətdi: "20 Yanvar faciəsi baş verdi, imperiyasevər qüvvələr Azərbaycanın itaət boyunduruğunda saxlanılmasından ötrü "Qarabağ problemi" adlı məkrli planın həyata keçirilməsinə başladılar, Qarabağ torpaqları kəndbəkənd, şəhərbəşəhər işğala məruz qaldı, Xocalı, Qaradağlı, Bağanis-Ayrım və digər soyqırımılar törədildi. Azərbaycanın artıq bir dövlət kimi mövcudluğu sual altında idi, o, keçmişdəki kimi xırda xanlıqlara parçalanma, dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmışdı".

B.Sadıqov bildirib ki, bu məqamda Azərbaycan xalqı öz müdrik qərarını bildirdi, sadiq və sınanmış oğlunu yenidən ölkə rəhbərliyinə dəvət etdi: "Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı qurtuluş missiyasının başlanmasının, Azərbaycanın müstəqilliyinin dönməzliyə və əbədiliyə çevrilməsinin, dünya birliyinin bərabərhüquqlu üzvləri sırasına inteqrasiyasının startına çevrildi. Heydər Əliyev eyni vaxtda bir neçə problemlə məşğul olaraq onların uğurlu həllini təmin edə bildi, silahlı dəstələr üzərinə əliyalın gedərək onları zəkasının gücü ilə zərərsizləşdirməyi bacardı, ölkədə möhkəm və dönməz sabitlik yaratdı".

Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı, Azərbaycan Avropa Şurasına üzv seçildi: "Bütün bunları ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən doğan tərcümeyi-halıdır. Bütün bunlar həm də müstəqil və müasir Azərbaycanın yeni tarixidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR