Türkiyənin İzmit şəhərində Ulu Öndərin xatirəsinə həsr olunmuş sərgi açılıb

12:43 13 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


İzmit, 13 dekabr, AZƏRTAC
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş fərdi rəsm sərgisi açılıb.
Sərgidə tanınmış türkiyəli rəssam İlhan İşbaşının yağlı boya ilə kətan üzərində əsərləri nümayişə çıxarılıb.
İki həftə davam edəcək sərginin açılış mərasimində ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafı naminə gördüyü işlərin əhəmiyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Ulu Öndərimizin bu istiqamətdə fəaliyyəti bütövlükdə türk dünyasının birliyi və dirçəlişi üçün böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, qədirbilən türk xalqları həmişə böyük şəxsiyyətlərinin xatirəsini uca tutur. Rəssam İlhan İşbaşının Heydər Əliyevin portretlərinə fırça ilə həyat verməsi, o cümlədən Ulu Ondərimizin xatirəsinə sərgi açması dahi rəhbərimizə olan ümumtürk sevgisinin daha bir nümunəsidir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün, o cümlədən Azərbaycanın tarixi abidələri, mənzərəli yerləri rəssamın ən gözəl portretləri arasında özünə yer tapıb.
Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Ulu Öndərimizin xatirəsinə təşkil etdiyi daha bir tədbir azərbaycanlı tələbələrin istirahəti ilə bağlı idi.
İzmitdə fəaliyyət göstərən Koceli Universitetində təhsil alan azərbaycanlı tələbələr dekabrın 12-də Çanaqla şəhərinə səfər ediblər.
Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar AZƏRTAC-a müsahibəsində bildirib ki, səfərin İzmit-Çanaqqala-İzmit marşrutu üzrə seçilməsində məqsəd Çanaqqala zəfərinin nişanələrini tələbələrə nümayiş etdirməkdir. XX əsrin əvvəlində Azərbaycanda və Türkiyədə baş verən hadisələrin nəticələri barədə həqiqətləri gənclərimizin bilməsi tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Izmit_seherinde_Ulu_Onderin_xatiresine_hesr_olunmus_sergi_achilib-910887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR