Mançestrdə Azərbaycan mədəniyyət gecəsi

08:48 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


London, 14 dekabr, AZƏRTAC 
Britaniyanın Mançestr Universitetində təhsil alan azərbaycanlı tələbələr bu şəhərdə Azərbaycan mədəniyyət gecəsi keçiriblər.
Gecədə dövlət himnimiz səsləndirilib, “Günəşli” platformasında baş vermiş yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm, mədəniyyət və incəsənət xadimlərinin, Mançestr Universitetinin müəllim və tələbə heyətinin, eləcə də şəhərdəki Azərbaycan diasporunun üzvlərinin və jurnalistlərin iştirak etdiyi tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, qədim abidələrini əks etdirən stendlər qurulub. Xüsusilə, Azərbaycan həqiqətlərindən bəhs edən “Qarabağ” stendi xarici qonaqların diqqətini cəlb edib. Stenddə işğal olunmuş ərazilərimiz, erməni silahlı qüvvələrinin ölkəmizə qarşı təcavüzkarlıq siyasəti, Xocalı soyqırımı ilə yanaşı, Qarabağ mədəniyyəti, xalçaları – “Qasımuşağı” xalçası və atlarından bəhs edən əyani vəsaitlər nümayiş etdirilib. Bundan başqa qonaqlar Azərbaycan milli mətbəx nümunələri - dolma, səbzi plov, dovğa, ağ paxlava və.s. dadmağa dəvət olunub.
Jurnalistlərə müsahibə verən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin Avropa üzrə rəhbəri Leyla Qasımova və müxtəlif ölkələrdən olan tələbələr bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini bildirib, Britaniyada Azərbaycan mədəniyyətinə böyük maraq olduğu diqqətə çatdırıblar.
Səhnəcik və milli rəqslərimizin nümayişi ilə davam edən tədbirdə xarici tələbələr arasında viktorina keçirilib. Azərbaycan milli rəqslərini ən yaxşı ifa edən xarici tələbələrə hədiyyələr verilib. İngilis dilində səhnələşdirmiş “O olmasın bu olsun” tamaşası nümayiş olunub. “Uzundərə” və “Yallı” rəqsləri, “Bayatı-Şiraz” muğamından səsləndirilən bir hissə böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycan həqiqətlərindən bəhs edən broşurlar paylanılıb.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manchestrde_Azerbaycan_medeniyyet_gecesi-910939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR