"Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahda bir gün

"Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahda bir gün
18:27 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 4-də saat 12:30-da "Neft daşları" Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə baş verən qəza və həmin gün saat 17:40-da "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində operativ qərargah yaradılıb.
"Report" qərargahda gün ərzində görülən işlərlə yaxından tanış olub.
Gün ərzində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam edir və qərargah da mütəmadi olaraq itkin düşənlərin yaxınlarının telefon zənglərinə, müraciətlərinə cavab verir.
"Azneft" İstehsalat Birliyinin Kargüzarlıq şöbəsinin müdiri Məhbubə Məhərrəmova bildirib ki, qərargah 24 saat növbəli iş rejimi ilə işləyir.
Onun sözlərinə görə, qəzada təkcə İstehsalat Birliyinin işçiləri deyil, SOCAR-ın digər idarələrinin işçiləri də itkin düşdüyündən operativ qərargahda 10 idarənin nümayəndələri işləyir:
"Hər idarə öz işçisini tanıdığından onlar itkin düşən işçilərin qohumları ilə mütəmadi təmasda olurlar. Hər idarənin nümayəndəsi növbə ilə 24 saat işləyir. Hər gün bura itkin düşənlərin yaxınları gəlir, tez-tez telefon zəngləri olur. Biz onlara ən son məlumatları çatdırırıq".
O bildirib ki, həm "Neft daşları"nda itkin düşən 3 nəfərin, həm də "Günəşli" yatağında itkin düşən 23 nəfərin axtarışı davam etdirilir:
"Bəzən "Neft daşları" yatağında itkin düşənlərin yaxınları deyir ki, efirdə bizim yaxınlarımızın adları çəkilmir, demək onlar axtarılmır. Bu, belə deyil. İtkin düşən hər kəs axtarılır".
Qərargahda ailələrlə hansısa problem yaranmasına gəlincə isə o bildirib ki, hazırda 26 neftçinin ailəsindən yalnız biri - "Neft daşları"nda itkin düşın bir neftçinin ailəsi problem yaradıb.
"Təəssüf ki, bəzən həmin ailənin nümayəndələri bizi təhqir edir. İnsan axtarış aparılmadığı təqdirdə narazı qala bilər. Amma bilirsiniz ki, bu işlə bağlı hər kəs səfərbər olunub. Biz də çalışırıq ki, itkin düşmüş hər bir neftçi tapılsın. Hamımız onların tapılmasını ümidlə gözləyirik. Şikayətçi olan ailə rəhbərliyin yanına aparılıb, hətta rəhbərlik məsuliyyıti boynuna götürərək onları helikopterlə "Neft daşları"na aparmağa çalışıb, amma helikopter axtarışa cəlb olunduğundan bu mümkün olmadı".
İtkin düşən neftçilərdən İnqilab İskəndərovun qardaşı Azər İskəndərov da qərargahda idi. O, dekabrın 5-dən qərargaha gəldiyini bildirib.
"Əvvəl Zığda yaradılmış qərargaha gedirdik, sonra məsləhət görüldü ki, mərkəz buradır və hər gün bura gəlirik. Burada mütəmadi məlumat alırıq. Axtarışlar barədə məlumat verirlər. Ümidimizi üzmürük və gözləyirik".
"Azneft" İstehsalat Birliyinin mətbuat üzrə əməkdaşı Vurğun Həsənli qeyd edib ki, qərargahda həm də itkin düşən şəxslərin yaxınlarına yardım göstərmək üçün həkimlər dəvət olunub. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin 3-4 həkimi qərargahda xidmət göstərir:
"Həmin həkimlər üçün xüsusi otaq da ayrılıb. Onlar hadisə baş verəndən sonra ilk iki gün tam gün işlədilər. Sonra isə daha az müraciət olduğundan hadisədə yaralananlara xidmət göstərmək üçün idarədən ayrıldılar. Amma onların əlaqə telefonları var və lazım olanda biz həmin həkimləri itkin düşənlərin yaxınlarına yardım üçün çağıra bilərik".










Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/azneft-i-stehsalat-birliyinde-yaradilmis-operativ-qerargah

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR