"Neftçi"nin qədim peşəsi

"Neftçi"nin qədim peşəsi
11:52 14 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bineyi qədimdən "Neftçi”nin baş mühasibi Qədim Əsgərlinin adını eşitsəm də, üzünü görməmişdim. Bu xoşbəxtlik mənə bakılıların "Qəbələ” ilə səfər matçında qismət oldu. 


Baş mühasibin "baş”ından əsər-əlamət qalmamışdı. Tez-tez futbolçulara tribunadan göstəriş verərək, yeni rəhbərliyə qədimliyini nümayiş etdirən mühasib, əsl peşəsini yaddan çıxarmışdı. Bir il öncə "Neftçi”də  "dədə”yə pərəstiş edən, indi nədənsə "müəllimlərin” gözünə girməyə çalışırdı. İş o yerə çatmışdı ki, o, futbolçulara aşikarə "svoloç” deməkdən də çəkinmirdi.


Amma onun bütün cəhdləri boşunaydı. Çünki şura başqanı "qədim canfəşanlıqdan” xəbərsiz idi. Qafqaz dağlarının soyuğu Çingiz Abdullayevi yaman üşütmüşdü. Yaşlı adam öz canın hayında idi, sümüklərini qızdırırdı. İcraçı direktor Elnur Məmmədov isə gah çölə çıxır, gah içəri girir, oyunun həyacanını bu üsulla atmağa çalışırdı.


Hakimin final fitindən sonra Müşahidə Şurasının üzvlərinin qələbə sevincini görməyə dəyərdi. "Svoloç” hesab etdiyi futbolçuların qazandığı qələbə Hacı Qədimi də, sevincə qərq etmişdi. Həmin anı görüntüləməyə çalışanda, gözlənilməz durumla qarşılaşdım. "Ağ-qaralar”ın yeni təyin olunan mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun "çəkmə, çəkmə, olmaz, olmaz” sözləri təəccübümə səbəb oldu. Axı niyə? Özümü bir anlıq əxlaqsız yuvaya basqın edən polis əməkdaşlarının yanındakı televiziya kanalının operatoru kimi hiss etdim. "Qeyri-adi, etik qaydalara sığmayan nə çəkdim ki, belə etirazla qarşılaşdım” sualı qarşısında aciz qalmışdım. Bu zaman "Neftçi”nin baş mühasibi Qədim bəy özünü hadisə yerinə yetirdi.


Jurnalistin peşə fəaliyyətinə mane olan "Neftçi” rəsmisi əl-qol hərəkətləri ilə özünü Qafqaz dağının ətəyində alçaq dağların behini vermiş kimi göstərirdi. Bəndənizə "əlini aşağı sal” deyə, qaba davranan mühasib, sanki ilk dəfə kabinetindən çölə çıxırdı. Mehman Rəsulov isə ANS "məktəb”ini keçməsinə baxmayaraq, təəssüf ki, hələ də özünü Qədimin peşəsinin (mühasib - red.) sahibi kimi aparırdı. 


Vallah, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”... 


Aslan Şahgəldiyevə zəng etməsəydim, nə Qədimə qədimliyini, nə də Mehmana Qəbələdə mehmanlığını sübut edə bilərdim. Vəziyyəti bir az da rahat anladım. Mətbuat nümayəndələri ilə "Neftçi” rəsmiləri arasında qırmızı lentlə sərhəd çəkilmişdi. Təbii ki, bu, lentin anlamını jurnalistlər başa düşürdü. O "sərhəd” ki, oyun vaxtı klub rəhbərliyi ilə mətbuat nümayəndələrinin görüşünü qadağan edirdi. Lentsiz də, jurnalistlər onlara tərəf getməkdə maraqlı deyildi. Nədənsə, Mehman Rəsulov bu "sərhədi” "ağ-qaralar”ın bakirəlik lenti kimi qoruyurdu.


P.S. Əslində, heç kimi qınamıram. Qədim peşəsinin, Mehman isə öhdəçiliyinin öhdəsindən gəlməyə çalışırdı.


Emin Səfərov

Sport7.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-qdim-pesi-t46126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR