Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qocalmaq, yoxsa qoca kaftar olmaq? - Orxan Bahadırsoy

Qocalmaq, yoxsa qoca kaftar olmaq? - Orxan Bahadırsoy

Date: 12 December 2015 17:01

Bu məmləkətin hər tərəfində gəncləri söyən, pozğun hesab edən, subay qızların evə saat neçədə gəlməsini güdən, bayağı şou verilişlərinin auditoriyasında artistləri alqışlayıb, kənarda onlara əxlaqsız, mütrif deyən, gəlinlərin gərdək gecəsindəki bəkarət qanını görmək üçün gözləri bərələn, içindəki bütün fitnəbazlığı, qeybətcilliyi görünüşünə yansımış eybəcər, kifir qoca kaftarlar var.

Bu qocaların təhsilsiz, savadsız, ziyasız olanlarını anlmaq elə də çətin deyil. Çünki ziyasız gənc də həmin qocadan fərqlənmir. Amma onların içində təhsil görmüş, müəyyən vəzifələrdə çalışmış qocalar da var. Demək ki, bu qocaların aldığı təhsil də, oxuyub öyrəndikləri də özləri kimi zay, yararsız, hətta ziyanverici olub.

Dövrü keçmiş, yaşı ötmüş, artıq sadəcə qəhvə içib qəzet-kitab oxumalı yaşda olan biri niyə öz vaxtını gəncləri söyməyə sərf etsin ki? Niyə avtobuslarda yer davası döyüb, bloklarda kimin evə saat neçədə gəldiyini güdsün ki? Axı bununla onların təqaüdləri də artmır.

Bu qoca kaftarlar istəyirlər ki, özlərindən sonrakı bütün nəsillər onlar kimi bədbəxt olsun. Bəli, bədbəxt! Çünki özləri bədbəxtdirlər! Onlar nə doğru-düzgün gənclik yaşamış, nə fərli-başlı yetkinlik görmüşlər! Onların həyatının bütün marağı, macərası toy gecəsindən ibarət olub. Onlar bütün ömürləri boyu özlərini namuslu, əxlaqlı, ləyaqətli hesab ediblər. Bilirsiz niyə? Ona görə ki, qadınları toy gecəsi bakirə çıxıb, kişiləri də bu bakirə çıxmış qadınlara sahibdirlər. Məhz buna görə. Onların bütün namusu, əxlaqı, ləyaqəti də bundan ibarətdir. Başqa heç nədən...

Məhz buna görə də anlamırlar ki, gənclərlə yer davası döymək, onların geyimlərinə, həyat tərzlərinə, şəxsi arzu və istəklərinə sözün əsl mənasında sataşmaq ən böyük namussuzluq, əxlaqsızlıq və ləyaqətsizlikdir. Toy gecələrində “uğurlu” olmayıb, bunları etməsəydilər, daha əxlaqlı, namuslu, ləyaqətli, üstəlik nəzakətli, zərif, mədəni, müdrik yaşlılar olacaqdılar. Bəli, yaşlılar. Qocalar yox. Qoca kaftarlar isə, heç yox!

Bu qocaların yaşlılıqdan kaftarlığa keçməsinin böyük səbəbləri var. Siz heç bizim ölkədə əri öləndən sonra ərə gedən altmış yaşlı bir qadın gördünüzmü? Olubsa da bizim millətdən olmayıb demək. Ya da bizim cəmiyyətdə yaşlanmayıb. Başqa hallarda mümkün deyil.

Mən əminəm ki, indi gəncləri söyən bu deyingən, yararsız, ziyanverici kaftarların cavan, yaxud özləri ilə həmyaşıd və gözəl bir məşuqu, sevgilisi, həyat yoldaşı olsa, dərhal müdrikləşər, nəzakətli, ədəbli bir yaşlı insana çevrilərlər. Amma yox, onların adətləri, ənənələri, çürük dəyərləri, mənasız əxlaq anlayışları bunu etmək üçün onlara həmişə mane olacaq. Yəni ki, bu qoca kaftarlar özləri öz zibillərinə düşüblər.

Qoca ər-arvad da bizim cəmiyyətdə doğru-düzgün münasibət yaşamır ki. Qocalan qadından iyrənirlər. Çünki bu qadın yeddi qat tumana, yaylığa, şala elə bürünüb ki, elə bil, açıqda qalsa kimsə ona təcavüz edəcək. Mən estetik əməliyyatları, kosmetik müalicələri bir kənara qoyuram, heç ev şəraitində öz təbii gözəlliklərini qoruyub saxlamırlar. Yenidən bərpa etmək də onlar üçün ayıb sayılır: “camaat nə deyər!?” Həmin o “camaat” anlayışı onları yaşlı insan yox, qoca kaftar elədi!

Yaşlanmaqda olan hər kəsə kiçik tövsiyələrim var: həyat yoldaşınız vəfat edibsə, sevməkdən, sevilməkdən, hələ ki. sevişməkdən əsla çəkinməyin. Bir məşuqunuz olsun, ya sevgiliniz olsun. Ya da ki, ailə qurun. Əgər siz yaşlı bir evli cütlüksünüzsə, dərhal həyat yoldaşınız üçün bəzənin, gözəlləşin, geyinin, onu özünüzə təzədən aşiq edin, onunla gənclər kimi sevişin. Öz xoşbəxtliyinizi, rahatlığınızı, azadlığınızı o babalarınızdan öyrəndiyiniz cəfəngiyyat adət, dəyər, əxlaq normalarına qurban verməyin!

Qocalın. Qocalmaq gözəldir. Amma qoca kaftar olmayın! Çünki siz qoca kaftar olduqca, sizdən sonrakı nəsillər sizin daha tez ölməyinizi arzulayır!

Orxan Bahadırsoy


Tags:  Orxan Bahadırsoy Qocalmaq

RƏYLƏR


Top news