Koordinasiya Şurası bərə-gəmilərin Aktauda yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır

Koordinasiya Şurası bərə-gəmilərin Aktauda yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır
12:18 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində yaranan problemlərin
aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında müzakirələr aparılıb və müvafiq tədbirlər görülüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 6-dan 9-dək Aktau limanına gedən tırların bərələrə yüklənməsində gözləmələr baş verib. Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.
Görülən tədbirlər nəticəsində yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq edib və yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarıb, bərə reyslərinin sayı artırılıb. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır.
Eyni zamanda, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılıb, dükan və kafe fəaliyyətə başlayıb. Limana girişdən əvvəl kassa yerləşdirilib və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılıb. Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılıb. Bu sistemin köməyi ilə yük maşınlarının sürücüləri onlara təqdim edilən biletlər vasitəsi ilə öz sıra nömrələrini və vaxtlarını dəqiq bilməklə, gözləmə vaxtlarından səmərəli istifadə edə biləcəklər.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bir daha diqqətə çatdırır ki, tranzit yükdaşımalar üzrə iştirakçılar maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Koordinasiya Şurasının ofisinə (Ünvan: Bakı şəhəri AZ1025, Xocalı prospekti 37, "Demirchi Tower", telefon: 488-80-38; faks: 488-80-48; e-mail: office@transit.az) müraciət edə bilərlər.
Qeyd edək ki, tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı salınıb. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaları üçün imkanların genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işlər davam etdirilir. Son günlər Azərbaycan ərazisindən keçən tranzit yükdaşıyan iritonnajlı avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koordinasiya_Surasi_bere_gemilerin_Aktauda_yanalma_imkanlarinin_artirilmasi_uchun_Qazaxistan_terefi_ile_danisiqlar_aparir-910988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR