Məcburi köçkünlərin Gəncədə yeni inşa olunmuş qəsəbəyə köçürülməsi prosesi başa çatıb

Məcburi köçkünlərin Gəncədə yeni inşa olunmuş qəsəbəyə köçürülməsi prosesi başa çatıb
11:47 30 Dekabr 2014
232 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:42 ]

Bakı - APA. Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış, noyabrın 14-də isə prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 600 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi prosesi tam başa çatıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məcburi köçkünlər üçün Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yeni inşa olunmuş qəsəbə dövlət başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.

 

Gəncə şəhərinin Kəpəz rayonu ərazisindəki 60 hektar sahəni əhatə edən bu qəsəbəyə Kəlbəcərdən və Xocalı rayonundan olan məcburi köçkünlər köçürülüblər. Dövlət Komitəsinin Repatriasiya Departamentinin rəhbərlik etdiyi Köçürmə Komissiyası tərəfindən həmin qəsəbəyə köçürmə prosesi başa çatdırılıb. Ötən illərdə olduğu kimi, bu il də yeni salınan qəsəbələrdəki mənzillər də ailə tərkibinə görə müvafiq rayon İcra hakimiyyətlərinin, məcburi köçkün icmalarının və Dövlət Komitəsinin nümayəndələrindən ibarət yaradılmış komissiyanın iştirakı ilə, püşkatma yolu ilə paylanıb. Qəsəbədə müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası digər zəruri sosial-texniki infrastruktur yaradılıb. Digər ərazilərdə salınmış qəsəbələrdə olduğu kimi, bu qəsəbələrdə də elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş görülüb. Yol-küçə şəbəkəsinin salınması, abadlıq, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb. Uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaz təmizləyici məntəqə yaradılıb, müasir yol-küçə şəbəkəsi qurulub.

  

Qeyd edək ki, Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilib, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR