Fransa seçkilərində gözlənilməz nəticə

Fransa seçkilərində gözlənilməz nəticə
02:21 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən regional seçkilərin 2-ci mərhələsi gözlənilməz nəticə ilə yekunlaşıb.

ANS PRESS-in məlumatına görə, miqrantlara qarşı kəskin mövqeyi ilə seçilən qatı-sağçı “Milli Cəbhə” partiyası birinci mərhələdə 13 regiondan 6-da üstün olmasına baxmayaraq, dünənki səslərə görə, heç bir regionda qalib gələ bilməyib.

Partiyanın lideri Marin Le Pen və onun qardaşı qızı böyük gözləntilərə rəğmən namizədliklərini irəli sürdükləri regiona rəhbərlik etmək üçün kifayət qədər səs toplaya bilməyib. 3 ayrı təşkilatın ekzit-pol nəticələrinə əsasən, regionlarda rəhbər vəzifələr keçmiş prezident Nikola Sarkozinin "Respublikaçılar" partiyası və hakim “Sosialist” partiyasından olan namizədlər arasında bölüşdürülüb.


Marin Le Pen - “Milli Cəbhə” partiyasının lideri

Miqrantların axın etdiyi əsas Fransa bölgələrindən sayılan Nord-Pas de Kala regionunda Milli Cəbhə partiyasının lideri Marin Le Pen 42 faiz səs topladığı halda, onun rəqibi mühafizəkar Xavyer Bertrand 57 faizli nəticə əldə edib və qalib olub.

Onun qardaşı qızı Marion Mareşal Le Pen isə Alp-Kot-d-Azur regionunda 47 faizli səs sayı ilə məğlub olub. Onun Respublikaçı rəqibi Kristian Estrosi 55 faiz səs toplayıb. İlkin nəticələrin elan olunmasından sonra, keçmiş prezidenti Nikola Sarkozi sədri olduğu Respublikaçılar partiyasından olan namizədlərə səsverən vətəndaşlara təşəkkür edib.

“Bu nəticələr onu göstərir ki, vətəndaşlar qatı sağçılar və qatı-solçulara güzəştə getmək istəmir. Bu prinsipləri gələcəkdə də qoruyub-saxlamaq lazımdır", deyə Nikola Sarkozi bildirib.


Nikola Sarkozi - Fransanın keçmiş prezidenti

Fransada regional seçkilər parlament və prezident seçkiləri üçün “tramplin” hesab olunur və çox zaman hakimiyyətə hansı partiyanın gələcəyini təxmin etməyə imkan verir.

Respublikaçı partiyasının tərəfdarları solçularla ortaq qələbəyə sevinsə də, sabahı düşünməyi məqsədəuyğun hesab edir.

“Bu gün çox sevinirik. Yaxşı nəticələrdir, ancaq ehtiyatlı və təvazökar olmalıyıq. 2016-cı ildə partiyadan kimin namizədliyinin irəli sürüləcəyi barədə düşünməliyik, bu sabahın işidir. 2017-ci ilin prezident seçkiləri isə sabahın yox, ertəsi günün işidir, ancaq biz həmin seçkidə də qalib gələcəyik”, deyə seçici Stefan Tronçe bildirib.

Siyasi analitiklər qatı-sağçıların məğlub olmasını 1-ci mərhələylə müqayisədə, 2-ci mərhələdə seçici fəallığının həddindən artıq yüksək olmasıyla əlaqələndirir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR