Aynurdan MTRŞ-yə sərt sözlər: "Avaraçılıq əlamətidir" - FOTO

Aynurdan MTRŞ-yə sərt sözlər: "Avaraçılıq əlamətidir" - FOTO
12:05 13 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Milli Televiziya Şurasının aparıcıların nitq qüsurları ilə bağlı hesabatına tanınmış aparıcı Aynur Talıbova münasibət bildirib.

"Qafqazinfo"ya açıqlama verən teleaparıcı "Bura Azərbaycandır" verilişinin 10 il bundan qabaq çəkildiyini bildirib:

"Bu qurumu nə ciddi hesab edirəm, nə də qüsur saydığı şeyin üzərində müzakirə aparmaq niyyətindəyəm. Hansı savadlarına güvənib dildə və kimin dilində qüsur axtarırlar? Bişmiş toyuğun gülməyi gəlir. Konkret olaraq məni nəzərdə tutub qeyd etdikləri məqama gəlincə... Bu veriliş 2004-cü ilin sentyabrında, 39 dərəcə hərarətlə, xəstə ikən çəkilib. Dəfələrlə efirdə təkrarları verilib. Əzbər deyildi, improvizasiyadan ibarət işimiz vardı. Ekstremal hallarda iş prosesində ac-susuz, xəstə ola-ola yeni tanış olduğun geniş informasiyanı kameraya deyərkən mexaniki olaraq səhvlərə yol vermək böyük qəbahət deyil.

MTRŞ məndən başqa ardıcıl olaraq müxtəlif kanallarda sadəcə turizm - tanıtım məqsədi güdən 108 proqram hazırlayan bir nəfərin adını çəksin. 5 dəfə ölkəni dövr eləmişəm. TV proqramları zamanı topladığımız materiallardan 3 dildə 3 ayrı kitab çıxarmışam. 4-cü də önümüzdəki il işıq üzü görəcək. Bu araşdırmaları eləyən və əməyi üz ağardan neçə adamın adını çəkə bilərlər? 10 il bundan əvvəl çəkilmiş verilişlərin hələ də efirdə getməsi yaradıcı qıtlığın bəhrəsidir. Yerli media və onun iş prinsipləri elə vəziyyətdədir ki, ağlı, savadı, istedadı və sair kimi özəllikləri olan çox sayda peşəkar iş yerlərini tərk edib, başqa sahələrdə çalışır..."

Aynur Talıbova dil probleminin mövcüd olduğunu bildirib:

"Bəli, dil problemi mövcuddur. Problemin həlli dərindir. Bu yaxınlarda mətbuatda Azərbaycan dilinə daxil edilmiş 2500 yeni kəlmə ilə qarşılaşdım. Dilə salınmış yeni xarici ifadələrin bəzilərinin izahı ya baş-ayaq, ya da səhv verilib. Nümunə üçün uzağa getmək lazım deyil. Qonşu Türkiyəyə Türk Dil Qurumu fəaliyyət göstərir. Onlar dilçiliyi nizama salırlar. Dövlət kanalı TRT-də diksiya kursları mövcuddur. O kurslara dilində və nitqində qüsur olan insanları ümumiyyətlə qəbul etmirlər.

Bizdə Azərbaycan dilində düzgün nəfəs almağı və doğru danışmağı öyrədən tək bir vəsait göstərə bilərsinizmi? Oturub tək-tək qüsur seçməklə məşğul olmaq avaraçılıq, bekarçılıq əlamətidir. Əvəzində kütləvi şəkildə savadsızlığın töküldüyü mediada bu halın qarşısını almaqdan ötrü daha faydalı işlərlə məşğul ola bilərlər. Məsələn, dövlət televiziyası rəhbərliyi ilə ortaq düşünüb çox sanballı dil kursları təşkil edib, 3-4 sanballı dilçini bir araya gətirib Azərbaycan dilində doğru danışma sənəti adında dərslik hazırlaya bilərlər. Çox iş görülməlidir. Amma boş işlərlə vaxt öldürmək daha qiymətlidir".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR