Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gərginlik hələ irəlidədir

Gərginlik hələ irəlidədir

Date: 12 December 2015 23:42

Moskva ilə Ankara arasında noyabrın 24-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-24" bombardmançısının vurulması ilə başlamış münaqişə getdikcə dərinləşir. Putin ilə Ərdoğan arasında Parisdə keçirilən iqlim sammiti çərçivəsində gözlənilən görüş də baş tutmadı. Müxtəlif mənbələrin məlumatına görə, dialoqdan bundan əvvəl Ərdoğanla telefon söhbətindən də imtina etmiş Putin boyun qaçırıb. Hər halda, o, Rusiya Federasiya Şurasındakı çıxışında da türkiyəli həmkarı ilə müzakirə edəcəkləri məsələlərin olmadığını demişdi - Kreml rəhbəri əmindir ki, "onların (türklərin) bu addımı atmalarının səbəbini, yəqin ki, yalnız Allah bilir".

İnsidentdən sonra Rusiya-Türkiyə arasında yüksək səviyyədə ilk əlaqə dekabrın 3-də Belqradda ATƏT XİNŞ-nin toplantısı çərçivəsində baş tutub. Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında keçirilən həmin görüşdən sonra da iki ölkənin münasibətlərinin qaydaya düşəcəyinə heç bir ümid yaranmayıb. Lavrov bildirib ki, "Moskva görüşdə yeni heç nə eşitməyib". Çavuşoğlu bir daha Ankaranın mövqeyini açıqlayıb və, ölkəsinin rus pilotunun ölümündən təəssüfləndiyini, mərhumun yaxınlarına başsağlığı verdiyini söyləyib. Həqiqətən də, Türkiyə vurulmuş "Su-24"ün həlak olmuş pilotunun cəsədini qarşı tərəfə təntənəli şəkildə, ehtiramla təqdim edib - Rusiyanın dövlət bayrağına bükülmüş tabutda, fəxri qaravulun müşayiəti ilə. Lakin Moskva Ankaradan təəssüflənməsini deyil, rəsmən üzr istəməsini tələb edir. Türkiyə isə bunu etmək fikrində deyil. Ankara hərəkətinin beynəlxalq hüquq çərçivəsində olduğu və milli maraqlarına xidmət etdiyini bildirir. Türkiyə tərəfi hesab edir ki, problemin diplomatik həll yolu tapılmalıdır. Çavuşoğlu Türkiyə ilə Rusiya arasında insidentin aradan qaldırılması üçün hərbi rabitə kanallarının yaradılması təklifilə də çıxış edib. Kreml isə fərqli düşünür: əvvəllər mövcud olmuş hərbi kanallar, onsuz da, işə yaramayıb. Bu səbəbdən də, ruslar bütün hərbi əlaqələri kəsiblər. Yaxşı ki, Putin Federasiya Şurası qarşısındakı çıxışında ölkəsinin "Türkiyəyə qarşı silaha əl atmağı düşünmədiyini və bunu etməyəcəyini" söyləyib.

Ucuz neft baha başa gəlir

Bu arada Moskva Türkiyəni terrorçularla güclü əlaqələrdə də ittiham edir. Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuş mətbuat konfransında nümayiş etdirilən peyk çəkilişlərində neftlə dolu maşınlardan ibarət kolonna görünür. Rusiya hərbçilərinin sözlərinə görə, daşınan həmin neft Suriya və İraqdakı yataqlardan İD terrorçuları tərəfindən çıxarılır və Türkiyəyə istiqamətlənir. Bundan başqa, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Putinin və baş nazir Medvedevin səsləndirdikləri fikri bir daha təkrarlayıb - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsi Suriya yataqlarından qeyri-qanuni neft tədarükü ilə məşğuldur. Ondan bir gün əvvəl Putin Parisdə keçirilən iqlim konfransında bildirmişdi ki, Türkiyə HHQ-nin "Su-24"ə hücumu İD ərazisidən Türkiyəyə neft daşımalarının təhlükəsizliyinin təmini məqsədilə də həyata keçirilə bilər.

Lakin cəmi 1 sutka sonra İraq kürdlərinin nümayəndəsi - İraqdakı kürd muxtariyyəti parlamentinin energetika komitəsinin sədri Şerko Cavad Rusiya Müdafiə Nazirliyi tərəfindən nümayiş olunmuş maşınların İD-yə aidiyyətinin olmadığını bəyan edib. Parlamentarinin sözlərinə görə, həmin maşınlar kürd muxtariyyətinə məxsusdur. "Bizim Təbii Resurslar Nazirliyimiz yüzlərlə maşının KAR-dan Türkiyəyə neft daşıdığını əvvəllər də bəyan edib", - deyə Cavad qeyd edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə hazırda Türkiyə-Suriya sərhədinin bütün dünyanın diqqətində olduğunu, bu zonada istənilən hərəkəti bütün ölkələrin müşahidə etdiyini xatırladıb. Baş nazir deyib ki, Türkiyə üzləşdiyi ittihamlarda (Rusiya tərəfindən) deyilən əməllərə heç zaman qol qoymaz. "Bu, etik baxımdan mümkün deyil və ümumiyyətlə, qeyri-realdır", - deyə Davudoğlu qeyd edib.

Bundan başqa, Türkiyə tərəfinin məlumatına görə, onlara ittihamlar yağdıran Rusiyanın özü İD ilə neft sövdələşməsinə gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İD-nin ən iri neft alıcısı Suriyadan olan biznesmen Corc Hasvanidir və onun Rusiya vətəndaşlığı da var.

Ərdoğan bir daha bildirib ki, onun terrorçularla əlaqəsi sübuta yetirilərsə, vəzifəsindən istefa verməyə hazırdır: "Eyni zamanda cənab Putindən soruşuram, o da buna hazırdırmı?"

İndi kimin istefaya getməli olduğu məlum deyil. Tərəflər isə artıq faktiki olaraq, bir-birini terrorçularla əlaqədə günahlandırır. Rusiya Müdafiə Nazirliyi hesab edir ki, Türkiyə uzun müddətdir Suriyaya yaraqlı göndərməklə və onları silahlandırmaqla məşğuldur. Sergey Lavrov Türkiyə ilə vizasız gediş-gəlişin dayandırıldığını deyərkən bildirib ki, "Türkiyə vasitəsilə müxtəlif istiqamətlərdə yaraqlı trafiki həyata keçirilir". Ankara isə ittihamları rədd edir. "Əgər onlarda Türkiyənin İD ilə əlaqələrinə dair şübhələr olubsa, niyə onu yalnız indi dilə gətirirlər?", - deyə Əhməd Davudoğlu sual edir.

Hər kəsə ziyan olan sanksiyalar

Hər halda, Vladimir Putin noyabrın 28-də Türkiyəyə sanksiyaların tətbiqilə bağlı sənədə imza atıb. Bu, Rusiyaya Türkiyəyə məxsus müxtəlif malların (toyuq ətindən tutmuş güllərə, sitrus bitkilərindən tutmuş, duzadək) gətirilməsinə qadağanın və ya məhdudiyyətin tətbiqini nəzərdə tutur. Bundan başqa, sanksiyalar Türkiyənin yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə də aiddir. 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının müxtəlif işlərə götürülməsi qadağandır. Bundan başqa, Rusiya ilə Türkiyə arasında çarter reysilə hava daşımaları da qadağan edilir, turizm operatorlarına Türkiyə istiqamətində fəaliyyətdən çəkinmələri tövsiyə olunur. Rusiya "Türk axını" kimi nəhəng qaz kəməri layihəsinin dondurulduğunu da bəyan edib. Qeyd edək ki, bu kəmər Rusiya qazını Qara dənizin dibi ilə Türkiyəyə daşımalı idi. Moskva "Rosatom"un inşa etməyə başladığı "Akkuyu" AES-in tikintisini də dayandırıb.

Tərəflər arasında humanitar sahədə də əməkdaşlıq, demək olar ki, dayandırılıb. Rusiya ali məktəbləri Türkiyə universitetlərilə əməkdaşlığın dayandırıldığını, 2017-2018-ci illərdə iki ölkədə Türkiyə və Rusiya mədəniyyəti ilinin keçirilməsilə bağlı qərarın ləğvini, Moskvadakı Rusiya-Türkiyə Elm Mərkəzinin qapadıldığını bəyan edib. Bundan başqa, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Saha (Yakutiya), Tatarıstan, Tıva, Hakasiya respublikalarının rəhbərlərinə hökumət teleqramı göndərərək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə əlaqələrin kəsilməsinin vacibliyini bildirib. Yeganə sakitləşdirici, eyni zamanda bütün bu əməllərə zidd olan məqam Putinin bir bəyanatıdır. O, bildirib ki, "mehriban, əməksevər və istedadlı türk xalqı bilməlidir ki, Rusiya onlarla Suriyada rus hərbçilərinin məhvinə görə birbaşa məsuliyyət daşıyan Türkiyə rəhbərliyini eyni tutmayacaq".

Rusiya tərəfi Türkiyənin əməllərilə təhqir olunub və ərzaq inflyasiyası, milli biznesə zərbə və ya əhalinin narazılığı kimi zərbələrin özünə dəyəcəyinə rəğmən, sanksiyalara əl atır. Halbuki, məsələn, Türkiyəyə turların satışına qadağa qoyulması Misirə səfərin qadağan olunmasından cəmi 3 həftə sonra baş verib. Müxalif fikirli mətbuat yazır ki, Kreml, əslində, rusların əvəzinə onların harada dincəlməli olduqları, nə yemələrilə bağlı qərar verib. Putin isə rəhmsizdir - o, Federasiya Şurasına müraciətində bildirib ki, bu, hələ ən minimal addımlardır və "Türkiyə hökuməti rus pilotlarının qətlinə görə canını pomidorla və tikinti şirkətlərinə tətbiq olunan məhdudiyyətlərlə qurtara bilməyəcək".

Türkiyə, təbii ki, Rusiyanın sanksiyalarının effektini minimuma endirməyə çalışır. Bunun üçün türklər yalnız məhsul və xidmətləri üçün əvvəllər Rusiya bazarlarına üz tutan yeni istehlakçılar axtarmır. Ankara həm də Rusiya qazının tədarükünə məhdudiyyətin qoyulacağı ehtimalı üzündən özünü sığortalamağa çalışır. Ərdoğan bildirib ki, onun xalqı "əziyyətə öyrəşib" və lazım gələrsə, "Allahın köməyilə" Rusiyadan yanacaq ehtiyatı gəlmədən də keçinə bilər. Baş nazir Davudoğlu isə problemə daha real yanaşıb və bildirib ki, o, Rusiyanın Türkiyəyə qaz nəqlini dayandıracağını düşünmür. Baş nazir bunu "tərəflər arasında beynəlxalq hüquqla tənzimlənən qarşılıqlı öhdəliklərin olması" ilə əsaslandırıb və bildirib ki, "bu, alver deyil ki, istədiyin vaxt dayandırasan". Müqavilənin şərtlərinə əməl edilməsi halında Moskva cərimə ödəməlidir. 2014-cü ildə "Qazprom" Türkiyəyə 27,4 milyard kubmetr qaz ixrac edib. Odur ki, nəqlin dayandırılması, ilk növbədə, Rusiyanın özünə sərf etmir. Qeyd edək ki, Türkiyə Rusiya üçün Almaniyadan sonra ikinci qaz istehlakı bazarıdır. Lakin Türkiyə heç nəyə baxmayaraq, özünü sığortalamağa çalışır. Məsələn, Ankara Qətərlə mayeləşdirilmiş qaz tədarükünü nəzərdə tutan niyyət memorandumu imzalayıb. Bundan başqa, Əhməd Davudoğlunun Bakıya səfəri zamanı onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında Trans-Anadolu qaz kəmərinin (TANAP) inşasının sürətləndirilməsinə dair razılıq əldə edilib. Məqsəd layihənin planlaşdırıldığı vaxtdan əvvəl, yəni 2018-ci ilədək istismara verilməsidir.

Beləliklə, Azərbaycan əvvəlcə Türkiyəyə, sonra isə Avropaya böyük həcmdə qaz nəqlinə başlaya biləcək. "Türkiyə və Avropa ölkələri yeni alternativ mənbələrə çıxış əldə edəcək. Bu, hər kəsə sərf edir", - deyə Ankaraya hərtərəfli dəstək ifadə edən prezident İlham Əliyev bildirib: "Bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq".

Davudoğlunun Bakı səfəri əvvəldən planlaşdırılmışdı. Ənənəvi olaraq, Türkiyə hökumətinin yeni başçısı ilk xarici səfərini hər zaman Azərbaycana edir. Bu dəfəki səfər zamanı, əlbəttə ki, aktual olan Suriya problemi və Rusiya-Türkiyə münasibətləri də müzakirə edilib. Davudoğlu bildirib ki, Ankara Türkiyənin mövqeyini və yanaşmasını Azərbaycan Prezidentinin nəzərinə çatdırıb. Çünki tərəflər hər zaman onların narahat edən məsələləri açıq müzakirə ediblər.

"Türkiyəni iqtisadi sanksiyalarla diz çökdürəcəyini düşünənlər yanılırlar", - deyə Davudoğlu Bakıda Diplomatik Akademiyadakı çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, Ankara Rusiya vətəndaşlarına heç bir məhdudiyyət tətbiq etməyəcək. Davudoğlu bidirib ki, "özünə qarşı sanksiyaların tətbiqindən narazı olanlar başqalarına qarşı sanksiyalara əl atmamalıdırlar". 

Beləliklə, Davudoğlu rusların Qərb tərəfindən Moskvaya tətbiq edilmiş sanksiyalardan narazılığını xatırladıb. O, xatırladıb ki, Rusiya üçün ən çətin dönəmdə Türkiyə Moskvaya qarşı sanksiyalara qoşulmayıb, İrana sanksiyaların tətbiqində də eyni mövqe nümayiş etdirib. Əhməd Davudoğlu əmindir ki, iqtisadi sanksiyalar hər iki tərəfə zərərdir. Bu üzdən, o, Putini əvvəlkitək tonunu yumşaltmağa və görüşə çağırıb.

Həqiqətən də, sanksiyalar nəinki ikitərəfli qərardır, üstəlik, cəzalandırılan tərəfi cavab addımları atmağa vadar edir. Məhz Rusiyanın sanksiyalar tətbiq etdiyi dövrdə Türkiyə, Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstanla yüklərin Çindən Avropaya Rusiyadan yan keçməklə daşınmasına dair razılaşma imzalayıb. Tərəflər gələn ildən yüklərin Ukrayna vasitəsilə Şimali və Şərqi Avropaya daşınmasına başlamağı da planlaşdırır.

Logistika sahəsində cavab addımlarına gəlincə, KİV-də Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçiddə ləngidiyinə dair xəbərlər yayılıb. Məlumata görə, onlar boğaza daxil olmaq icazəsini almaq üçün uzun-uzadı gözləməli olurlar. Daha bir məlumata görə, Rusiya HDQ-yə məxsus "Yauz" nəqliyyatını Dardanel boğazından keçməyə cəhd edən zaman Türkiyəyə məxsus sualtı qayıq qarşılayıb. Xatırladaq ki, bu boğazlar ticarətlə yanaşı, Rusiyanın Suriya əməliyyatları ilə bağlı maddi-texniki təchizat məsələsində də önəmli rol oynayır. Əgər ilk halda gəmilər oranı başqa ölkələrin bayrağı altında keçə bilirlərsə, hərbçilər sırf Rusiya bayrağı altında üzməyə məcburdurlar. Formal olaraq, Türkiyə Montre bəyannaməsini pozmur, hüquqi baxımdan hər şey qaydasındadır. Təcrübədə isə Ankara ruslar üçün bir çox problem yarada bilər - vaxtı uzadar, müəyyən işlər aparar, polis əməliyyatları həyata keçirər. Bundan başqa, Bosfor və Dardaneldən keçid yalnız türk naviqatorlarının müəyyənləşdirdiyi kursla həyata keçirilməlidir.

Maraqlıdır ki, bütün bu təhlükələr Rusiyanın Suriyanın Homs vilayətindəki Şayrat aerodromunda yeni aviabaza qurmasına mane olmur. Bildirilir ki, aerodrom 3 kilometrlik uçuş-eniş zolağına malikdir və bu, istənilən növ təyyarənin qəbuluna imkan verir. Üstəlik, orada ehtiyat zolaq da var. Ekspertlərin fikrincə, yeni bazaya ehtiyacın yaranması Hmeymimdəki bazanın Rusiyanın və Əsəd ordusunun yeni hədəfindən uzaqda yerləşməsilə əlaqədardır. Yeni hədəf dedikdə, söhbət Suriyanın cənubunda və şərqində, Palmira rayonunda və daha sonra şərqdə əməliyyatların genişləndirilməsindən gedir. Söhbət həm də İD-nin Suriyadakı əsas neft mərkəzi olan Deyr-əz-Zordan gedir. Beləliklə, böyük ehtimalla əsas gərginlik hələ qarşıdadır. Bütün maraqlı tərəflərin "stavkası", həmçinin əməlləri və ritorikası getdikcə sərtləşir. 

"Region Plyus"


Tags:  Gərginlik hələ irəlidədir

RƏYLƏR


Top news