Rusiya ordusu güclüdür, yoxsa Türkiyə...

Rusiya ordusu güclüdür, yoxsa Türkiyə...
09:17 14 Dekabr 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə səmasında vurulmasından sonra Moskva və Ankara arasında yaranan gərginliklər, hələ ki,  səngiməyib. Müşahidəçilərin fikrincə, hazırda Rusiya Türkiyəni öz ordusu ilə əhatəyə almaq planı üzərində işləyir və fürsət düşən kimi Türkiyəyə sarsıdıcı zərbə vurmağa çalışır. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiyanın cavab zərbəsi endirməsi isə böyük savaşın əsasını qoya, hətta Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. Belə olan halda qarşı-qarşı duran iki ordunun müqayisəli təhlilinə zərurət yaranır. Düzdür, həm Rusiya, həm də Türkiyə orduları dünyanın ən güclü 10 ordusu sıralarında yer alıb. Rusiya ordusu dünyanın ikinci, Türkiyə Silahlı Qüvvələri isə 8-ci ən böyük ordusu hesab olunur. 

"Business Insider" dərgisi də bir müddət öncə müqayisəli təhlil aparmışdı və bəzi qənaətlərini ortaya qoymuşdu. 142 milyonluq Rusiyanın (400 min) və 81 milyonluq Türkiyənin (440 min) xidmətdəki hərbçilərinin sayına görə ikinci irəlidədir. Ehtiyatda olan hərbi qulluqçulara gəldikdə Rusiya 69 milyon, Türkiyə 40 milyonluq ehtiyata malikdir. Hərbi təyyarə sayına görə də qardaş ölkə irəlidədir. Türkiyə 3100 ədəd, Rusiya isə 3081 ədəd təyyarəyə sahibdir. Tankların sayına görə üstünlük Rusiyadadır, şimal qonşumuzun 15 min, Türkiyəninsə 3600 ədəd tankı var. Hərbi gəmilərin sayına görə də Rusiya öndədir, fərq müvafiq olaraq 350-nin 115-ə nisbətindədir. Rusiyanın 87 peyki var, Türkiyə cəmi 12-sinə sahibdir. 

Ordusunun büdcəsi 19 milyard olan Türkiyə ilə müqayisədə Rusiya orduya ayırdığı vəsaitə görə irəlidədir - 76 milyard dollar. Göründüyü kimi, bir  sıra mühüm məsələlərdə Türkiyə Rusiyadan nəinki geri qalmır, hətta irəlidədir. Rusiyanın əsas üstünlüyü onun nüvə silahındadır, ancaq Türkiyə də nüvə silahına malik bir sıra dövlətlərin alyansı olan NATO-nun üzvüdür. NATO Türkiyəni tək qoymayacağını bəyan edib, üstəlik, mövqeyini isbatlayan addımlar atılmaqdadır. İki ölkənin ordularını hərbi ekspertlərimiz təhlil etdi.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov: "Uzun illər keçmiş SSRİ ordusunda, sonradan Azərbaycan ordusunda xidmət keçmiş bir peşəkar zabit kimi deyə bilərəm ki, Rusiya hərbi-siyasi rəhbərliyi 2015-ci ildə düşdüyü belə çətin və problemli vəziyyətlə demək olar ki, heç vaxt üzləşməyib. Əslində, bu, Rusiyanın öz günahıdır və nə qədər gec deyil, bu yoldan qayıtması gərəkdir. Türkiyə kimi nəhəng bir güc ilə baş-başa gəlmək, ona hədə-qorxular yağdırmaq, sonda rusların öz başında çatlayacaq. Bunu tam əminliklə deyirəm. Bəzi şəxslər deyir ki, guya Rusiya Türkiyəyə qarşı bundan sonra hansısa güc amilindən istifadə edəcək, hamısı boş şeylərdir. Dünya arenasında iqtisadi və siyasi vəziyyəti o qədər də dayanıqlı olmayan Rusiya üçün bu cür təkəbbür və inadkarlığın sonu çox pis nəticələrə aparıb çıxaracaq bir mənzərə yaradacaq". Ü.Cəfərovun fikrincə, Moskva özünün kobud və bağışlanılmaz səhvinə görə sakitləşmək, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, hər gün yeni bir hoqqabazlıqla məşğul olur: "Elə rus hərbi gəmisinin Türkiyə ərazisində boğazdan keçərkən daşınan zenit-raket kompleksi silahını nümayiş etdirməsinə nə ehtiyac vardı görəsən? Bütün dünya buna gülür. Bu hərəkətin adı açıq təxribat və "keçinin qaşınan buynuzunu çobanın çomağına sürtməsinə" bənzəyən bir ağılsızlıqdır. Özü də münasibətlərin bu gərgin vaxtında o qərarı Moskvadan verən adamın sadəcə ağlı çaşıb, inanın buna". Hərbi ekspert Rusiyanın Ermənistanı silah-sursta arsenalına çevirməsinin də Türkiyəni təhdid xarakteri daşıdığını vurğuladı: "Yaxud Ermənistana döyüş-zərbə helikopterlərinin tez-tələsik gətirilməsinə nə ehtiyac var idi? Sadəcə cənab Putin heç cür həzm edə bilmir ki, məhz onilliklərdir rusun şıltaqlılarına, özbaşınalıqlarına və hərbə-zorbasına ilk dəfə cavab verən kişi(lər) Türkiyə Silahlı Qüvvələrində tapıldı. Öz ərazisində, Şimal Qafqazda uzun illərdir bataqlığa girən, balaca silahlı dəstələrin öhdəsindən gələ bilməyən Rusiya rəhbərliyinin NATO-ya üzvü olan Türkiyəyə qarşı əzələ nümayişinə cəhd göstərməsi sadəcə anlaşılan deyil. Nə olsun sənin nüvə silahın var? Məgər digərlərinin bu cür imkanları və ya güclərimi yoxdur? Rusiya sadə dillə desək, Türkiyəyə heç nə edə bilməyəcək. Edə biləcəkləri də istisadi addımlardır ki, burda da özləri daha çox zərər görəcəklər. Bir də, Rusiya və Türkiyə ordularının müqayisəli təhlilini edə bilən hər kəs çox rahat şəkildə deyə bilər ki, qüvvələr nisbəti rəsmi Ankaranın xeyrinədir. Özü də hər mənada. Tezliklə vəziyyət öz məcrasına düşməlidir və yəqin ki, düşəcək. Başqa addımlar olacaqsa, bunun ciddi fəsadları məhz Moskva üçün daha qabarıq şəkildə özünü göstərəcək".

Hərbi ekspert, ehtiyatda olan polkovnik İsa Sadıqov dedi ki, rusların heç vaxt güclü ordusu olmayıb və olmayacaq da: "Onlar daim bulanıq suda balıq tutublar. Aranı, böyük qüvvələri qarşı-qarşıya qoyur, onların bir-birinin qanının tökməsini isə kənardan müşahidə edir, sonda isə daha güclünün yanına keçir və o zəifdən nəsə qopardırlar. Yaxud da müharibəni balaca xalqlarla, dövlətlərə qarşı aparır, adamları vəhşicəsinə məhv edir və dünyaya öz gücünu  "göstərir"lər. Bir nəfər, bir ölkə lazım idi ki, ruslara yerini göstərsin. Bunu hətta NATO-nu təmsil edən almanlar, ingilislər və sair dövlətlər edə bilmədi, rusların özbaşınalığına göz yumdular. Bunu Türkiyə etdi və bununla Rusiyanın burnunu, dişlərini sındırdı. Sizə birmənalı şəkildə deyirəm, Rusiya heç vaxt əvvəlki Rusiya olan deyil. Ruslar sındırıldı. Türkiyə bu hərəkəti ilə bütün NATO-nu ətrafinda birləşdirdi, oyatdı, ayağa qaldırdı, avanqarda çevrildi. Belə məqamda müşahidə olunan Rusiya-Türkiyə qarşıdurması yox, Amerika başda olmaqla Rusiya-NATO, qarşıdurmasıdır. Rusiya bu qarşıdurmaya hazır deyil, məhv olacağını bilir və məsələləri gərginləşdirməkdən çəkinəcək".

İ.Sadıqov qeyd etdi ki, NATO dövləti olan Türkiyə bütün qoşun növləri üzrə ən müasir silah-sursata malikdir: "Türkiyənin quru qoşunları (qara qüvvətləri) dünyanın ən güclü ordu növüdür. Həm də Rusiya ilə müqayisə olunmaz dərəcədə güclüdür. Siz bilirsiniz ki, bu münaqişə başlayandan sonra Amerika, İngiltərə və o biri NATO ölkələri Türkiyəyə əlavə raketlər, silah və texnika göndərdi. Yəni bu müqayisəyə ancaq NATO-Rusiya çərçivəsində baxmaq lazımdır. Ona görə ki, baş verən münaqişədə tək Türkiyə yox, bütövlükdə NATO iştirak edəcək.

Münaqişə zonasında Türkiyə böyük gücə malikdir,  ruslar orada söz sahibi deyil və Ermənistandakı bazaları da müqayisəolunmaz səviyyədədir. Ruslar bu savaşı uduzacaq. Amma bunu bilərək onlar heç vaxt belə vəziyyətdə savaşa getməz. Əks təqdirdə bu, Rusiyanın məhvinə gətirib çıxaracaq".

Hərbi ekspert qeyd etdi ki, əslində bu gün Rusiya-Türkiyə qarşıdurması deyil, NATO-Rusiya qarşıdurması var: "Rusiya həmişə öz oyununu oynamağa çalışıb. İstəyir ki, daim onunla hesablaşsınlar. BMT-də bunlar baş vermədi, onu sayan, ona heç əl uzadan da olmadı və Putin təkləndi, incidi, aqoniyaya düsdü. Onun Suriyadakı hərəkətləri bunun sübutudur. Xəzər dənizindən raketlərin buraxılması, o raketlərin İran ərazisinə düşməsi və sair hərəkətlər göstərdi ki, Putinin İŞİD-ə qarşı savaşında heç bir məntiq yoxdur. Rusların vurduğu obyektlərin İŞİD-ə dəxli yoxdur. Əsasən də Əsədə müxalif olan qüvvələri vururlar. Burada açıq-aydın bir şey görünür: Rusiya çalışır ki,  qarşıdurmanı uzatsın, alovlandırsın və bölgəni qarışdırsın,  ölkəsindən kənarda böyük bir münaqişə yaratsın. Neftin qiymətinin enməsinin qarşısını alsın. Məqsəd budur. 

Fikir verin, Putinin bütün hərəkətləri provokasiya xarakteri daşıyır. Putin də gözəl bilir ki, belə vəziyyətdə Bəşər Əsədə heç kəs kömək edə bilməz, onun hakimiyyətini bərpa edib saxlamaq ağılsızlıqdir. Putin bunları başa düşür, onun məqsədıni yuxarıda sadaladım. Amma alınmır və alınmayacaq. Bu dəfə Rusiya təklənib. Böyük qüvvələrdən, ölkələrdən heç kəs onunla işbirliyinə getmir. İran həmişə ikili oyun oynayıb və bir azdan rusları tək qoyub geri çəkiləcək, buna əmin olun! Sanksiyalar davam edəcək, Putinin durumu ağırlaşacaq. Ona heç kəs güzəştə getməyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR