Qasırğa nəticəsində Aktau limanının bağlanması bərələrin hərəkət qrafikinə təsir edib

Qasırğa nəticəsində Aktau limanının bağlanması bərələrin hərəkət qrafikinə təsir edib
11:03 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 4-dən Xəzərdə son 10 il ərzində baş verən ən güclü qasırğa nəticəsində Qazaxıstanın Aktau limanın qapalı elan olunması bərələrin hərəkət qrafikinə çox ciddi təsir edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-dən AZƏRTAC-a bildirilib ki, son günlərdə bərələrin ardıcıl olaraq Aktau limanına yola salınmasına baxmayaraq, 6-9 dekabr tarixlərində 4 ədəd bərə Aktau limanına çatıb, lakin hava şəraitinin kəskin olması səbəbindən Aktau limanı qapalı elan olunub və bərələr körpüyə yan ala bilməyərək, lövbərdə havanın düzəlməsini gözləməli olublar. Qeyd olunan hal, bu müddət ərzində limanda yeni yük maşınlarının toplanmasına səbəb olub. Lakin, Türkiyəyə məxsus yük maşınlarının vaxtında və təhlükəsiz daşınması AXDG üçün ən mühüm məsələlərdən biri olduğunu nəzərə alaraq, hava şəraitinin düzəlməsi ilə bərələrin yenidən təyin olunmuş qrafik ilə hərəkət etməsi təmin olunur.
Onu da vurğulamaq lazımdır ki, Aktau limanında bərələr üçün 1 ədəd yanalma körpüsünün olması və bu körpünün qasırğa və yüksək dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib. Hal-hazırda AXDG-nin iki bərəsinin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyir.
Yük maşınlarının daşınmasına daimi nəzarəti təmin etmək məqsədi ilə, AXDG-də xüsusi işçi qrupu yaradılıb və qaynar xətt ayrılıb. Daxil olan zənglərdə tariflər, daşıma müddəti və bərələr haqqında suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılır. Eyni zamanda, işçi qrupunun nümayəndələri mütəmadi olaraq, Ələt limanına baş çəkirlər, yük maşınlarının sürücüləri ilə ünsiyyətdə olurlar və onları narahat edən məsələləri mümkün qədər qısa müddətdə həll edirlər. Belə ki, limana girişdən öncə kassa yerləşdirilib və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılıb.
Qeyd edək ki, Türkiyədən Orta Asiya, xüsusilə də Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarının icrası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən ciddi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinə daxil olan AXDG Azərbaycan ərazisindən tranzitlə keçən yüklər üçün bir pəncərə sisteminin yaradılması, vahid və endirimli yükdaşıma tariflərinin tətbiq edilməsi və keçid prosedurlarının sadələşdirilməsi istiqamətində müvafiq qurumlar ilə birgə işləyir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qasirga_neticesinde_Aktau_limaninin_baglanmasi_berelerin_hereket_qrafikine_tesir_edib-910956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR