Azərbaycanın "Çin səddi" - Beşbarmaq qalası... - REPORTAJ

Azərbaycanın "Çin səddi" - Beşbarmaq qalası... - REPORTAJ
17:19 12 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Qədim zamanlardan bu günümüzə qədər gəlib çıxan Beşbarmaq qalası Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometrliyində yerləşir. 1636-cı ildə Beşbarmaq dağında olan alman səyyahı Adam Oleari öz yazılarında qədim tikili haqqında məlumat verib. O, qalanın hər birinin uzunluğu 42 funt olan yonulmuş daşlardan inşa olunduğunu qeyd edib.

 

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, qala ətrafında ən qədim müdafiə istehkamlarından biri - Beşbarmaq paralel müdafiə səddi mövcuddur. Alban tarixçisi Musa Kalankatlının məlumatlarından aydın olur ki, V əsrin ortalarında Sasanilər əleyhinə başlanan üsyan zamanı yerli əhali qalanın paralel divarları arasında gizlənib.

 

1683-cü ildə Beşbarmaq dağında olan alman səyyahı Kempfer yazır: “Bu dağ Qafqaz sıra dağlarının dənizə doğru çıxıntısı olub, bir tərəfi həddindən artıq yüksəklik, digər tərəfi isə dənizə çox yaxındır”. Müharibə zamanı bu divarlar arasında bir şəhərin əhalisini yerləşdirmək və düşməndən qorumaq mümkün olub.

 

Gördüyünüz bu tarixi abidə əslində vulkanik mənşəli coğrafi obyektdir. Bu obyektin yerləşdiyi coğrafi mövqe əhəmiyyətli idi. Şimaldan gələn yollara nəzarət etmək üçün Sasanilər dövründə IV əsrin sonlarında həm burda qala tikilmiş, həm də Beşbarmaqdan Xəzər dənizinə qədər ərazidə sədd inşa edilmişdi. Ümumiyyətlə Sasanilər dövründə 3 belə müdafiə səddi inşa olunmuşdu ki, biri Beşbarmaq səddi, biri Gilgilçay səddi, biri isə Dərbənd səddidir. Bu sədlərdən ən qədimi Beşbarmaq səddi hesab olunur. Digər iki sədd V əsrin sonlarında I Qubadın dövründə inşa edilsə də, bu səddin tarixi IV əsrin sonu - V əsrin əvvəllərinə təsadüf edir. Qalanın bəzi hissələri indi də qalmaqdadır, qalan hissəsi isə tarixi dövrlər ərzində dağıntıya məruz qalıb. Əhali arasında daha çox ziyarətgah kimi tanınsa da, Siyəzən rayonu ərazisində yerləşən iki dünya əhəmiyyətli tarixi abidədən biridir.

 

Abidənin və  bu ətrafda yerləşən  qala qalıqlarının öyrənilməsi məqsədilə 1925-ci ildə bura xüsusi ekspedisiya göndərilib. 1980-1985-ci illərdə AMEA-nın Tarix İnstitutunun Gilgilçay arxeoloji dəstəsi abidədə tədqiqat işləri aparıb. Bu zaman Beşbarmaq dağının ətəyindən başlayaraq dənizin sahilinədək davam edən paralel divarların qalıqları tapılıb.

 

Bizin hal-hazırda dayandığımız yerdə, Siyəzən rayonundan 15 km aralıda Beşbarmaq paralel müdafiə səddi, Beşbarmaq qalası və ziyarətgah yerləşir. Bu gün bura ziyarətgah kimi də istifadə olunur. Nəinki yerli turistlər, xaricdən gələnlər də qalanın tikintisi barədə ətraflı məlumat almaq istəyirlər. Beşbarmaq paralel müdafiə səddi ən qədim müdafiə sədlərindən biridir.

 

Tarixçi Musa Kalankatlı yazır: “V əsrin ortalarında Albaniyada üsyan nəticəsində qala tutulur və müdafiə səddi darmadağın edilir”. Beləliklə, 452-ci ildə Sasanilər əleyhinə başlayan üsyan zamanı Beşbarmaq müdafiə divarları dağıdılır. Bundan sonra Sasanilər hun hücumlarının qarşısını almaq məqsədilə buradan 23 km şimalda yeni müdafiə divarları - Gilgilçay müdafiə istehkamını tikdirirlər.

 

Qeyd edək ki, bu abidə dünya əhəmiyyətli tarixi abidədir və dövlət tərəfindən qorunur.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR