Qusar şəhərində içməli su təchizatının yaxşılaşdırılması işləri davam etdirilir

Qusar şəhərində içməli su təchizatının yaxşılaşdırılması işləri davam etdirilir
20:38 12 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərininin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşacaq. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaq.
Mərhələli şəkildə həyata keçirilən layihənin birinci mərhələsində su mənbəyində - Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8813 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, 17,4 kilometr uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərini və ətraf kəndləri dayanıqlı su ilə təmin etmək məqsədilə hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı, 2,8 kilometr uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunub.
Layihənin ikinci mərhələsində Qusar şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur. Şəhər üzrə layihələndirilmiş 106 kilometr içməli su şəbəkəsinin 61 kilometrlik hissəsi inşa edilib, 2400-dən çox ünvana birləşmə verilib. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 104 kilometr kanalizasiya şəbəkəsinin 86 kilometrlik hissəsində işlər yekunlaşıb, 4000-ə qədər ünvana ev birləşməsi verilib.
Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcək.
Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulur. Hazırda bu şəhərlərdə tikinti-quraşdırma işləri davam etdirilir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qusar_seherinde_ichmeli_su_techizatinin_yaxsilasdirilmasi_isleri_davam_etdirilir-910835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR