Buxarestdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 33-cü iclası keçirilib

Buxarestdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 33-cü iclası keçirilib
11:03 13 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Buxarest, 13 dekabr, AZƏRTAC
Buxarestdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 33-cü iclası keçirilib. İclasa Rumıniyanın xarici işlər naziri Lazar Komanesku sədrlik edib. O, çıxışında Rumıniyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verərək təşkilatın və onun əlaqəli qurumlarının fəaliyyətinin səmərəliyinin artırılması zərurətini vurğulayıb. Qara dəniz regionunda iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu söyləyən nazir bildirib ki, QDİƏT bu əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli platformadır.
QDİƏT Daimi beynəlxalq katibliyinin baş katibi Maykl Kristides 2015-ci ilin ikinci yarısı üzrə Tərəqqi Hesabatını təqdim edib. O, çıxışında, həmçinin dünyada baş verən siyasi proseslər və iqtisadi böhran fondunda təşkilatın fəaliyyətinin artırılmasının önəmini qeyd edib. Baş katib hazırkı dövrdə təşkilatın potensialından daha aktiv şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın sədrliyi dövründə QDİƏT-in səmərəli fəaliyyətinin artırılması istiqamətində görülmüş işlərin Azərbaycan tərəfindən müsbət qarşılandığını və qiymətləndirildiyini bildirib. Regiondakı bəzi dövlətlərin əsassız ərazi iddiaları nəticəsində meydana çıxan silahlı münaqişələrin iqtisadi əlaqələrin genişləndirilməsi və onların səmərəliliyinin artırılması baxımından ən ciddi maneə olduğunu vurğulayan nazir müavini deyib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş ərazilərimizdə həyata keçirilən etnik təmizləmə siyasəti bu ölkə ilə iqtisadi əlaqələrin yaradılmasını mümkünsüz edib. M.Məmmədquliyev bu baxımdan Ermənistan tərəfinin beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq öz işğalçı siyasətini davam etdirməsini, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasını xüsusi vurğulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Buxarestde_Qara_Deniz_Iqtisadi_Amekdasliq_Teskilatinin_Xarici_Isler_Nazirleri_Surasinin_33_cu_iclasi_kechirilib-910878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR