“Fövqəladə hallar uşaqların gözü ilə” V Ümumrespublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:13 14 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş V Ümumrespublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, ictimaiyyətin nümayəndələri və valideynlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-nin Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Sonra iştirakçılar müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətini yönəltməkdir.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi Respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 503 rəsm, 305 plakat, 197 əl işi, yanğın və qəza-xilasetmə texnikası üzrə 191 model və 167 yumşaq oyuncaq təqdim olunub.
Bundan başqa, birinci Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi üzrə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya Respublikası, Macarıstan və Moldovadan ümumilikdə 37 rəsm və 5 plakat təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
Faiq Tağızadə müsabiqənin istedadlı uşaqların müəyyən edilib üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayıb, qaliblərə təbriklərini çatdırıb.
Sonda qaliblərə mükafatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_hallar_usaqlarin_gozu_ile_V_Umumrespublika_musabiqesinin_qalibleri_mukafatlandirilib-910987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR