Dünyanı fəth edən "qarabağlı oğlan"

Dünyanı fəth edən "qarabağlı oğlan"
10:12 13 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Görkəmli ingilis yazıçısı Oskar Uayld demişdir ki, dünyanı müğənnilər və xəyalpərəstlər üçün yaradıblar. SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, sosialist əməyi qəhrəmanı Rəşid Behbudov, sözün əsl mənasında, insanlara sevinc və ümid bəxş edən, şöhrəti dünyanı dolaşan böyük sənətkar idi.

Sağlığında əfsanəyə çevrilən R.Behbudovun adı XX əsr Azərbaycanın sənət salnaməsinə qızıl hərflərlə yazılıb. Yüksək səhnə və aktyorluq ustalığına malik olan R.Behbudov məharətlə milli mahnı repertuarının zənginliyini və gözəlliyini peşəkar səviyyədə bütün dünyaya nümayiş etdirmişdi. Hədsiz dərəcədə istedadlı olan müğənni asanlıqla Azərbaycan xalq və bəstəkar mahnılarını, dünya xalqlarının vokal miniatürlərini oxuyur, ölməz kino obrazlarını yaradır, fərdi üslubunu qoruyub saxlayırdı.
R.Behbudov istənilən hər hansı bir janrda eyni dərəcədə inandırıcı idi - konsert estradasında da, opera səhnəsində də, kinoda da. Təsadüfi deyil ki, ölməz sənətkar haqqında mifin ilk təməl daşını dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin operettası əsasında çəkilmiş "Arşın mal alan" filmi qoyub. Qısa müddət ərzində dünyanın bir çox ölkələrində nümayiş etdirilən bu film - səsi, aktyor oyunu, cazibədar görünüşü hesabına "qarabağlı oğlanı" milyonlarla insanın idealına çevirir. 
Müğənninin repertuarına ayrı-ayrı xalqların da onlarca mahnıları daxil idi və sənətkar onları məharətlə oxuyurdu. Nəğməkar deyirdi ki, hər bir xalqın incəsənəti tükənməz gözəlliyin, işığın qaynağıdır və məhz bu, dünya xalqlarının həmrəyliyinin əsasını təşkil edir. Lakin R.Behbudovun yaradıcılıq platforması Azərbaycanın mahnı sənətinə əsaslanırdı. Müğənni milli musiqi sərvətimizin bu qolunu Avropa tipli estrada mədəniyyətinin ayrı-ayrı elementləri ilə zənginləşdirir və köklü surətdə yeniləşdirirdi. 

R.Behbudovun xalq musiqi sənətinə meylini və məhəbbətini uşaqlıq illərində böyük xanəndə, atası Məcid Behbudovun ailəsində axtarmaq lazımdır. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi olan M.Behbudov 1873-cü ildə Şuşa şəhərində anadan olmuş, burada muğam sənətinin sirlərinə yiyələnərək məclis və el şənliklərində xanəndəlik etmişdir. O, 1904-cü ildən Qafqazda, Yaxın Şərq ölkələrində ifaçılıq fəaliyyəti ilə məşğul olur və 1910-cu ildə Gürcüstana köçür. Həmin il bir qrup musiqiçi ilə Riqa şəhərindəki "Qrammofon" şirkətinə dəvət alır. Burada o, məşhur tarzən Məşədi Cəmil Əmirovun müşayiəti ilə "Mirzə Hüseyn Segahı", "Şüştər" və "Çahargah" muğamlarını vala yazdırır. Məharətlə muğam və el mahnılarını oxuyan M.Behbudov bütün ömrünü milli musiqinin tərəqqisinə həsr edir. 

R.Behbudovun Tiflisdə uzun zaman qadın klubunun rəhbəri olan anası Firuzə xanım Vəkilova maarifçilik fəaliyyəti ilə tanınır. Onun səyi sayəsində açılan dram, musiqi və başqa dərnəkləri Tiflisdə yaşayan azərbaycanlılar arasında böyük şöhrət qazanır. Dünyanın əfsanəvi müğənnilərindən biri olan Rəşid məhz bu şəhərdə, 14 dekabr 1915-ci ildə dünyaya gəlib. İstedadlı insanların ailəsində göz açan gələcəyin məşhur müğənnisinin Azərbaycan musiqi mədəniyyətinə həsr olunan ömür yolu - "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Sübhəsiz ki, Behbudovlar ailəsində hökm sürən mədəni mühit, izlənilən dramatik teatr tamaşaları və konsertlər Rəşidin formalaşmasına müsbət təsir göstərir. Sənətkarın müxtəlif xalqların musiqisinə olan məhəbbətin köklərini də bunda axtarmaq lazımdır. O, böyük həvəslə musiqi ilə məşğul olur, skripka çalmağı öyrənir və beləliklə, uşaqlıqdan Şərq və Qərb musiqi mədəniyyətinə yiyələnir. On altı yaşında olanda anası Firuzə xanımı qəflətən itirir. Sonralar müğənni anasına böyük ehtiram, məhəbbət hissini C.Cahangirovun "Ana" mahnısında, "Könlünün o həzin laylasına qurbanam" sözlərində incə, mülayim səsi ilə ifadə edir. 

Atası oğlunun nadir səsini, mükəmməl duyğu qabiliyyətini və güclü musiqi yaddaşını nəzərə alaraq, xalq vokal janrlarının incəliklərini öyrətməyə başlayır. Böyük həvəslə gələcək müğənni musiqi aləminə daxil olur və illər keçdikcə onun məlahətli, gözəl tembrli səsi daha da inamla səslənməyə başlayır. 
Məktəbi bitirdikdən sonra 1933-cü ildə doğmalarının məsləhəti ilə R.Behbudov Dəmir Yolu Texnikumuna daxil olur. Burada o, "Teo-caz" ansamblını təşkil edir və kiçik kollektivin konsertləri qısa müddət ərzində böyük rəğbət qazanır. Tiflisdə "Müşteyid" parkında çıxışlardan sonra R.Behbudovun dinləyici auditoriyası genişlənir, şöhrəti ətrafa yayılır. Tbilisi estrada ansamblı gənc müğənnini solist kimi öz kollektivinə dəvət edir. Onun qeyri-adi musiqi istedadı və artistizminə valeh olan tanınmış gürcü vokalçısı, SSRİ xalq artisti David Anquladze onu dərs və teatr məşqlərinə cəlb edir. R.Behbudov Z.Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrının xoruna işə düzəlir və bir çox tamaşalarda xorun solisti kimi iştirak edir. D.Anquladzenin və əfsanəvi opera müğənnisi Azərbaycan SSR xalq artisti Fatma Muxtarovanın Verdinin "Aida", Sen-Sansın "Samson və Dalila", Bizenin "Karmen" operalarında çıxışları R.Behbudovun yaddaşına ömürlük həkk olur. Təsadüfi deyil ki, opera sənətinə aludə olan R.Behbudov sonralar öz repertuarına klassik vokal nümunələri olan romans və ariyaları da daxil edir.

Sənətkarın həyat və yaradıcılığının yeni səhifəsi Tiflis qarnizonunun hərbi ansamblı ilə başlanır. 1935-ci ildən bu kollektivdə solist-müğənni kimi çalışan Rəşid Behbudovun repertuarı daha da genişlənir və Azərbaycan vokal miniatürləri ilə yanaşı, dövrün məşhur bəstəkarları - İ.Dunayevski, A.Novikov, M.Blanterin mahnıları ilə zənginləşir.
Gənc müğənni 1941-ci ildə vokalçıların I Ümumittifaq müsabiqəsində çıxış etmək üçün Moskvaya yola düşür, lakin İkinci Dünya müharibəsi insanların həyatında ciddi dəyişikliklər edir. Bu illər R.Behbudov sənətkarlar ordusunun nümayəndəsi kimi, Krım cəbhəsində açıq səma altında, hərbi xəstəxanalarda, yeraltı sığınacaqlarda konsertlər verir, repertuarını mübariz ahəngli, nikbin əhval-ruhiyyəli vətənpərvər mahnılarla zənginləşdirir. 

Maraqlıdır ki, məhz müharibənin qızğın çağında tale R.Behbudovu həyatının ən şöhrətli anlarından birinə - "Arşın mal alan" kinofilminə gətirib çıxarır. Bakıda qastrol səfərində olan müğənni Azərbaycan Dövlət Filarmoniyasında konsert zamanı ölməz operettadan Vəlinin kupletlərini və Əsgərin ariyasını oxuyur. Konserti izləyən Üzeyir bəy ona Əsgər rolunu təklif edir. "Üzeyir bəy Hacıbəylinin yaradıcılığı həmişə mənim üçün ilham mənbəyi olub", - deyən R.Behbudov bu film-operettada çəkilişini - səhnə və ifaçılıq həyatının ən əziz, unudulmaz xatirəsi adlandırır. Dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası əsasında ekranlaşdırılmış və altmışdan çox ölkədə milyonlarla insanlar tərəfindən izlənilən bu film müğənnini dünyada tanıdır. 
Həmin günlərin şahidi olmuş insanların yaxşı yadındadır ki, 1945-ci ildə film ekranlara çıxanda Bakı tamaşaçıları necə kinoteatrlara "hücum" edir və hətta atlı milislər onları sakitləşdirə bilmirdilər. Rəşidin səsinin kristal təmizliyi, cazibədarlığı, yaraşıqlı qaməti, ifadəli üzü, işiqlı gözləri və istedadlı aktyor oyunu filmin müvəffəqiyyətini müəyyən edən əsas səbəblərdən idi. Əslində, bu illərə qədər R.Behbudov yalnız bir müğənni kimi tanınırdısa, dünyanı gəzib-dolaşan "Arşin mal alan" filmindən sonra o, mahir bir kino aktyoru kimi də şöhrət qazanır. 
Kino sahəsində təcrübəsi olmayan Rəşid Behbudov Əsgər rolunun yaranmasına böyük əmək sərf edir. Aktyorluqdan başqa, o, rejissorun istəyi ilə Əsgərin partiyasını həm Azərbaycan, həm də rus dillərində səsləndirir. Bu obrazı həm musiqiçi, həm də əsl aktyor kimi, nitq, hərəkət plastikası, ritmikliyi ilə tamamlayır, daxili cizqilərin və zahiri keyfiyyətlərin - "xarakterliyin" vəhdətinə nail olur. 
1945-ci ildə filmin yaradıcıları, o cümlədən R.Behbudov Dövlət mükafatına layiq görülür və bu uğur müğənnini yeni nailiyyətlərə ruhlandırır. Əsgərin ariya, kuplet və mahnısı isə sənətkarın repertuarında daimi yer alır. İllər keçəndən sonra müğənni deyirdi ki, mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edərkən, tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. Hətta onun qastrol səfərlərindən sonra "Arşın mal alan" operettası həmin ölkələrdə müxtəlif teatr səhnələrində tamaşaya qoyulur. Çinin dövlət başçısı Mao Szeduna "Arşın mal alan" filmi o qədər xoş gəlir ki, o, filmin çin variantının çəkilməsi barədə qərar verir və R.Behbudovun Çində qastrol müddətinin üç ay uzadılmasını xahiş edir. Ü.Hacıbəylinin "Arşın mal alan" operettası əsasında film çin dilində 1965-ci ildə "Örtüksüz məhəbbət" adı ilə ekranlara çıxır.
R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə "Arşın mal alan" operettası ilə bitmir. Sənətkar həmçinin "Bəxtiyar" filmində, "1001-ci qastrol", "Doğma xalqımıza", "Toyda görüş", "Abşeron ritmləri" film-konsertlərdə və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. "Bəxtiyar" (1955) kinofilmində böyük üstalıqla gənc neftçi-müğənni Bəxtiyarın bitkin obrazını yaradır. T.Quliyevin kinofilm üçün yazılmış və R.Behbudov tərəfindən səslənən bütün vokal miniatürlər - "Zibeydə", "İlk məhəbbət", "Qızıl üzük", "Sevqi mahnısı", "Dostluq mahnısı" geniş xalq kütlələri arasında şöhrət qazanır. Bu filmdə müğənni böyük ustalıqla iki çox çətin musiqi əsərini - Avropa akademik "qapalı" oxuma vokal sisteminə arxalanaraq C.Puççininin "Bohema" operasından Rudolfun ariyasını və Üzeyir bəy Hacıbəylinin "Sevgili canan" romans - qəzəlini də ifa edir. 
R.Behbudov həmişə yaradıcılığında axtarışlar aparır, incəsənətdə yeni söz deməyə çalışır. Məhz buna görə onun adı nəinki mahnı və kino sənəti, həm də milli opera mədəniyyəti ilə də bağlıdır. Hələ 1947-ci ildə Ü.Hacıbəyli müğənniyə "Koroğlu" operasının rusca versiyasında baş rolun ifasını təklif edir. Məşqlər başlasa da, bu iş Üzeyir bəyin vəfatı ilə əlaqədar yarımçıq qalır. Lent yazılarında rus dilində səslənən Koroğlunun ariyası o günlərin yadigarıdır. Tale R.Behbudova milli opera səhnəsində çıxış etmək, öz sözünü demək imkanını verir. 1953-cü ildə M.F.Axundzadə adına Opera və Balet Teatrında tamaşaya qoyulan Fikrət Əmirovun "Sevil" operasında Balaş partiyasının ilk misilsiz ifaçısı olur. Bu, böyük sənətkara kinoaktyor və estrada artisti şöhrətinin üstünə opera müğənnisi şöhrətini də gətirir. Nadir baritonal tenor səsin gözəl tembri, qüsursuz diksiyası, yaraşıqlı səhnə görünüşü, inandırıcı, səmimi oyunu Balaş obrazının musiqi-dramatik mahiyyətini və məzmununu tam mənada açmağa imkan yaradır.
Müğənni 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə fəal iştirak edir. Açılış zamanı Böyük Teatrın səhnəsində "Sevil" operasında tamaşaçılar R.Behbudovun yeni - opera artisti ampluasında çıxışını izləyir və yüksək qiymətləndirirlər. Onun nəinki yaxşı vokal səviyyədə Balaş partiyasını oxuduğunu, həm də nadir səhnə istedadını və obrazın təzadlı təbiətini düzgün canlandırmasını qeyd edirlər. 
1959-cu ildə Rəşid Behbudov qazandığı böyük uğurlara görə SSRİ xalq artisti fəxri adına layiq görülür. Sənətkar müxtəlif ölkələrin, o cümlədən Almaniya, Finlandiya, Belçika, Hindistan, Çin, İran, Əfqanıstan, Həbəşistan, Gürcüstan və başqa dövlətlərin orden və medalları ilə təltif olunur, mükafatlar alır. Lakin özünün dediyi kimi, milyonlarla insanın məhəbbət və rəğbəti ona verilən ən əziz və dəyərli qiymət idi. Bundan qürur hissi keçirən sənətkar söyləyirdi ki, "Dünyanın uzaq və yaxın ölkələrində mənə minlərlə dinləyici qarşısında çıxış etmək nəsib olub və daim ruhlandıran, güc verən o fikir idi ki, mən doğma Azərbaycanım, onun gözəl təbiəti, məğrur insanları haqqında hekayə söyləyirəm. Hədsiz dərəcədə xoşbəxt bir insanam ki, bu hekayə zalda əyləşən sadə insanların ürəklərinin dərinliklərinə gedib çatırdı - sərt soyuq Finlandiya və ya qızmar Hindistan, kiçik Albaniya və ya qüdrətli Çin xalqının ölkəsində".
Sənətkar 1946-cı ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi yüzlərlə ölkə və şəhərlərdə milli musiqi mədəniyyətini yüksək səviyyədə təbliğ edir. 1950-ci illərdə Rəşid Behbudovun konsert marşrutlarının və mahnılarının "coğrafi diapazonu" genişlənir. Həmin illərdə Bolqarıstan, Albaniya, Macarıstan, Avstriya, İtaliya, Finlandiya, Çin, Hindistan, Əfqanıstan, Misir, İraq, Sudan, Livan və keçmiş SSRİ-nin əksər respublikalarında böyük müvəffəqiyyətlə çıxış edir. Sənətkarın repertuarında Azərbaycan musiqisinin zəngin nümunələri ilə yanaşı, müxtəlif ölkələrin vokal miniatürləri də öz yerini tapıb - şən hind mahnılarından tutmuş Latın Amerikası xalqlarının ehtiraslı mahnılarına kimi. Müğənni Albaniyada həmin ölkənin milli geyimində çıxış edərək "Elbasana gedən yolda", Bolqarıstanda - "Lukovitski qızların mahnısı", Finlandiyada - "Suomen salossa" mahnılarını bu xalqların dilində məharətlə səsləndirir. Onun qastrol səfərləri hərdən çox çətin şəraitdə keçir, lakin nəğməkar vəziyyətdən asılı olmayaraq, daim yüksək professionallığını göstərir. Latın Amerikasının on iki ölkəsinin ən yaxşı teatr, səhnə və stadion meydançalarında 85 dəfə konsert verən sənətkar, dəniz səviyyəsindən beş min metr hündürdə yerləşən şəhərdə çıxış edir. Havanın çatışmaması nəticəsində bəzi artistlər səhnə arxasında huşlarını itirir. Buna baxmayaraq, R.Behbudov Boliviyada gündə iki, bəzən üç dəfə konsertlərdə oxuyur. Sənətkarın Latın Amerikası melodiyalarının ifası, bu mahnılarda xalqın qəlbini duymaq, açıb göstərmək bacarığı tamaşaçılara böyük təsir bağışlayır. Məşhur "Kumparsita" tanqosunu ispan və Azərbaycan dillərində ifa edən sənətkar haqqında qəzetlərdən biri yazır: ""Kumparsita"da yüksək səslənən notları hələ heç kəs Bakıdan gələn bu insan kimi oxumayıb". 
Görkəmli sənətkarın repertuarına Çin, şotland, ispan, fars, hind və başqa dillərdə səslənən çoxsaylı mahnılar daxil idi. Bu mahnıları öyrənərək ayrı-ayrı dillərin xüsusiyyətləri, tələffüz və artikulyasiya qaydalarına böyük diqqətlə yanaşırdı. Lirik təbiətli sənətkar bu mahnıları asanlıqla mənimsəyir, hər biri üçün özünəməxsus "libas" tapırdı. O, yerli müğənnilərin ifa üslubunu təqlid etmədən, mahnıya xas milli xarakteri qoruyub saxlayır, incə bədii üsullar, nadir musiqi müşahidəsi ilə parlaq formada təfsir edirdi. Maraqlıdır ki, nəğməkarın oxuduğu dünya xalqlarının mahnılarında həmişə Azərbaycan torpağının əks-sədası hiss edilirdi. 
R.Behbudovun geniş repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının əsərləri tuturdu. F.Əmirovun Nizaminin sözlərinə yazılmış "Gülüm" romans-qəzələnin, "Sevdiyim yardır", "Reyhan", "Azərbaycan elləri", "Ulduz" romansının, "Kor ərəbin mahnısı"nın tayı-bərabəri olmayan ifaçısı idi. Təkrarolunmaz vokal üslubunu yaradan müğənni Q.Qarayevin "Xəzər nefçilərinin marşı", T.Quliyevin "Zübeydə", "Bəxtəvər oldum", "Əziz dost", R.Hacıyevin "Sevgilim", C.Cahangirovun "Ana", T.Hacıyevin "Lalələr", S.Rüstəmovun "Azərbaycan", "Alagöz", E.İbrahimovanın "Nəğmə dolu bir ürəyəm", "Ey vətən", R.Mustafayevin "Yurdum", O.Kazimovun "Qocalır anam" mahnılarının etalon təfsirini yaradırdı. 
Böyük ilham və ruh yüksəkliyi ilə müğənni xalq mahnılarımızı ifa edirdi. "Çal oyna", "Ağacda alma", "Qoy gülüm gəlsin", "Küçələrə su səpmişəm", "Bu gün ayın üçüdür", "Evləri var xana-xana", "Gözəlim sənsən", "Ağacda leylək" kimi vokal şedevrlər R.Behbudovun simasında öz misilsiz ifaçısını tapırdı. Sənətkar xalqın sevdiyi məşhur mahnıları köhnə "örtükdən" azad edir, tamamilə yeni, təravətli formada səsləndirirdi. "Xalq mahnılarında heç bir saxtakarlıq yoxdur. Bu mahnılara xalqın sevinci hopur. Əsrlər keçə-keçə cilalanır, xalqın nəfəsi ilə isinir" - deyən sənətkar məharətli ifası ilə onları dinləyicilərə çatdırır. O, ilk müğənnilərdən idi ki, "Dağlarda çiçək", "Gülabatın", "Bülbüllər oxuyur", "Güloğlan" və başqa mahnıları simfonik və xalq çalğı alətləri orkestrinin müşayiəti ilə səsləndirirdi. 
Zəngin bədii fantaziyası olan R.Behbudov həm də bir sıra məşhur mahnıların müəllifidir - "Azərbaycan", "Bayatılar", "Gəncə", "Əlvida". Turkiyə səfərindən əvvəl "Bakı-İstanbul-Ankara" adlı vokal miniatür bəstələyir və böyük müvəffəqiyyətlə dinləyicilərə təqdim edib. 

Gənclik illərindən başlayaraq müxtəlif musiqi kollektivləri təşkil edən Rəşid Behbudov özünü nəinki istedadlı müğənni, həm də gözəl təşkilatçı, bədii rəhbər kimi də təsdiqləyir. Xalqın milli mahnı sənətinin inkişafında misilsiz rol oynayan böyük sənətkar 1956-cı ildə "Azərbaycan" adlı ansambl yaradır. "Mən zəngin, çox gözəl və qeyri-adi mədəniyyətimizin, musiqimizin xarici ölkələrdə necə böyük qələbələr qazandığını gördükcə düşünürdüm ki, bu ölkələrdə doğma xalqımızın incəsənətini daha geniş şəkildə təbliğ edə biləcək yeni bir forma tapmaq lazımdır". Məhz buna görə sənətkar yeni kollektivinin tərkibinə estrada orkestri üçün ənənəvi musiqi alətləri ilə yanaşı, milli musiqi alətlərini daxil edir - tar, kamança, tütək, balaban və zurna. Azərbaycan və Avropa musiqi alətlərinin sintezi nəticəsində R.Behbudov orkestrin özünəməxsus çalarla səslənməsini əldə edir. Ansamblın ilk çıxışı geniş əks-səda doğurur və böyük türk şairi Nazim Hikmətin bir fikrini xatırladır: "Azərbaycan musiqisi ulu bir çinar kimidir. Kökləri Azərbaycan torpağının, xalqının dərinliklərindədir, gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam, yekparədir. Budaqları bir-birindən sıx, qol-qol, ayrı-ayrı tərəflərdən eyni göy üzünə yüksəlir". 

1957-ci ildə R.Behbudovun rəhbərlik etdiyi estrada kollektivi "Azərbaycan" dövlət konsert ansamblı statusunu alır. Beləliklə, keçmiş Sovet İttifaqında estradada durğunluq hökm sürdüyü, caz barədə diskussiyalar aparılan bir vaxtda sənətkar estrada musiqisinin inkişaf yolunu "əyani" formada göstərir və tükənməz yaradıcılıq fantaziyasının zamanəsini qabaqlamasını sübut edir. Onun fəaliyyətinin zirvəsi isə Mahnı Teatrı olur. Heç də hər bir, hətta ən istedadlı insana öz teatrını yaratmaq nəsib olmur. Lakin 1966-cı ildə Rəşid Behbudov buna nail olur və Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir. Bu, özünəməxsus musiqi ocağı zəmanəsi üçün tamamilə yeni, estrada musiqisindən daha çox, XX əsr teatr təzahürlərinə yaxın hadisə idi. R.Behbudov bədii rəhbər, direktor və solist olaraq həyatının sonuna kimi Mahnı Teatrında fəaliyyət göstərir. 

Dünya musiqi mədəniyyətində baş verən prosesləri diqqətlə izləyən sənətkar milli mahnı ifaçılığının yeniləşməsi haqqında düşünür. Belə bir fikrə gəlir ki, hər nəğmənin öz süjeti var və xalqının müxtəlif mahnılarını vahid tamaşa çərçivəsində vermək olar. Məhz buna görə, Mahnı Teatrında proqram - tamaşa kimi tərtib edilir və müxtəlif janrlar ümumi xətlə birləşir. Hər nömrənin süjeti səhnə həlli üçün əsas olaraq, kiçik novellaya bənzəyir. Mahnı yalnız müğənninin vasitəsilə deyil, həm də səhnə effektləri, rəqs, pantomima, instrumental musiqi, kino sənətinin köməyi ilə ifa olunur. Bu tamaşalarda R.Behbudov sanki tarixin səhifələrini vərəqləyir, klassik əfsanələrin obrazları, yumorla dolu səhnələri canlandırır. Hər bir nömrə müəyyən funksiya daşıyır, psixoloji cəhətdən dəqiq olaraq şən, yumoristik, lirik, kədərli hissləri ifadə edir. Mahnı Teatrında kollektivin musiqi müşayiətçisi estrada orkestri idi. Lakin milli intonasiya və ritmlərin ifadəsi üçün ənənəvi instrumental heyət Azərbaycan xalq musiqi alətləri ilə zənqinləşir. 

Mahnı Teatrında tamaşaçılar mahnıları həm dinləyir, həm də görürdülər. Səhnə ekranında Qobustan qayaüstü rəsmləri, Azərbaycanın ölməz sənətkarları tərəfindən yaranmış qədim abidələr, Bərdə məqbərələri, Şirvanşahlar sarayı "canlanır". Sənətkarın bu zaman oxuduğu mahnılar sanki bütün bu abidələri dilə qətirir. Aktyor-müğənni həm epik - "Azərbaycan", "Tarixin səhifələri", "Füzuli", "Yaşamaq", həm də lirik - "Axtarıram", "Ay ana, dostum evlənir", "Günəş", "A Leyli" vokal obrazlarını özünəməxsus bacarıq və məharətlə ifa edir. R.Behbudov Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariya və mahnısını oxuyandan sonra "Hərə öz arşını ilə ölçür" vokal xoreoqrafik kompozisiya nümayiş olunur. Mahnı xoreoqrafik epizodlarla ardıcıllaşır.

R.Behbudov 30 ilə yaxın bu kollektivə rəhbərlik edir, daim axtarışda olub, yaradıcılıq eksperimentləri aparır. Hər bir konserti o, "Azərbaycan" mahnısı ilə başlayır və tamamlayır. Mahnı Teatrı yarandığı gündən dünyanın 52 ölkəsinin 186 şəhərində qastrol səfərində olur. Həyatının son iyirmi beş ili ərzində sənətkarın konsertləri - "Səni tərənnüm edirəm, doğma Azərbaycanım!" devizi ilə keçir. Rəşid Behbudov səsinin məlahəti, xüsusi ahəngi, cazibəsi, təbii gözəlliyini milyonlarla insanlara ərməğan edir, əvəzində hər bir ölkədə sevgi və ehtiramla qarşılaşır. "Dəmir pərdə" arxasında Sovet İttifaqının heç bir sənətçisi onun qədər çoxsaylı ölkələrdə konsertlər verməmişdir. Gərgin fəaliyyəti nəticəsində 1980-ci ildə R.Behbudov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. O dövrün musiqi ifaçıları sırasında ondan əvvəl bu şərəfli mükafata yalnız Böyük Teatrın görkəmli ifaçısı olan SSRİ xalq artisti İvan Kozlovski layiq görülmüşdü. 

Sosialist əməyi qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatı laureatı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi fəxri adlarını almış R.Behbudov uzun illər Azərbaycan Ali Sovetinə deputat seçilir. SSRİ kimi böyük bir dövlətin ali qanunvericilik orqanında - SSRİ Ali Sovetində üç çağırışda Azərbaycan xalqını təmsil edir. Bu yüksək adların, orden və medalların böyük sənətkara verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Müdrik rəhbər R.Behbudovun yaradıcılığını xüsusi qiymətləndirirdi və Mahnı Teatrı üçün bina ayırmışdı. Ümummilli liderin işlərini layigincə davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev unudulmaz sənətkarımızın 100 illik yubileyini keçirmək haqqında sərəncam imzalamışdır. Bu, dövlət başçısının mədəniyyətə olan münasibətinin parlaq təzahürüdür.
Əsl vətənpərvər olan Rəşid Behbudov bütün varlığı ilə doğma xalqını sevir, Azərbaycanın ağır anında, Qarabağ hadisələri başlanan zaman yüksək tribunalardan öz səsini ucaldır. Keçirdiyi mənəvi sarsıntılar müğənninin səhhətinə ciddi təsir göstərir, 1989-cu ildə Moskva şəhərində həyatla vidalaşır.
"Bu, nə qədər böyük xoşbəxtlikdir ki, mən həyatımı mahnıya həsr etmişəm" - deyən sənətkarın yadigarı olan Mahnı Teatrı bu gün onun adını daşıyır, lent yazılarında yaşayan bənzərsiz ifası insanların qəlbini oxşayır.

"Azərbaycan" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/389829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR