Şamama Əliyeva: “Heydər Əliyevin sözləri mənim üçün hər zaman dəyərlidir”

Şamama Əliyeva: “Heydər Əliyevin sözləri mənim üçün hər zaman dəyərlidir”
15:43 12 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mən ulu öndər Heydər Əliyevin dayaq olduğu, kömək etdiyi, əməyini qiymətləndirdiyi sadə kənd adamlarından biriyəm. Bu dahi insan yaddaşımda hər şeydən əvvəl öz sadəliyi, mehribanlığı ilə qalıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ulu Öndərlə bağlı xatirələrini bölüşən Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şamama Əliyeva deyib.
Ş.Əliyeva bildirib ki, bütün şüurlu həyatını əməyə, zəhmətə həsr edib. Ötən əsrin 60-cı illərinin sonlarında Heydər Əliyev hakimiyyətə gələndən sonra tez-tez respublikanın rayonlarına gedir, yerlərdə əmək adamları ilə görüşür, dəyərli məsləhətlərini verirdi: “Böyük öndər hər görüşündə kənd adamlarının yaşayışı, vəziyyəti ilə maraqlanır, qayğılarını bölüşürdü. Mənim də qabaqcıl bir zəhmət adamı kimi Ulu Öndərimizlə çoxsaylı görüşlərim olub. O görüşlərin hamısı yaxşı yadımdadır və həyatımın ən qiymətli, dəyərli xatirələridir”.
SSRİ dövründə işlədiyi “Kommunist” kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən Ş.Əliyeva Moskvada Sov.İKP-nin qurultayında Ulu Öndərlə görüşünü xatırlayaraq deyib: “Həmin görüşdə əməyimə verilən qiymətə görə ona minnətdarlığımı bildirəndə Heydər Əliyev mənimlə razılaşmadı, qazandıqlarımın ancaq öz zəhmətimin nəticəsi olduğunu dedi. Onun bu sözləri mənim üçün hər zaman dəyərlidir. Heydər Əliyev sadə kənd adamına verdiyi bu qiymətlə bir daha özünün böyüklüyünü sübut etmiş oldu”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samama_Aliyeva_Heyder_Aliyevin_sozleri_menim_uchun_her_zaman_deyerlidir-910702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR