Rusiya və Qazaxıstandan gələn yüklərin Azərbaycan ərazisindən keçməklə İrana daşınmasına başlanılıb

17:13 12 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Rusiya və Qazaxıstandan gələn yüklərin Azərbaycan ərazisindən keçməklə İrana daşınmasına başlanılıb. Dekabrın 12-də 10 vaqondan ibarət 700 ton darı İrana daşınmaq üçün Rusiyanın Sebryakovo stansiyasından Astara stansiyasına gətirilib. Yaxın vaxtlarda isə Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan kimi məhsulların Astara stansiyasına və oradan da İrana göndərilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində fəal iştirak edirlər. Son vaxtlar Azərbaycan Dəmir Yolları ölkənin polad magistralının tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Artıq Rusiya Federasiyasından İran İslam Respublikasına Azərbaycan ərazisindən tranzit olaraq keçməklə dəmir yolu ilə daşınan yeni yüklər cəlb olunmağa başlanıb.
Dəmir yolu ilə daşınan yüklərin Azərbaycan ərazisindən keçməklə Astara stansiyasından İrana daşınmasını təmin etmək üçün İngiltərənin Moskvada yerləşən MDB üzrə “Argus Media” Qiymət Agentliyi ilə danışıqlar aparılıb. “Argus Media” Qiymət Agentliyinin məlumatına əsasən, İrana Rusiyadan və Qazaxıstandan taxıl məhsulları, dəmir məmulatları və taxta materiallarının daşınması həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin apardığı düzgün tarif siyasəti nəticəsində bəzi yüklərin Azərbaycan ərazisindən İrana uğurla daşınması mümkün olub.
Əvvəlki marşrutlarla daşımalarda bəzi çətinliklər mövcud idi. Rusiyadan Qazaxıstan və Türkmənistan ərazisindən - Sərəxs keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaqdır. Rusiyanın dəniz limanlarından daşınan yüklər isə gəminin yükü tam yığılanadək saxlandığı zaman əlavə cərimələr yaranır. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələr olmur.
Dekabrın əvvəlində Rusiyanın Mixaylovo-Leontyevskaya stansiyasından 5 vaqonda göndərilmiş 340 ton darı məhsulu Astara stansiyasında vaqonlardan maşınlara yüklənərək İrana göndərilib. Dekabrın 12-də isə 10 vaqondan ibarət 700 ton darı Rusiyanın Sebryakovo stansiyasından Astara stansiyasına gətirilib. Rusiyadan Astara stansiyasına daxil olmuş darı məhsulu gömrük nəzarətindən keçib, boşaldılıb qablaşdırıldıqdan sonra maşınlarla İrana göndərilib. Bütün bu işlər müasir tələblərə cavab verən terminalda avtomatlaşdırılmış qaydada həyata keçirilib.
Yaxın vaxtlarda Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan kimi məhsulların Astara stansiyasına və oradan da İrana göndərilməsi planlaşdırılır.
Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən tədbirlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin respublikamızdan keçən hissəsində işlərin sürətləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. 2005-ci ilin sentyabrında Azərbaycan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında” Sazişə qoşulub. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin inkişafına kömək edəcək.
Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımaları üçün əlverişli şərait yaratmaqla, tranzit daşımalardan əldə olunan gəlirlərin artmasına səbəb olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_ve_Qazaxistandan_gelen_yuklerin_Azerbaycan_erazisinden_kechmekle_Irana_dasinmasina_baslanilib-910735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR