Ağamalı Sadiq Əfəndiyə bircə sözüm var

Ağamalı Sadiq Əfəndiyə bircə sözüm var
18:22 12 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə yanaşı mənim üçün daha bir unudulmaz şəxsin, millət fədaisi Ağamalı Sadiq Əfəndinin anım günüdür. 
Ağamalı Sadiq Əfəndi haqqında dayanmadan saatlarla geniş bilgilərlə danışmağa sözüm var. Lakin çox istərdim ki, tədqiatçılar bu şəxsin bilinən və bilinməyən gerçəkliklərini tədqiq etsinlər.

Çünki Ağamalı Sadiqin özünəməxsuz bir dünyası olub sağlığında. Ağamalı Sadiq Əfəndi o milli hərəkat qəhrəmanlarındandır ki, siyasi əqidəsinə, siyasi mənsubiyyətinə, dünyabaxşına görə hansısa siyasi düşərgəyə aid etmək olmaz. O, əsasən, dərvişvari həyat yaşamış, millətsevər bir fəlsəfə insanı idi. Onun üçün ailə, qohum-əqraba anlayışı millət anlayışından çox aşağı idi. Çünki çıxdığı yolun fəlsəfəsini bilirdi, özünü dərk edən bir insan idi Ağamalı Sadiq Əfəndi. O, millətini sevən, onun yolunda mücadilə aparan, bu yolda canından keşməyə hazır olan bir mütəfəkkir idi. Hətta öz fiziki varlığını da canından artıq sevdiyi millətinin yolunda fəda etdi Ağamalı Sadiq Əfəndi.

Milli azadlıq hərakatı başlanan zaman millətin azadlıq səsini dünyaya bəyan etmək çox çətin idi. Məhz belə bir vaxtda Ağamalı Sadiq Əfəndi Azərbaycanın ən böyük problemi olan informasiya blokadasını, söz qadağası baryerini yara bilən mobil, çevik, gizlin formada milli mətbuatın əsasını qoydu. Əldən-ələ keçən qəzet səhifələrindəki doğru informasiyalar millətin birliyini, həmrəyliyini daha da artıraraq Sovet rejminə qarşı daha mükəmməl formada təşkilatlanmağa səbəb oldu. Lakin Ağamalı Sadiq Əfəndi heç çoxlarından fərqli olaraq birincilik iddiasına düşmədi. Müstəqil ölkənin ilk mətbuat orqanlarının yaradıcısı olduğunu qabartmadı. Çünki Ağamalı Sadiq Əfəndi, ümumiyyətlə, dünya malına iddialı deyildi. O, bir filosof idi ki, bu dünyanı öz mənliyi qarşısında əyərək dünyaya "əyil səndən keçim, dünya" deyə bilirdi. Var-dövlət hərisi deyildi. Başı üzərində Tanrısını, qəlbində vicdanını tanıyan bir insan idi. Sağlığında bir çox vəzifələrə ucalıb, bəzi təltiflər alsa da, sadəlik bu dahidən uzaq düşmədi. Həmişə olduğu kimi, şeirlərində də "Fəhlə əlcəyimi, köhnə pencəyimi, qaytarın özümə qaytarın" dedi Ağamalı Sadiq Əfəndi...

Ağamalı Sadiq Əfəndi ailə, qohum-əqraba istəklərinə də əyilmədi. Çox inciyənlər oldu ki, heç kəsdən heç nə xahiş etmədi onlar üçün. Amma Ağamalı Sadiq Əfəndi üçün bunlar önəmli deyildi, çünki bu şəxsiyyət artıq millətinin taleyinə yazılmış qara-qorxulu günləri öncədən görürdü. Özünü bu yolda ailəsi, çevrəsi üçün deyil, milləti üçün gərəkli bilirdi.

1995-ci ilin 12 dekabr səhərini acı bir xəbərlə açdıq. Xəbər Bakıdan Qazaxa ildırım sürətilə yetişdi... Ağamalı Sadiq Əfəndi dünyasını dəyişmişdi. Şair, filosof, dövlət xadimi öz vəsiyyətinə uyğun olaraq doğma Qazaxının müqəddəs Qaymaqlı kəndindəki qədim məzarlıqda, ata-babasının yanında dəfn olunmaq üçün sonuncu dəfə bu yurda qonaq gəlirdi...
Həmin gün atam evdə olmadığına görə atamın əvəzindən bu şərəfli, ağır, unudulmaz missiyanı 15 yaşında mən yerinə yetirəsi oldum. Rəhmətlik Koroğlu əmimlə birlikdə Ağamalı Sadiq Əfəndinin böyüyüb boya-başa çatdığı hər yanı bir tarixdə, hər tarixi bir naxışda, hər naxışı bir qımqımıda, hər qımqımısı minlərlə ürəkdə yaşayan ulu türk yurdu Qaymaqlı kəndinə çatdıq.

İnsan izdihamından tərpənmək olmurdu. Qaymaqlı mollalarının cənazə namazına dayandığı zamanda yetişdik Ağamalı Sadiq Əfəndinin ata yurduna. Bir azdan bu ölməz insan son mənzilinə yola salınacaqdı. Cənazə başında boynunu bükmüş, lakin üz-gözündən məğrurluq yağan, acısı, sadəcə, gözlərindən dayanmadan axan yaşdan sezilən bir oğlan durmuşdu. Cənazə üstünə sarılmış bir ananı və ananın yanındakı balaca bir oğlanı sakitləşdirərək kənara çəkmək istəyirdi... 

Gördüyüm səhnədən çox təsirlənmişdim. Uşaq marağı məni dilə gətirərək bu oğlanın kim olduğunu əmimdən soruşdum. "Nofəldir, Ağamalının oğlu", - dedi. Düşündüm ki, cənazəni qucaqlamış o qadın anası, oğlan da qardaşı olar...
O zaman mənim üçün Ağamalı Sadiq Əfəndi atamın dostu, qohumum kimi əziz idi. Bundan o yana çox da tanımırdım bu dahini. Bircə dəfə də İsmayıl əmimgildə saz çaldığını görmüşdüm. Analığı, lakin ona ana qədər doğma olan Pəri xanımın da gözəl saz sədaları altında qımqımı oxuduğu xatirimə gəlirdi...
...Nəhayət ki, ölümsüzlüyə yola salınan ölməz şairin, millət fədaisinin cismi son mənzilə doğru istiqamət götürdü. Mən də üç-dörd dəfə məqam tapıb çiyinlərimi üzərində xalqın ölməz oğlunu aparan cənazənin tutacağının altına verdim... Çiyinlərimdə apardığım dahinin cənazəsi altında hər dəfə 10-15 addım irəlilədim... 
Həyat dəyişdikcə biz də dəyişdik, böyüdük, inkişaf etdik... Düşüncə sərhədlərimiz də dəyişdi, genişləndi. Vaxtilə çiyinlərimdə son mənzilə apardığım dahinin kimliyini dərk etməyə başladıqca dizlərim qırılırdı, belim bükülürdü. Sanki, özümü qınayırdım ki, mən onu son mənzilə yola salmasaydım, indi də yaşayacaqdı Ağamalı Sadiq Əfəndi... Lakin Ağamalı Sadiq Əfəndinin kəşməkəşli həyat yolu ilə tanış olduqca, onun şeirlərinin fəlsəfəsini qavradıqca, onun milləti qarşısında gördüyü işləri dərk etdikcə bu VƏTƏN oğluna nə qədər borclu olduğumu anlayırdım.

Üzərimizdə böyük haqları olan Ağamalı Sadiq Əfəndi barəsində nəsə söyləməyə haqqımın olub-olmaması hər zaman düşündürüb məni. Elə bu məqamda da tək təsəllim, tək köməyim vaxtilə dahiliyinin fərqində olmadığım Ağamalı Sadiq Əfəndini çiyinlərim üzərində son mənzilə yola salmağım olur. Çünki dinimizə, milli ənənəmizə görə dünyasını dəyişən insanı son mənzilə çiyinlərində yola salan insanlar Tanrı qarşısında savab qazanaraq haqqa sahib olurlar... 

Buna görə də ömrünün 48 yaşında dünyasını dəyişmiş 68 yaşlı Ağamalı Sadiq Əfəndiyə bircə sözüm var: "Ey Haqqını millətə ana südü kimi halal edən dahi insan, Haqqım halalın olsun!.."

Yusif Alı Afşar
Fəlsəfə doktoru, dosent

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR