Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Cəbhədə vəziyyət niyə gərginləşib?

Cəbhədə vəziyyət niyə gərginləşib?

Date: 13 December 2015 08:05

Noyabrın sonu-dekabrın əvvəlində Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu, cəbhədə vəziyyət son dərəcədə gərginləşib. Bunu Azərbaycanın Müdafiə Nazirliyi də etiraf edir. Hərbi əməliyyatlar zamanı erməni tərəfinin onlarla hərbçisinin məhv edildiyi, eyni zamanda, Azərbaycan ordusunun da şəhid verdiyi bildirilir. Bəs cəbhədə yaranmış bu gərginliyin səbəbi nədir?

Vəziyyəti Milli.Az-a şərh edən təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib ki, burada bir neçə amil rol oynayır: "Əvvəla qeyd edim ki, Türkiyənin Suriya ilə sərhəddə Rusiyanın Su-24 təyyarəsini vurması hadisəsindən əvvəl Rusiyanın xarici işlər naziri Serqey Lavrov Bakıda və İrəvanda olmuş və burada görüşlər keçirmişdi. Həmin vaxt Ermənistanın işğal etdiyi bəzi rayonları Azərbaycana qaytarmaqla Qarabağ probleminin həllində irəliyə doğru addım atılmasından söhbət gedirdi. Təşəbbüs isə Rusiya tərəfdən gəlmişdi. Lakin təyyarə məsələsindən sonra bölgədə siyasi vəziyyət dəyişdi və Rusiya XİN diqqətini tamamilə Türkiyə tərəfə yönəltdi. Nəticədə Qarabağ problemi ilə əlaqədar aparılan danışıqlar səngidi".

Ekspertin fikrincə, bu ərəfədə Ermənistanda konstitusiyanın dəyişdirilməsi və parlamentli respublikaya keçidlə bağlı referendum keçirilməsini də unutmaq olmaz: "Ölkədə idarə üsulunun dəyişdirilməsinin səbəbi və məqsədi nədir? Çünki prezident üsul idarəsində Ermənistanda olan bütün hərc-mərclik, sosial ədalətsizlik, yoxsulluq, emiqrasiya və digər problemlər bir nəfərin adı ilə bağlanır. Həmin şəxs də prezidentdir. Amma yeni parlament üsul idarəsi yaratmaqla prezidentin deputatlar tərəfindən seçilməsi nəzərdə tutulur. Bununla bağlı konstitusiyada dəyişikliklər edildi və hökumətin başçısı olan baş nazirin səlahiyyətləri artırıldı. Bütün bu manipulyasiyaların əsl məqsədi Ermənistanda getdikcə pisləşən siyasi-iqtisadi-hərbi vəziyyətin məsuliyyətinin yükünü bir nəfərin çiynindən götürüb hansısa qurumun üzərinə atmaq, hakimiyyətdə olan "qarabağlılar klanı"nını bu məsuliyyətdən yayındırmaq və bu klanın siyasi həyatını davam etdirməkdir.  Bəllidir ki, indi məsuliyyət Serj Sarkisyanın üzərindədir, bundan qabaq isə Robert Köçəryanın üzərində idi. Referendumdan sonra isə hamısı deyəcək ki, təqsir parlamentdəki deputatlardadır. Parlamentə də 1-2 nəfər müxalifət nümayəndəsi daxil etməklə diqqəti yayındıracaqlar. Yəni etirazlar artıq təkcə "qarabağlılar klanı"na qarşı deyil, bütün parlament üzvlərinə qarşı olacaq.

İkincisi, burada Rusiyanın da maraqları var. Çünki son illər Ermənistanda Rusiyaya qarşı etirazlar güclənmişdi. Çünki əhalinin sosial vəziyyəti çox gərgindir. Ermənilər də deyirdi ki, təqsirkar Rusiyadır, Rusiya müttəfiqimizdirsə, bizə pul verməlidir. Təbii ki, bu, ermənilərə xas xüsusiyyətdir".

Politoloq hesab edir ki, cəbhədə vəziyyətin gərginləşməsinə Ermənistanda hərbi vəziyyətin pisliyi də təsir edib: "Son zamanlar Ermənistanın ordusunun mövqeləri və hərbi obyektləri tez-tez Azərbaycan Silahlı Qüvvələrinin hədəfinə çevrilir. Bu, onlarda zəifliyin göstəricisi kimi qəbul olunur. Məsələni ikinci plana keçirmək üçün onlar hərbi təxribatlara əl atırlar, amma onların bu hərbi əməliyyatları da uğursuzluqla nəticələnir. Onlar yollar axtarırlar ki, nəsə bir uğur qazana bilsinlər, hər dəfə Azərbaycanı hədələyirlər, nəticədə isə özləri çoxlu itkilər verirlər".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az


Tags:  Cəbhədə vəziyyət niyə gərginləşib


RƏYLƏR


Top news