Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun üçüncü konteyner qatarı Gürcüstandan Türkiyəyə yola salınıb

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun üçüncü konteyner qatarı Gürcüstandan Türkiyəyə yola salınıb
14:23 13 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 dekabr, AZƏRTAC
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə) ilə hərəkət edən Çinin Lyanunqan vilayətindən yola düşən üçüncü konteyner qatarı Gürcüstana çatıb.
Dekabrın 13-də Gürcüstanda 21 vaqondan ibarət üçüncü konteyner qatarının qarşılanma mərasimi olub.
Gürcüstan dəmir yolu vağzalında qatarı Baş nazir İrakli Qaribaşvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, “Azərbaycan Dəmir Yoları” QSC-nin sədr müavini İqbal Hüseynov, eləcə də Qazaxıstan, Türkiyə və Çinin səfirləri və digər rəsmi şəxslər qarşılayıblar.
Baş nazir İraklı Qaribaşvili deyib ki, “İpək Yolu” layihəsi çərçivəsində bu və digər layihələrin reallaşdırılması Gürcüstanın da inkişafına təkan verəcək. “İpək yolu” layihəsi çərçivəsində Çinin uzaq Şərqindən yola salınan yüklər Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Avropaya çox qısa müddətdə çatdırılacaq. “Mən çox sevinirəm ki, üzərində Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkiyə bayraqları ilə bəzədilmiş bu konteyner qatarı bu gün Tbilisiyə çatıb. Biz 8-10 gün ərzində uzaq Çindən gələn qatarları qarşılayıb, 3-5 gün ərzində də buradan Avropanın müxtəlif ölkələrinə çatdıracağıq. Bu marşrut bizə dünya iqtisadi bazarında vacib tərəfdaş olmağımıza böyük imkanlar açır. Bizim ölkələrimizin siyasi, iqtisadi, mədəni inkişafına təkan verir”, - deyə İraklı Qaribaşvili bildirib.
“Gürcüstan Dəmir Yolları”nın baş direktoru Mamuka Baxtadze çıxışında “İpək yolu” layihəsinin tərkib hissəsi olan bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O bu layihənin reallaşdırılması zamanı Gürcüstanın qarşılaşdığı problemlərin həllində göstərdiyi hərtərəfli köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Sonra Çinin və Qazaxıstanın səfirləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini iqbal Hüseynov çıxış edərək layihə barədə fikirlərini bölüşüblər. Bildirilib ki, konteyner qatarının tam istifadəyə verilməsi Asiya ilə Avropa arasında ticarət dövriyyəsini genişləndirməklə yanaşı, bu xətt üzrə yerləşən ölkələrin siyasi, iqtisadi, mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətə davamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Yaxın vaxtlarda daha bir konteyner qatarının Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət olan ikinci konteyner qatarı sentyabr ayının sonunda, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatmışdı.Əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.
Konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, “Qazaxıstan temir jolı” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.
Sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilib və konteyner qatarı Tbilisidən Türkiyəyə yola salınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Transxezer_Neqliyyat_Marsrutunun_uchuncu_konteyner_qatari_Gurcustandan_Turkiyeye_yola_salinib-910896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR