"Heydər Əliyev Azərbaycan deyəndə onu bir dünya görürdü" - VİDEO

"Heydər Əliyev Azərbaycan deyəndə onu bir dünya görürdü" - VİDEO
19:32 13 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, onun Azərbaycanın, xüsusilə də bölgələrinin inkişafına göstərdiyi diqqət və qayğı barədə daha ətraflı danışmaq üçün ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Kəpəz TV-nin (Region TV) "Bu həftə" proqramının qonağı olub.

İbrahim Cəfərov - ADAU-nun rektoru, professor: "Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu qaçılmazdır. Özündə siyasi və milli liderliyi cəmləşdirə bilən bir insanın 1969-cu ildən başlayaraq Azərbaycanın tarixinə daxil olması və bu gün də yaşaması təbii ki, hər bir azərbaycanlının qürur və fəxr yeridir. 1960-cı illərə nəzər saldıqda, biz geridə qalmış, aqrar sahənin irəliləyə bilmədiyi, sənaye sahəsinin tənəzzülə uğradığı bir respublika görürük və belə bir zamanda azərbaycanlı bir zabitin SSRİ dönəmində Dövlət Təhlükəsizlik Komitəsində general-mayor rütbəsinə yüksəlməsi və ilk dəfə olaraq respublikada DTK sədri olması özü də qürurverici bir hadisə idi.

Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi təbiidir ki, onun üzərinə böyük bir məsuliyyət qoydu. O, bu məsuliyyəti dərindən dərk edərək öz qətiyyətini və idarəetmə qabiliyyətini ortaya qoyub, Azərbaycanı inkişaf etdirmə istiqamətində çalışmalar göstərməyə başladı. Bunun da nəticəsi olaraq Azərbaycan 1970-ci ildən başlayaraq həm sənaye, həm kənd təsərrüfatı, ümumilikdə bütün sahələrdə inkişaf etməyə başladı. Elə təkcə bunu demək kifayət edər ki, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə üzüm, pambıq, meyvə-tərəvəz məhsullarının istehsalı qat-qat artmışdır. Azərbaycan sənaye sahəsində, ümumilikdə kompleks şəklində inkişaf etməyə başlayırdı. O, həmçinin Cəmşid Naxçıvanski hərbi məktəbinın yaradılmasında böyük çabalar göstərdi.

H.Əliyevin ölkədə ikinci dəfə hakimiyyətə gəldiyi dövrlər istər çaxnaşmalar, istər xaricdən təzyiqlər baxımından çətin idi, elə həmin dövrdə də Azərbaycanın daxili siyasəti ilə bərabər, xarici siyasəti də yürüdülməyə başladı.

Biz bu gün H.Əliyevin Azərbaycan tarixindəki roluna baxdıqda bir neçə hadisələri nəzərdən qaçırmamalıyıq. 1960-cı illərin sonunda Azərbaycan tənəzzülə uğradıqda Heydər Əliyevin üzərində dayanıldı, o, Azərbaycana rəhbərlik etdi. 1990-cı ildə mənfur qonşularımız, o cümlədən Mixail Qorbaçovun yeritdiyi siyasət nəticəsində Bakı qan çanağına dönəndə, Azərbaycan xalqının səsi heç kimə çatmayanda, H.Əliyev Moskvada yaşamasına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində böyük bəyanat verərək Azərbaycanın haqq səsini dünyaya bəyan etdi və xalqının ən ağır vaxtında hakimiyyətə gəldi. Heydər Əliyev 1990-cı il yanvarında hakimiyyətə dəvət edilsəydi, bizim başımıza bu bəlalar gəlməzdi. 1990-cı illərdə Azərbaycanda baş verən proseslər torpaqlamızın itirilməsinə gətirib çıxardı. Belə bir dövrdə də azərbaycanlıların ümid yeri Heydər Əliyev idi. Biz şükr edirik ki, bizim belə bir liderimiz oldu və o, Azərbaycanı parçalanmadan qorudu. 1990-cı illərdə hakimiyyət öz idarəetməsini itirən dövrlərdə, ölkədə müxtəlix yollarla siyasi sabitliyi pozmağa cəhdlər olmasına baxmayaraq, Heydər Əliyev istənilən siyasi situasiyadan çıxmağı bacaran şəxs kimi ölkəni idarə etməyə başladı və öz qətiyyəti, gücü ilə xalqına bağlılığını sübut etdi.

1994-cü ildə əsrin müqaviləsinin imzalanması ilə ölkədə siyasi sabitliyin əsası qoyuldu, 1995-ci ilin sonlarından başlayaraq iqtisadiyyatımız dirçəlməyə başladı və Heydər Əliyev yeni Azərbaycan qurmağa başladı.

Heydər Əliyevin elmə və təhsilə verdiyi qiymət hələ 1970-ci illərdə onun göstərdiyi diqqətin təzahürü idi və o, ölkədə təhsil səviyyəsinin yüksəlməsi yolunda bir çox işlər görürdü. Bütün sahələrin inkişafı kimi, Azərbaycan elmi, təhsili də daim onun diqqətində olubdur.

Heydər Əliyevin bütün həyatı nəinki gənclər üçün, bütün vətəndaşlarımız üçün böyük bir məktəbdir, örnəkdir. Həm iqtisadi, həm siyasi, həm də mənəvi məktəbdir. Heydər Əliyevin böyük bir vətən, xalq sevgisi vardı. O, daim öz xalqının yanında idi. Onun qətiyyəti, idarəçilik qabiliyyəti, siyasi situasiyalardan çıxmaq qabiliyyəti, dünya siyasətinə təsir etmək qabiliyyəti və s. hansından örnək götürməmək olar?! Heydər Əliyev Azərbaycan deyəndə onu bir dünya görürdü.

Heydər Əliyev ölkənin bütün regionlarına olduğu kimi, Gəncəyə də hər zaman böyük diqqət və qayğı göstərib. Heydər Əliyevin qurduğu və cənab prezidentin apardığı tarazlı xarici siyasət nəticəsində bu gün Azərbaycan ayaq üstədir, əmin-amanlıq şəraitində inkişaf edir və bunun hamısı üçün biz Heydər Əliyevin ruhuna minnətdar olmalıyıq".

Qeyd edək ki, İbrahim Cəfərovun "Bu həftə" proqramına verdiyi müsahibəni daha geniş formada "Həftənin qonağı" rubrikasından izləyə bilərsiniz...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR