Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib

Date: 12 December 2015 16:33


Astana, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyi L.Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetində, Heydər Əliyev adına Mərkəzdə Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi keçirib. Tədbirdə səfirliyin əməkdaşları, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Səfirliyin konsulu Şahin Əhmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin inkişaf etməsində böyük xidmətləri olduğunu deyib. O, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırmaq istiqamətində mühüm işlər gördüyünü, dövlət çevrilişi cəhdlərinin qarşısını aldığını, əmin-amanlığa yol açdığını söyləyib. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz həm regionda, həm də dünyada öz gücünü göstərir.
Azərbaycanın qüdrətli dövlət kimi tanınmasında Heydər Əliyevin böyük rolunun olduğunu vurğulayan Qazaxıstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov deyib ki, Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. O, məhz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəy olduqlarını deyib.
Digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər böyük şəxsiyyət olaraq təkcə Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğu üçün zəruri əsaslar formalaşdırmaqla kifayətlənməyib, həmçinin bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi kursun davamlılığını bütün sahələrdə təmin edəcək lider yetişdirib.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər və “Əbədi zirvə” sənədli filmi nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana



Tags:  Heydər Əliyev öz siyasi dühası Azərbaycanın müasir simasını müəyyənləşdirib


RƏYLƏR


Top news