"Yeni parametrli konstitusiya hakim partiyanın daxilinə nifaq sala bilər"

"Yeni parametrli konstitusiya hakim partiyanın daxilinə nifaq sala bilər"
11:27 14 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda S.Sərkisyanın şəxsi maraqlarına xidmət edən konstitusiya islahatları uzun müddət Ermənistan cəmiyyətində və regionda müzakirə obyekti olacaqdır. S.Sərkisyanın konstitusiya islahatlarına gedərkən B.İvanişvilidən ilham alması barədə fikirlər geniş yayılır. Çünki o, asan və bəsit sloqandır.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ermənilər əvvəlcə "Çiçəklənən Ermənistan" partiyasının lideri Q.Çarukyanı Ermənistanın B.İvanişvilisi hesab edirdilər: "Görünür, S.Sərkisyan Ermənistan cəmiyyətində B.İvanişvili obrazına ehtiyacın olduğunu vaxtında hiss edib və bu ehtiyacı öz marağına çevirdi. B.İvanişvilinin xarakterik əlamətlərindən biri Gürcüstanın işğal olunmuş əraziləri mövzusunu arxa plana keçirməsidir. S.Sərkisyanın Dağlıq Qarabağ məsələsini arxa plana keçirməsi mümkün deyil. Çünki Ermənistanın bütün uydurma tarixi bunun üzərində qurulub. S.Sərkisyanın indiki fəaliyyəti Ermənistan tarixi barədə yazılanları da şübhə altına salır. Amma bu, hələ kifayət deyil. Ermənistanın uydurma tarixi hələlik dərin köklərə malikdir. Bu köklər zəifləyib, amma hələ sarsılmayıb".

Politoloq qeyd edib ki, Ermənistanın daxilində ən etiraz doğuran məsələlərdən biri də konstitusiya islahatlarının nə üçün məhz indiki zamanda keçirilməsi idi: "Qüvvədə olan konstitusiya Ermənistanın qarşısında duran problemlərin həllinə heç bir maneçilik yaratmırdı. Bəlkə də, Ermənistanda bu konstitusiyanın hesabına problemlər az yığılıb. Ən azı stabil, vahid hakim partiya mövcuddur. Yeni parametrli konstitusiya hakim partiyanın daxilinə nifaq sala bilər. Konstitusiya islahatlarının müəllifi olan prezident S.Sərkisyanın bu mövzuda paradiqması diqqət çəkir".

M.Əhmədoğlu deyib ki, ermənilərin hakim düşüncə tərzinə görə, Ermənistan bütün qonşuları ilə müharibə vəziyyətində olub və ya müharibə vəziyyətindədir: "Belə olan təqdirdə, Ermənistana operativ idarəçilik və güclü əl həmişəki kimi indi də daha vacibdir. S.Sərkisyan bunları bildiyi halda konstitusiya islahatlarına getdi.
S.Sərkisyanın düşüncəsinə görə, Ermənistan dövləti müasir standartlardan kənar dövlətdir. Ermənistanın təhlükəsizliyini dövlət özü, hakimiyyət orqanları və cəmiyyət deyil, baş verən geosiyasi proseslər tənzimləməlidir. Erməni xalqının konfliktogen potensialı dövlət qoruyucu faktor kimi ön plana çıxır. S.Sərkisyan dəqiq bilir ki, prezident və ya parlament üsul-idarəsində olmasına baxmayaraq erməni xalqı heç vaxt öz dövlətini qoruya bilməyib və qorumaq potensialında da olmayacaq".

M.Əhmədoğlu bildirib ki, Ermənistan prezidenti S.Sərkisyan konstitusiya islahatlarına gedərkən bu paradiqmaya əsaslanırdı: "Ona görə, belə riskli addım atdı. S.Sərkisyanın qarşısında üç hədəf var idi:

I. Öz hakimiyyətinin davamı. S.Sərkisyan başa düşür ki, o, hakimiyyətdən gedəcəyi təqdirdə də bütün mülkləri əlindən çıxacaq. Vatikanda səfir işləyən kürəkəni Mikayıl Minasyanın pulun hakimiyyəti ilə xristianlığı uzlaşdırmasına son qoyulacaq. Qardaşlarının bank hesabları xalqın xeyrinə həbs olunacaq. "Qarabağ klanı" bütövlükdə həbsxanalarda məskunlaşdırıla bilər. Ona görə o, hakimiyyətini davam etdirməlidir. Amma S.Sərkisyan bunu elə etməli idi ki, onun demokratiya ilə bağlı demaqogiyası zərər görməməlidir. Çünki hər il S.Sərkisyan demokratiya adından Aİ-dən 60 milyon avro, ABŞ-dan isə 20-30 milyon vəsait qazanır. Başqa sözlə, S.Sərkisyanın demokratiya ilə bağlı demaqoqiyası ildə 100 milyon dollar qazanc gətirir. Eləcə də onun demokratiya demaqoqiyası Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın işğalçı mövqeyinin qoruyucu çətirlərindən biridir. Seçdiyi variant orijinal deyil. Sov. İKP-nın təcrübəsi bəllidir. Orijinallıq o olacaq ki, parlamentin 101 deputatının demək olar ki, hamısının köməkçisi kriminal avtoritetlərdən birisi olacaqdır. Kriminal avtoritetlər də həmin deputatın S.Sərkisyanın (partiyanın) göstərişlərindən kənara çıxmasına imkan verməyəcək".

Mərkəz rəhbəri sonra deyib ki, yeni konstitusiyaya görə, Ermənistanın müdafiə naziri siyasi vəzifədir: "Bunu S.Ohanyan bəyan etdi. Hətta mümkündür ki, Ermənistanın indiki prezidenti S.Sərkisyan yeni konstitusiya fəaliyyətə başladıqdan sonra hakim partiyanın lideri olmaqla yanaşı, həm də müdafiə naziri vəzifəsini daşısın. Bu, parlament deputatları üzərində daha yaxşı nəzarətə imkan verəcəkdir".

M.Əhmədoğlu vurğulayıb ki, bunlar sərkisyansayağı demokratik idarəçilik variantlarıdır: "Əmindir ki, Avropa bunu elə beləcə də qəbul edəcəkdir.

II. S.Sərkisyan Rusiyadan gələn təkliflərə yox deməkdən yorulub. Prezident S.Sərkisyan iki dəfə V.Putini rədd edib. Ermənistan parlamentli respublika olsaydı, 2013-cü il 3-ü sentyabr hadisəsi baş verə bilməzdi. Çünki S.Sərkisyan Putinə deyə bilərdi ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyünü parlamentin müzakirəsinə çıxarmaq lazımdır. V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe də S.Sərkisyanı ciddi narahat edir. Əgər V. Putin qəti hökm versə, S.Sərkisyan vəziyyətdən çıxa bilməyəcək".

Politoloq qeyd edib ki, rus dilinə qarşı kampaniya aparmaq və özünün Rusiyanın strateji müttəfiqi elan etmək asan məsələ deyil: "Ermənistan Qərblə ikibaşlı oyunlarından əl çəkməyib və əl çəkmək niyyətində də deyil. Ermənistanın Qərblə oyunları antiRusiya mahiyyətlidir. Parlament üsuli-idarəsinə keçməklə S.Sərkisyan bu istiqamətdə də əlavə resurs yaratmış olur. Çünki Aİ parlamentli respublikalarla işləmək, strateji əməkdaşlıq etmək təcrübəsinə və vərdişlərinə malikdir. RF isə ancaq prezident üsuli-idarəsinə alışıb.
III. Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyi iflasdadır. Bu, belə də olmalı idi. Çünki Ermənistan işğalçılığını əsaslandıra bilmir. Məhz ona görə də, Ermənistan beynəlxalq hüquqi proseduralardan kənara qaçır. Ali baş komandanın dinc dövrdə fəaliyyət göstərməməsi, müharibə vaxtı parlament tərəfindən bu səlahiyyətin baş nazirə verilməsi məsələsi cavabdan çox sual yaradır. Eləcə də bu vaxta qədər Dağlıq Qarabağ danışıqlarında Ermənistanın mövqeyinin təmsilçisi bəlli idi. Bu Ermənistanın prezidenti idi. İndi konstitusiya islahatlarından sonra Dağlıq Qarabağ danışıqlarında Ermənistanı kimin təmsil edəcəyi də bəlli deyil. Bu da S.Sərkisyana suları bulandırmağa və ya kartları qarışdırmağa əlavə imkanlar yaradır. S.Sərkisyan bütün bu niyyətlərini konkret, bəlli bir partiyanın üzərində qurub. Hər şeyin alınıb-satıldığı, mənəviyyatın korlandığı, siyasi əqidəsizliyin hökm sürdüyü Ermənistan cəmiyyətində bu partiyanı da kimlərsə ala bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR