"Birdən dənizin üstünə səpələnən insanlar gördük" - "Günəşli"yə ilk gedən yanğınsöndürən - FOTO

"Birdən dənizin üstünə səpələnən insanlar gördük" - "Günəşli"yə ilk gedən yanğınsöndürən - FOTO
11:47 14 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Birdən dənizin üstünə səpələnən insanlar gördük, yanğını unudub onları xilas etməyə başladıq. İnsanlar bizi haraylayır, kömək istəyirdilər. Ancaq dalğa onları bizdən getdikcə uzaqlaşdırırdı. Sonra onların səsi bir də gəlmədi...

"Günəşli" yatağında bir həftə əvvəl baş verən faciədə xilas olanların sevincini, yaxınları rəhmətə gedən, itkin düşən ailələrin kədərini yaşadıq. Həmin anı ömrünün sonuna kimi unutmayacaq başqa bir şahidlər də var: Hadisə zamanı oraya ilk gedən gəmilərin ekipaj üzvləri, xilasedicilər...

Qafqazinfo oxucuları bir müddət öncə bizdən yanğın zamanı həmin yerdə olan xilasedici və yanğınsöndürənlərin fikirlərini işıqlandırmağımızı xahiş etmişdi. Biz də oxucularımızın xahişini nəzərə alaraq hadisə zamanı "Günəşli"də olan 3 gəmidən birinin - "Topaz"ın əməkdaşı ilə əlaqə saxladıq. Yanğına qarşı mübarizə gəmisi "Topaz"ın 20 nəfərlik şəxsi heyətindən biri olan Şahin Mirzəyev həmin anları belə xatırlayır:

"Hadisə baş verən gün saat 18-19 radələrində bizə məlumat gəldi ki, "Günəşli" neft yatağının 10-cu özülündə yanğın baş verib və bizi yanğının qarşısını almağa göndərdilər. Çox güclü külək var idi, dalğanın da hündürlüyü 13 metr. Mən Xəzərdə hələ belə dəhşət görməmişdim. Yanğın olan platformaya ilk çatan biz idik, bir də başqa bir idarənin gəmisi vardı. Yanğını söndürməyə çalışsaq da, külək, dalğa imkan vermirdi. Suyun üstündə çox çətinliklə dururduq. Tək məqsədimiz yanğını söndürmək idi, insanların xilasedici qayıqlarda olmasından heç xəbərimiz yox idi. Onsuz da, orada elə bir vəziyyət var idi ki, qaranlıqda küləyin vıyıltısı və dalğalardan heç nə görmək olmurdu. Birdən suyun üstündə insanlar gördük və yanğını saxlayıb insanları xilas etməyə başladıq. Üzümüzə baxıb yardım istəyən insanlara nə qədər yaxınlaşmağa çalışsaq da, dalğalar onları bizdən uzaqlaşdırırdı. Demək olar ki, suyun üstünə səpələnmişdilər. Qışqırıqları, kömək istəməkləri hələ də qulağımdadır. Başqa çarəmiz olmadığından həyatımızı təhlükəyə atıb gəminin göyərtəsinə çıxdıq. İnsanlara xilasedici "kruq"lar atırdıq ki, dartıb çıxardaq. Ancaq dalğa "kruq"ları bir yana, insanları bir yana atırdı. Bir saniyə ərzində hər şey tamam dəyişirdi. Yenə də deyirəm, mən hələ Xəzərdə elə külək görməməmişdim. Sadəcə, dəhşətdir. İnsanlar gözümüzün qabağından keçirdi, bizim isə nə əlimiz çatırdı, nə başqa bir şey edə bilirdik. Hər tərəfdən bir qışqırıq səsi gəlirdi, zülmət qaranlıqda nə səsin haradan gəldiyini tapa bilirdik, nə də gördüyümüz neftçini çıxara...

Bunları danışdığım zaman bütün hadisələr kino lenti kimi gözümün qarşısından keçir. Əfsuslar olsun ki, bunlar nə kino idi, nə də ki kabus. Dənizdən bizi haraylayırdılar, bizdən kömək istəyirdilər, mən, yoldaşlarım onları onları tapa bilmirdik. Ağlayırdıq, qışqırırdıq, onlara möhkəm olmalarını deyirdik. Ümid verirdik ki, dözün, hamınızı xilas edəcəyik. Zalım külək, zalım dəniz onları bizdən apardı. Sonra onların səsi kəsildi, tapa bilmədik.

Hələ də özümüzə gələ bilmirik. Özümüzü bağışlaya bilmirik ki, niyə onlara kömək edə bilmədik? Gözümüzə yuxu getmir. Hara baxıramsa, onların üzü gözümün gözümün qabağına gəlir. Mən onlara kömək edə bilmədim, onlar bəlkə də dediyimiz kimi möhkəm oldular, amma biz sözümüzün üstündə durub onları xilas edə bilmədik. Həmin gecə 4 nəfəri xilas etdik, onlardan da biri rəhmətə getdi. Bunları danışmaq hədsiz ağırdır. Allahdan itkin düşən və rəhmətə gedən bütün neftçilərin ailəsinə səbr diləyirəm. Kaş ki, hamını xilas edə bilərdik, kaş ki, hava belə küləkli olmasaydı, kaş ki dediyimiz çox şey var, amma nə fayda..."

Şahin Mirzəyev və gəminin şəxsi heyəti hələ də yatağın kənarında yanğını söndürməyə çalışır. Bəlkə də başqa yerdə olsaydılar, həmin xatirələr bir neçə dəqiqəlik unudulardı. Ancaq eyni yerdə gözlər həmin ankı simaları, qulaqlar da elə hey həmin qışqırıqları eşidir. Həmsöhbətimiz deyir ki, o gündən nə yemək yeyə bilirlər, nə də ki yata:

"İnanın ki, o gündən bu yana nə yuxum yuxudur, nə də ki yediyim yemək. Üzləri gözümün qabağından, səsləri də qulağımdan getmir. Tək mən belə deyiləm, hamımız bu haldayıq. Bizi qınayanlar da var. Kim görməsə də, Allah gördü ki, biz əlimizdən gələndən artığını etməyə çalışdıq. Bizə nə qəhrəman deməsinlər, nə də günahkar. Həyatımız bahasına hamısını qurtarmağa çalışdıq, ancaq alınmadı. Tez gəminin bortundan tuta bilməsəydim, məni də dalğa aparırdı. Bəlkə, bu gün axtarılanlardan biri də mən olacaqdım. Yenə də özümüzü bağışlaya bilmirik. İnternetdə itkin düşənlərin övladları atalarını axtarır, yoldaşları bir ümidlə yol gözləyir. Onlara baxıb əzab çəkirəm, kaş hamını sevindirə bilsəydik. Yenə də "kaş ki"də ilişdik..."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR