Qazaxıstandan Türkiyəyə xəyanət?!

Qazaxıstandan Türkiyəyə xəyanət?!
20:17 13 Dekabr 2015
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fəzail Ağamalı: "Qazaxıstan türk dövləti olmaqla bərabər həm də Rusiya ilə bütün sahələrdə çuğlaşmış bir ölkədir"

Belarus və Qırğızıstan prezidentləri Aleksandr Lukaşenko və Almazbek Atambayev Rusiya və Türkiyəni üz-üzə gəlməyə və yaxşı münasibətləri bərpa etməyə çağırıb. 
Liderlər bu bəyanatı Türkmənistanın neytrallığının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda veriblər. "Qarmaqarışıq dünyada səhvlər qaçınılmazdır. Onları qızışdırmaq yox, həll etmək lazımdır" - deyə Lukaşenko bildirib.

Bənzər çağırışla Qırğızıstan prezidenti Almazbek Atambayev çıxış edib. Ona görə ikitərəfli münasibətlərdə gərginliyin artmasına yol vermək olmaz: "Bizə qardaş olan ölkələr arasında yaxın zamanadək mövcud olan dostluq münasibətlərini bərpa etmək lazımdır". 
Bu arada Qazaxıstanın Türkiyəyə sanksiyalarda Rusiyaya dəstək verdiyi barədə xəbər yayılıb. 
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Aleksandr Belyanin bəyanatla çıxış edərək bildirib ki, Belarus və Qazaxıstan  Türkiyəyə sanksiya  məsələsində Rusiyaya yardım etməyə hazırdır.
Onun dediyinə görə, bu iki ölkə embarqo qoyulan türk mallarının Rusiyaya girişini qarşısını almaq üçün Moskva ilə əməkdaşlıq etməyə hazır olduğunu onlara çatdırıb: "Türk mallarına qarşı embarqo qərarlarından sonra, Belarus və Qazaxıstandan olan  həmkarlarımız, Türkiyədən gələn məhsulların ölkəmizə girişini əngəlləmək üçün mobil nəzarət qruplarını hərəkətə keçəcəklərini deyiblər".

Embarqo qoyulan  məhsulların dolayı yollarla Rusiyaya gətirilməsinə çalışılacağının fərqində olduqlarını qeyd edən Belyanin bu işdə adları çəkilən ölkələrlə əməkdaşlıq edəcəklərini bildirib.

Bir çox siyasətçilər hesab edir ki, Rusiya rəsmisinin bu bəyanatında deyilənlər reallaşsa, bu,   Qazaxıstanın Türkiyəyə, türk dünyasına xəyanəti kimi qəbul ediləcək. 

Deputat Fəzail Ağamalı isə "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Rusiyanın Türkiyəyə qarşı sanksiyalarına Qazaxıstanın hər hansı şəkildə qoşulub-qoşulmadığını tam dəqiqləşdirmək lazımdır. Qazaxıstan rəsmi şəkildə təsdiqləsə ki, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Aleksandr Belyanin açıqlaması həqiqəti əks etdirir, Türkiyəyə qarşı sanksiyalarda iştirak edir, məhz bundan sonra bir türk dövlətinin hərəkətinə daha dolğun münasibət bildirmək olar: "Ola bilsin ki, yayılan açıqlama sadəcə olaraq yoxlayıcı bir informasiyadır. Qazaxıstan tərəfinin açıqlamasını gözləmək daha düzgündür. Bu açıqlama olmadan "Qazaxıstandan türk dünyasına, Türkiyəyə xəyanət" şəklində fikirlər söyləmək tezdir. 

İndiki halda sadəcə onu deyə bilərik ki, Qazaxıstan türk dövləti olmaqla bərabər həm də Rusiya ilə bütün sahələrdə çuğlaşmış bir ölkədir. Qazaxıstan əhalisinin sayında ruslar ciddi əhəmiyyətə malikdir. Rusiya ilə Qazaxıstanın ciddi tellər bir-birinə bağlayır. İqtisadiyyatları bir-biri ilə çox sıx bağlıdır. Bu və digər amillər Qazaxıstanın Rusiyanın yanında olmasına təkan verir. Əgər Qazaxıstan rəsmi qaydada Rusiyanın anti-Türkiyə sanksiyalarına dəstək verəcəksə, Türkiyə ilə münasibətlərin necə olacağını bəri başdan proqnozlaşdırmaq çətindir".

F.Ağamalı onu da vuğruladı ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan dövlətinin öz siyasətində müstəqil olması son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda bir daha göründü:

"Azərbaycan istər beynəlxalq miqyasda, istərsə də regional proseslərdə hər zaman müstəqil siyasət yürüdən bir ölkə imicini qazanıb. Azərbaycan ABŞ-dan İrana tətbiq olunan bir çox sanksiyalara, Krım məsələsinə görə Qərbdən Rusiyaya sanksiyalar həyata keçiriləndə bu sanksiyalara qoşulmadı, neytrallığını qorudu. Halbuki, Azərbaycanın da bu sanksiyalara dəstək verməsinə çalışan beynəlxalq güclər var idi. Ancaq Azərbaycan bütün bunlara rəğmən müstəqil siyasət yürütmək xəttindən geri çəkilmədi. Azərbaycan öz müstəqil siyasətini, məhz daxildə xalqın istəyinə uyğun olaraq addımlar ataraq siyasət yürütdüyünü Rusiya ilə Türkiyə arasında gərginliklər başlayandan sonra da nümayiş etdirir. Azərbaycan həm Türkiyə ilə, həm də Rusiya ilə strateji maraqlarımıza söykənən əməkdaşlığını davam etdirir. Biz Rusiyanın dünyaya meydan oxuduğu bir zamanda onun dünyaya oxuduğu meydanın içərisində olmalı deyilik. Azərbaycan bir dövlətin başqa dövlətə qarşı maraqlarının içərisində yer almır. Biz ictimai rəy olaraq Rusiya və Türkiyə arasında qarşıdurma deyil, yumşalmaya xidmət eləyən missiyanın yerinə yetirilməsinə öz töhfəmizi verək. Azərbaycan dövləti də bu istiqamətdə özünün imkanlarını hər zaman ortaya qoya bilər. Mənə elə gəlir Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək və bir çox dövlətlərə nümunə olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR