Azərbaycan üçün böyük gəlirlər vəd edən bazar

Azərbaycan üçün böyük gəlirlər vəd edən bazar
08:05 14 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İranla iqtisadi münasibətlərinin genişləndirilməsi ölkəmizə külli miqdarda gəlir gətirə bilər.

Bunu Milli.Az-a Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı bildirib.


   
V.Qasımli qeyd edib ki, hazırda İran üçün təkcə neft-qaz sektoru deyil, həm də hərbi sənaye, təyyarə parkı, avtomobil bazarı, istehlak və texnologiyalar bazarı xüsusi əhəmiyyət kəsb edir: "Məsələn, İran hələ 2012-ci ildə sanksiyalar altında olanda onun ərzaq bazarının həcmi 75 milyard, paltar bazarının həcmi 20 milyard, turizm sektorunun həcmi 18,5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilirdi. Təbii ki, sanksiyaların götürülməsindən sonra neft gəlirlərinin artması, xaricdə dondurulmuş aktivlərin qaytarılması və xarici sərmayə axının artması fonunda İran iqtisadiyyatının canlanması gözlənilir. Azərbaycan və İran arasındakı ənənəvi tarixi iqtisadi münasibətlər göstərir ki, ölkəmizin yaranmış bu imkanlardan geniş yararlanmaq şansı var.


  
Ötən il Azərbaycan İrandan 147 milyon dollar həcmində mal idxal edib, özü isə bu ölkəyə 39 milyon dollar həcmində mal ixrac edib. Saldo bizim əleyhimizədir və mənfi 108 milyon dollar təşkil edir. Amma məsələ ondadır ki, bu əlaqələr iqtisadi imkanlarımızı tam əhatə etmir. Azərbaycanın 39 milyonluq ixrac mallarının içində əsas yeri təbii qaz, elektrik enerjisi, buğda kəpəyi, kalium-xlorid, polipropilen, ipək və sintetik parçalar tutub. Ümumilikdə biz İrana cəmi 57 adda məhsul ixrac edirik. Amma indi ki İran bazarı bu şəkildə dünyaya açılır və üstəlik, İranda nisbətən yumşaq ticarət rejimi tətbiq olunur və iqtisadiyyat diversifikasiyaya doğru gedir, onda Azərbaycanın bu ölkədəki iqtisadi proseslərdə, eləcə də enerji layihələrində iştirakı imkanları genişlənir".



Ona görə də iqtisadçının fikrincə, həm SOCAR, həm də Azərbaycanın digər şirkətləri İranda fəaliyyətlərini genişləndirməli və investisiya qoyuluşuna cəlb olunmalıdır. Bundan başqa, hər iki ölkədə, həmçinin İran-Azərbaycan birgə müəssisələrinin yaradılması mümkündür: "Məsələn, İranda avtomobil istehsalına görə dünyada 5-ci yerdədir. Bu, imkan verir ki, yeni texnologiyalar cəlb etməklə İranla birgə avtomobil istehsalı sahəsində əməkdaşlıq gücləndirilsin. Yaxud da Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində İranda əməkdaşlıq imkanlar böyükdür. Çünki Azərbaycan şirkətləri Türkmənistan, Qazaxıstan, Rusiya və başqa ölkələrlə İKT sahəsində uğurla fəaliyyət göstəriblər. Ona görə də İranın İKT bazarına da daxil olmaq imkanları var. Tikinti şirkətlərimizin də iran şirkətləri ilə birgə layihələr həyata keçirmələri mümkündür. Eyni zamanda, gələcəkdə İran şirkətlərinin TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) Trans-Avrasiya fiber optik kəməri layihəsinə qoşulması imkanları genişdir. TASİM-in özünün divesifikasiyası baxımından da çox yaxşı imkanlar yaranır. Bundan əlavə, İran-Azərbaycan birgə səhiyyə müəssisələrinin də yaradılması mümkündür. Eyni zamanda, səhiyyə sahəsində tələbə mübadiləsi imkanları genişdir. Həmçinin, İrandan ölkəmizə gətirilən məhsulların Azərbaycanda istehsalını təşkil etmək, birgə yollar tikmək, regionların inkişafı üçün şərait yaratmaq, yaxud sərhəddə xüsusi iqtisadi zonalar, müştərək bazarlar yaratmaq olar".

Bundan əlavə, ekspertin sözlərinə görə, Azərbaycan və İranın nəqliyyat və logistika sahəsində əməkdaşlığı inkişaf etdirmək potensialı var: "İran Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində işləri sürətləndirməlidir. Çünki bu layihə çərçivəsində artıq İran və Rusiya arasında Rəşt-Astara dəmiryolu xəttinin birgə çəkilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, tikinti işləri Rusiyanın maliyyə vəsaiti əsasında həyata keçirilir. Bu layihə Azərbaycanın təkcə regionda yox, ümumilikdə "Şimal-Cənub" dəhlizi üzrə çox mühüm fiqura çevrilməsinə gətirib çıxaracaq. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində nəzərdə tutulan istiqamətlərdən biri ölkənin nəqliyyat və daşımaçılıq halqasına çevrilməsidir. Düşünürəm ki, Azərbaycan-İran əməkdaşlığı buna əlavə imkan yaradacaq. 


 
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Bakı Gəmiqayırma Zavodu Xəzər dənizindəki İran limanlarının müxtəlif təyinatlı gəmilərinin hazırlanması və təmiri üzrə sifarişlər qəbul edə bilər. Çünki faktiki olaraq Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma müəssisəsidir. Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilməsindən sonra Ələt və Rəşt limanları arasında su nəqliyyatı daşımaçılığı üçün yeni perspektivlər açılır. Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi nəinki bütünlükdə Xəzər hövzəsində liman infrastruktunun inkişafında əlavə təkan olacaq. Düşünürəm ki, bu, İran-Azərbaycan iqtisadi əməkdaşlığı üçün əlavə imkanlar açır".

Ona görə də SAM-ın şöbə müdiri hesab edir ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra bütün bu məsələlərə yenidən baxılmasına ehtiyac var.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR