İsrail səfiri: "Azərbaycan hər zaman onların ürəklərindədir"

İsrail səfiri: "Azərbaycan hər zaman onların ürəklərindədir"
11:04 14 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Məlahət Nəcəfova - APA. İsrailin Azərbaycandakı səfiri Dan StavınAPA-ya müsahibəsi

 

- Təxminən 4 aydır ki, Azərbaycanda vəzifənizin icrasına başlamısınız. Azərbaycan və azərbaycanlılar barədə nə düşünürsünüz?

 

- Dörd aydan sonra Azərbaycanla bağlı hərtərəfli düşüncəmin formalaşdığını söyləmək bir qədər çətindir. Hələ ki təəssüratlarım var. Azərbaycana gəlməzdən 11 ay öncə bu ölkəyə təyinat aldım və onun barəsində məlumat toplamağa başladım. Bir şeyi anladım ki, topladığın məlumatlar gəldikdən sonra gördüklərindən fərqlidir. Gəldikdən sonra məni təəccübləndirən ilk məsələ insanların çox tolerant və açıq olmasıdır. Bu, sadəcə tolerantlıq deyil, başqalarına münasibətdə dərin və nəhəng dözümlülükdür. Faktiki olaraq, başqaları dediyim əslində başqaları deyil. Burada xristianlar, yəhudilər müsəlmanlara nəzərən başqaları deyil. Onların hamısı Azərbaycanın bir parçasıdır. Bu mövcudluq ona əsaslanmır ki, başqa dinin nümayəndəsi buradadır və ona dözmək lazımdır. Bu, o deməkdir ki, onları tam olaraq qəbul edirlər, çünki onlar bütöv bir parçanın hissələridir. Mən düşünürəm ki, bu, həm də Azərbaycanın Orta Şərqə alternativ kimi vacib bir ölkə olduğunu göstərir. Orta Şərq nifrət, zorakılıq, başqalarını qəbul etməmək kimi hisslərlə əhatə olunub. Lakin bura həmin ərazi üçün ideal alternativdir. Bu, mənim Azərbaycan barədə ilk və ən vacib düşüncələrimdir. Əminəm ki, gələcəkdə hisslərimdə yanılmayacağam. 

 

- Bəs, Bakıda sizi ilk görünüşdə təsirləndirən nə oldu?

 

- Mən İsrailin liman şəhəri olan Hayfada doğulmuşam. Mənim üçün dəniz görüntüsü çox vacibdir. Uzun illərdir dəniz sahilində yaşamıram. Lakin indi mənə dəniz sahilində yaşamaq nəsib olub. Xəzər dənizdir, yoxsa göl – bu, məsələnin siyasi və hüquqi tərəfidir. Lakin göy rəngi, bəzən də havadəyişkənliyi səbəbindən bozumtul rəngi görmək həqiqətən çox gözəldir. Bir də, məni cəlb edən buradakı mədəniyyətlərin qovuşması oldu. Hər hansı restorandan, otelin yüksək mərtəbəsindən və ya hansısa hissəsindən baxanda düşünürsən ki, bura Avropadır, yoxsa Asiya? Mənim fikrimcə bu, Avropa və Asiyanın valehedici qarışığıdır və Bakını özəl bir yerə çevirir. Bakı kosmopolit şəhərdir, əgər biz qazın çıxarılmasından danışırıqsa, o, yüz illərdir böyük əhəmiyyətə malik şəhərdir. Mənim üçün bulvarda gəzmək çox gözəl bir təcrübədir. Sən çox gözəl qorunan, gözəl dekorasiya edilmiş sahillə kilometrlərlə yürüyə bilirsən. Həqiqətən də çox gözəldir. Muzeylər də Bakının çox gözəl bir hissəsidir. Hər biri zövqlə tikilib və gözəl dekorasiya edilib.

 

- İsraillə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

 

- Mən hesab edirəm ki, İsrail və Azərbaycan arasında münasibətlər çox unikaldır, çünki münasibətlər ölkələr qurulmazdan əvvəl formalaşıb. Çünki yəhudilər min illərdir burada yaşayırlar. Onlar bu ölkənin hər yerində ölkənin, cəmiyyətin bir hissəsi ola biliblər, mədəniyyətə öz töhfələrini veriblər. Buradan gedəndə isə onlar Azərbaycanı da özləri ilə götürərək onu xaricdə təbliğ ediblər. İsrail Azərbaycandan bir qədər əvvəl yaradılıb və Azərbaycan da müstəqillik qazandıqdan sonra İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olmalı idi. Həqiqətən də İsrail Azərbaycanın müstəqilliyini tanıyan 4-cü ölkə oldu. Gələn il biz bu tanımanın 25 illiyini qeyd edəcəyik. Azərbaycanda yaşayan çoxsaylı yəhudilər İsrailə köçüblər. Lakin Azərbaycan hər zaman onların ürəklərindədir, Azərbaycanı İsraildə təmsil etməkdən qürur duyurlar. Buradakı icma arasında bəzi QHT-lər var ki, insanları bir-birinə daha yaxın etməyə çalışır. Mənim fikrimcə, bu çox vacibdir. İndiki dövrdə diplomatiya bildiyimiz kimi, hökumətlər, prezidentlər, baş nazirlər arasında qurulan münasibətlər deyil. Bu, həmçinin  parlamentlər və medianın da işi deyil. Bunun ən böyük bazası insanlararası münasibətlərdir.  Bizim isə bu sahədə böyük imkanlarımız var.

 

- İqtisadi münasibətləri inkişaf etdirməklə bağlı hansısa planlarınız varmı?

 

- İki ölkə arasında çox gözəl münasibətlər mövcuddur. Mən İsrailin 7-ci səfiriyəm və sələflərim çox iş görmələrinə baxmayaraq, münasibətləri inkişaf etdirmək üçün hələ böyük baza var. Bildiyiniz kimi, bu gün reallıqlar bir qədər dəyişib. Məsələn, neftin qiymətinin düşməsi ilə əlaqədar hökumət haqlı olaraq iqtisadiyyatı şaxələndirmək istiqamətində səylərə investisiya qoymaq barədə qərar qəbul edib. Biz inanırıq ki, bu məqsədləri həyata keçirmək üçün - xüsusilə daha çox təcrübəyə malik olduğumuz kənd təsərrüfatı, yüksək texnologiyalar, alternativ enerji sahələrində töhfə verə bilərik. Mən buraya gəlməzdən qabaq külək enerjisi istehsalı ilə məşğul olan dostlar buradakı imkanları da tədqiq etməkdə maraqlı olduqlarını ifadə etdilər. Mən bilirəm ki Azərbaycanın enerjisi çoxdur. Amma hökumət də yaxşı bilir ki, nə qədər çox təmiz enerji istehsal etsən, o qədər faydalıdır. Ona görə, hər şeyi tədqiq etməyə dəyər. Mən bura gələndə qarşımıza məqsəd kimi qoyduğumuz ideya və layihələrdən hansını daha prioritet müəyyən etmək bəzən çətin olur. Hansı daha vacibdir - kənd təsərrüfatı, yoxsa yüksək texnologiyalar? Haradan başlamaq lazımdır? Lakin onu deyə bilərəm ki, bizim qabımız ideyalarla doludur.

 

Mən bilirəm ki, neft qiymətinin düşməsinə baxmayaraq, iqtisadiyyat burada çox güclüdür. Xarici bazardan asılılıq çox azdır. Kifayət qədər möhkəm iqtisadiyyatdır. İqtisadi münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Eyni zamanda düşünürük ki, insanlararası münasibətləri inkişaf etdirmək çox vacibdir. Mən buraya gəldikdən sonra İsraildəki şəhərlərlə Quba və Qəbələ arasında qardaşlaşmış şəhərlər barədə müqavilə imzalamaqdan çox məmnun oldum. Bu müqavilə bizə hər iki ölkənin şəhər sakinlərini bir araya gətirmək şansı verəcək. Təəssüf ki, bizim hazırkı reallıqlar səbəbindən terrorizm, radikalizmə qarşı da birgə əməkdaşlıq imkanımız var. Azərbaycan və İsrail eyni narahatlıqları ifadə edirlər və bu problemlərin öhdəsindən necə gəlməklə bağlı da eyni fikrə sahibdirlər. Əgər biz bu sahədə əməkdaşlıq edə biliriksə, niyə də olmasın. Biz həqiqətən ətrafımızdakı neqativ çağırışları, terrorizm və radikalizm mühitini seçmirik. Lakin anlamalıyıq ki, problemləri yaradan yolları bağlasaq, o problemlər bir də meydana gəlməz. Mən sevinirəm ki, buradakı hakimiyyət bu çağırışların hamısını yaxşı anlayır.

 

- Hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək üçün hansı addımlar atıla bilər?

 

- Prinsiplər səbəbindən gələcək planlar və proqramları açıqlamaq niyyətim yoxdur. Lakin bizim həqiqətən də bu sahədə çox gözəl əməkdaşlığımız var. Biz əlimizdən gələni edirik. Bu əməkdaşlıq da reallıqlar səbəbindən yaranıb. Mən də istəyərdim ki, biz mükəmməl dünyada yaşayaq, daha çox kənd təsərrüfatı, enerji, insanlararası münasibətlər, mədəniyyət sahələrinə diqqət ayıraq. Amma bu da həyatın bir hissəsidir.

 

- Hazırda İsraillə Fələstin arasında münaqişə davam edir. İsrail bu münaqişənin həlli barədə nə düşünür?

 

- Sizinlə Ermənistan arasındakı münaqişə ilə bir qədər oxşar məsələdir. Biz siyasi həllə inanırıq. Kimsə deyə bilər ki, İsrail hərbi cəhətdən Fələstinə nisbətən daha güclüdür. Lakin kimin daha güclü olması vacib deyil. Məsələ odur ki, biz birbaşa olaraq iki tərəfdən aparılan və beynəlxalq ictimaiyyətin köməyi ilə problemin siyasi həllini tapa biləcəyikmi? Beynəlxalq ictimaiyyət bu yerdə bizim dediyimiz vəziyyət üçün münbit mühitin yaranmasına təkan verə bilər. Bizim baş nazirimizBenyamin Netanyahu və digər əvvəlki baş nazirlər iki xalq üçün iki dövlət konsepsiyasını qəbul ediblər. 30 il bundan qabaq bunu düşünmək mümkünsüz idi. Çünki bu konsepsiya İsrail tərəfindən geniş qəbul olunmurdu. Lakin 90-cı illərdən, Oslo görüşünün nəticəsində bu konsepsiya qəbul olundu. İsraildəki hər baş nazir bunu tam olaraq qəbul edib. Məsələ tək çərçivədə deyil, hansı razılaşmaya nail olduğumuzdadır. Bizim mövqeyimiz budur ki, fələstinlilərlə oturub heç bir şərt olmadan danışıqlara başlamalıyıq. Hər bir tərəf həllini arzuladığı məsələni irəli sürə bilər. Buraya istər Fələstin qaçqınları məsələsi, istərsə də yəhudi məsələsi daxildir. Bunların hər biri müzakirə olunmalıdır. Biz inanırıq ki, müzakirə yeganə həll yoludur. İki dövlət üçün iki xalq konsepsiyasından danışarkən məqsəd odur ki, hər bir tərəf bunu final razılaşmasının bir hissəsi kimi qəbul edə bilər. Hər bir tərəf digərinin milli səylərini qəbul edir. Yəni biz bunu tam olaraq qəbul edərkən Fələstin tərəfi fələstinlilərin öz müqəddəratını təyin etmək haqqını icra edəcək. Lakin təəssüf ki, digər tərəf  İsraili yəhudi xalqının milli evi kimi qəbul etməyə həvəssizdir. Bu, bizim üçün münaqişənin əsas səbəbidir. Əgər sən digər tərəfi qəbul etmirsənsə, sərhəd barədə, həll barədə necə danışa bilərsən? Sən qəbul etməlisən ki, yəhudilərin özlərinə vətən seçməyə haqqı var və İsrail onların vətənidir. Ondan sonra sərhəd, demilitarizasiya, iqtisadi əməkdaşlıq, qaçqın, yəhudi xalqı məsələsi barədə danışmaq olar. Bunlar kompleks məsələlərdir. Mən demirəm ki, bu asandır. Lakin biz əsas səbəbi həll etsək, digər hissələr rahat gedər. Daha çox danışıqlara, kompromislərə ehtiyac var. Bizim liderin dediyi kimi, İsrail və Fələstin arasında sülh razılaşması cəsur liderlər arasındakı sülh razılaşması olmalıdır. Çünki hər bir liderin kompromisə getməsinə ehtiyac var. Nə biz, nə də digər tərəf istədiyimiz hər şeyə nail ola bilmərik. Buna görə də siyasi istək, cəsarət olmalıdır. Bizim lider bir masa arxasına keçərək danışıqlara başlamağı təklif edib. Lakin münaqişənin əsas səbəbini həll etməyə istək yoxdursa, irəliləyişə nail olmaq və ümumilikdə münaqişəni həll etmək çətin olacaq.

 

- İsrail coğrafi cəhətdən Suriyaya yaxındır. Oradakı münaqişə ilə bağlı nə düşünürsünüz?

 

- Əsəd rejimin və İŞİD-in məsuliyyət daşıdığı Suriya faciəsi həll olunmalıdır. Biz bu münaqişədə tərəf qismində çıxış etmirik. Bizim baş nazirimiz də bu yaxınlarda bunu çox açıq şəkildə bəyan edib. Əgər İŞİD pisdirsə (həqiqətən pisdir), bu, Əsəd rejimini yaxşı etmir. Əsəd rejimi pisdirsə, eynilə bu, düşməni - yəni İŞİD-i yaxşı etmir. Bizim fikrimizcə, İŞİD də böyük radikal şiə qruplaşmları ilə əməkdaşlıq edən Əsəd rejimi ilə bərabər şəkildə pisdir. Biz münaqişənin bir hissəsi olmasaq da, Suriyamünaqişəsindən əziyyət çəkmiş minlərlə insana humanitar yardım göstərən ilk ölkələrdən biri olmuşuq. Onlar İsraildən yardımlar alıblar. Ən pisi odur ki, onlar İsrailə gəlməzdən öncə beyinlərində İsrail haqqında yanlış fikir formalaşmışdı ki, ya öldürüləcəklər, ya da işgəncələrə məruz qalacaqlar. Lakin onlar bizim təklif edə biləcəyimiz ən yüksək tibbi xidmət gördülər. Çünki biz əminik ki, yaralanmış insan ən yaxşı tibbi müalicəyə layiqdir. İkinci bir məsələ odur ki, biz hər hansı üçüncü ölkədən Suriyavasitəsilə “Hizbullah”a hərbi yardım getməsinə imkan verməyəcəyik. Bu terrorçu qruplaşma Livanda və Əsəd rejimi ilə birlikdə Suriyada cinayətlər törədir. Bundan başqa bizim heç bir mövqeyimiz yoxdur.

 

- Hər il İsrail parlamentində uydurma “erməni soyqırımı” məsələsi müzakirəyə çıxarılır. Lakin heç bir qərar qəbul edilmir. Bəziləri bunu Türkiyəyə təzyiq vasitəsi kimi qiymətləndirirlər.  Siz bu barədə nə deyə bilərsiniz?

 

- Biz xalqı Holokost kimi böyük faciədən keçmiş bir ölkəyik. İsraildə digər faciələrə həssas olan çox insan var. Erməni məsələsi və faciəsinə gəldikdə, mən bilirəm ki, bu məsələ hər il İsrail parlamentində qaldırılır. İsrail demokratik ölkədir və onun parlament üzvləri dünyada baş verən faciələri qəbul edəcək insanların maraqlarını təmsil edə bilər. Erməni faciəsi ilə bağlı mövqeyimiz odur ki, yüz il bundan qabaq həmin ərazidə insanların öldürüldüyünə heç bir şübhə yoxdur. Lakin bu, tarixçilərin həll edəcəyi bir məsələdir və qətiyyən siyasiləşdirilməməlidir. Əslində nəyin baş verdiyi ilə bağlı müxtəlif fikirlər var və bu sualların hamısı tarixçilərə ünvanlanmalıdır. Biz siyasi müzakirələrin bir hissəsi deyilik, lakin düşünürük ki, bu məsələ tarixçilərin öhdəsinə buraxılmalıdır.

 

- Azərbaycanda böyük bir yəhudi icması yaşayır. Onların durumu barədə nə deyə bilərsiniz?

 

- Mən bura gəldiyim ilk həftədə gördüyüm işlərdən biri yəhudi icmasının liderləri ilə görüşmək oldu. Çünki Bakıda və ümumilikdə Azərbaycanda yəhudilərin durumu ilə bağlı ilk mənbə kimi onlardan məlumat ala bilərdim. Mən bunu öz gözümlə görə bilməzdim. Onlardan eşitdiklərim azad və zəngin həyat, əziyyətdən uzaq, qorxu, narahatlıq olmayan həyatdır. Biz bunu sinaqoqa gedərkən də görə bilərik. Biz başqa ölkələrdə sinaqoqa gedərkən qarşımıza dəmir darvazalar, qapılar çıxır, sanki bura Amerika Bankıdır. Mən bir dəfə ölkələrin birində bunun şahidi olmuşam. İsrail diplomatı olduğumu təsdiqləyən sənədi güllə keçirməyən şüşədən təqdim etdim və içəri daxil olaq istədiyimi bildirdim. Lakin onlar bunu qəbul etmədilər, dedilər ki, məni tanımırlar. Bu nədir?! Lakin bura gəldikdə görürsən ki, sinaqoqun qapıları açıqdır. Hər kəs gəlir və gedir. Mən hesab edirəm ki, bu, səndə cəmiyyətin bir hissəsi olduğun hissini yaradır. Sən öz hisslərini, inanclarını, dinini ifadə edirsən və buna görə qorxmursan. Bu, çox gözəl münasibətdir. Əgər sənin çox qabaqcıl Konstitusiyan və insan haqlarını təmin edən qanunların varsa, lakin cəmiyyət azlığı qəbul edə bilmirsə, bu, kifayət deyil. Sənin qabaqcıl qanunların ola bilər, lakin azlıq qorxu içərisində yaşayırsa, bunun əhəmiyyəti yoxdur. Azərbaycanda isə azlıqların hüquqlarının müdafiə edən çox qabaqcıl qanunlar var və bu, tək yəhudi xalqı deyil, udilərlə, ləzgilərlə, talışlarla da bağlıdır. Hər kəs burada öz dini ayinlərini sərbəst icra edə bilir və öz milli kimliyi ilə qürur duyur. Mənim burada gördüyüm bunlardır. Burada yəhudi xalqının demək olar ki, bütün qolları - dağ yəhudiləri, aşkenazi yəhudiləri, gürcü yəhudiləri yaşayır. Onların hər biri dövlətdən dəstək alır. Məni ən çox təsirləndirən o oldu ki, yəhudilərin yeni ilində çıxış etmək üçün sinaqoqa getmişdim. Gördüm ki, yəhudilərin ortasında qara üst geyimi geyinmiş bir xristian ortodoks var. O, yəhudilərin arasında idi və özünü onların bir hissəsi kimi hiss edirdi. Bu, çox möhtəşəmdir. Bu vəziyyəti Orta Şərqdə görə bilərsiniz? Yox. Mən çox istərdim ki, belə vəziyyət hər yerdə olsun. Əgər haradasa Azərbaycan barədə danışılırsa, bu ölkə əsl birgə yaşamanın müasir modeli kimi təqdim olunmalıdır. Bu, qanundan gələn birgə yaşama deyil, daxili qəbuletmə və həmrəylik hissidir. Biz şaxələndirmədən danışırıqsa, Atəşgahı da qeyd etməliyik. Bura çox gözəl qorunub. Bu, tək tolerantlıq deyil, əsl qəbuletmədir.

 

- Qeyd etdiniz ki, Azərbaycanla İsrail arasında çıx gözəl münasibətlər var. Bəs, niyə o zaman indiyə kimi Azərbaycanın İsraildə səfirliyi açılmayıb?

 

- Mən bilmirəm problem nədir. Düşünürəm ki, bu sual Azərbaycan hökumətinə ünvanlanmalıdır. Lakin öz tərəfimdən deyə bilərəm ki, İsraildə Azərbaycan səfirliyinin açılması çox xoş olardı. Öz cəmiyyətini tanıyan bir insan kimi deyə bilərəm ki, azərbaycanlı diplomat İsraildə böyük işlər görə bilər. Bizim qapılarımız azərbaycanlı diplomatlara açıq olacaq. Onlar Azərbaycan haqqında tək Azərbaycanla bağlılığı olanlara deyil, bütün İsrail xalqına məlumatlar çatdıra biləcəklər. Mən ümid edirəm ki, səfirlik açılacaq. Lakin Azərbaycan suveren ölkədir, öz prioritetlərini özü müəyyənləşdirir. Onlara uyğun bir vaxtda qərar verəcəklər.

 

- Gələn il üçün hansısa  qarşılıqlı rəsmi səfərlər gözlənilirmi?

 

- Biz yüksək səviyyəli səfərlər təşkil etməyi çox istəyirik. Düşünürük ki, bu, həqiqətən vacibdir. Lakin tərəflər razılaşdıqdan və detallar müəyyənləşdirildikdən sonra biz bunu paylaşmağa şad olarıq. Bu məsələ planda var.

 

- Əlavə etmək istədiyiniz bir şey varmı?

 

- Əgər biz insanlararası münasibətlərdən danışırıqsa, bu o demək deyil ki, təkcə nümayəndə heyətləri gəlməli və ya getməlidir. İki məsələ var ki, biz onlara xüsusilə diqqət ayırmalıyıq. Bunlardan biri odur ki, biz Azərbaycandan daha çox tələbənin İsraildə təhsil almasını istəyirik. Ümid edirik ki, İsrail universitetləri bu istiqamətdə Azərbaycandakı xarici universitetlər siyahısına daxil ediləcək.

 

İkinci məsələ odur ki, sizin burada təklif edə biləcəyiniz çox şey var. İrs, mədəniyyət, təbiət, etnik xüsusiyyət. Lakin burada kifayət qədər turist yoxdur. Bakı gözəl və sevimli şəhərdir, təklif edə biləcəyi çox şey var. Mən ölkələr arasında turizm sahəsində daha çox əməkdaşlıq görmək istəyərdim. Biz artıq başlamışıq. Bir qrup azərbaycanlı tələbənin İsraildə treninq və təlim sessiyalarında iştirak etməsi planlaşdırılır. Bu, altı ay müddətində olacaq. Proqramda 30 tələbə iştirak edəcək. Düşünürəm ki, bu məsələ çox vacibdir. Bilirsinizmi, turist gələndə, o, xarici işlər naziri ilə, baş nazirlə ünsiyyət qurmur. Onun üçün vacibdir ki, insanlar ona küçədə necə gülümsədi, nəyəsə toxundu, insanlardan necə xidmət gördü. Hər şey onun ölkə barədə təəssüratlarını təyin edir. Biz düşünürük ki, turizmi təşviq etmək üçün böyük investisiya qoymuşuq. Biz sahədə də əməkdaşlıq etməyə çox şad olarıq.

 

Biz həqiqətən kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istəyirik. Bu, çox vacibdir. Bizim planlarımız var. Ümid edirəm ki, biz bunu təşviq edə biləcəyik. Mən kənd təsərrüfatı sahəsində əməkdaşlığı top prioritetlərimə daxil etmişəm. Bəzi İsrail şirkətləri var ki, onlar burada aktivdirlər və bu sahədə bir sıra planları var.  Biz hökumətdən də müsbət siqnallar almışıq. Ümid edirəm ki, biz bu sahədə nəsə edə biləcəyik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR