Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

NATO rəsmisi: "Rusiya ilə böhranın böyüməsinə imkan verməməliyik" - FOTO

NATO rəsmisi: "Rusiya ilə böhranın böyüməsinə imkan verməməliyik" - FOTO

Date: 14 December 2015 12:42

Brüsseldə səfərdə olan Azərbaycanın bir qrup jurnalisti NATO-nun Mənzil Qərargahında olub və bir sıra görüşlər keçiriblər.

Həmçinin, jurnalistlər NATO-nun Enerji bölməsinin rəhbəri Maykl Ruehle, Siyasi məsələlər və təhlükəsizlik siyasəti bölməsinin əməkdaşı Pavel Anastasov və NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) Ermənistan və Azərbaycan üzrə ölkə meneceri Paul de Qeyer d'Orsdən müsahibə götürüblər.

Trend-in də əməkdaşının iştirak etdiyi müsahibəni təqdim edirik.

- Azərbaycan enerji təhlükəsizliyi sahəsində NATO-ya hansı töhfələr verir? Ümumiyyətlə, NATO ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq hansı səviyyədədir?

Maykl Ruehle: Enerji təhlükəsizliyi sahəsində Azərbaycan NATO-nun mühüm, hətta ən fəal tərəfdaşıdır. Azərbaycanın NATO-dakı missiyası da çox səmərəli fəaliyyət göstərir və biz birgə bir neçə layihələr həyata keçirmişik. Misal üçün, ötən ilin oktyabr ayında NATO-nun baş qərargahında dəniz enerji infrastrukturuna təhdidlər ilə bağlı seminar təşkil etmişik. Seminara bir çox ekspertlər, o cümlədən SOCAR-ın ekspertləri cəlb olunmuşdu. Buna bənzər daha bir seminarı isə 2013-cü ildə Azərbaycan Diplomatiya Akademiyasında keçirmişik. Burada da enerji sahəsində yeni təhdidlər, o cümlədən terrorizm, kibertəhdidlər məsələlərini geniş müzakirə etdik. Seminara NATO-dan və Azərbaycandan ekspertlər cəlb olunmuşdu. Biz infrastrukturların mühafizəsi sahəsində geniş təcrübə mübadiləsi həyata keçiririk. Bizim, həmçinin tərəfdaş ölkələrlə sülh və təhlükəsizliklə bağlı proqramımız var və bu proqrama əsasən elm adamları cəlb olunur. Azərbaycandan olan elm adamları da bu proqrama cəlb olunur.

- Son vaxtlar Rusiya ilə Türkiyə arasında yaranan gərginlik regionda enerji təhlükəsizliyində təhdidlər yaradır. NATO zərurət yaranarsa, regionun fəal dövləti kimi Azərbaycana hansı dəstəyi verə bilər?

Maykl Ruehle: İnfrastrukturun qorunması hər bir ölkənin, o cümlədən NATO-ya üzv ölkələrin milli məsuliyyətidir. Bu, NATO-nun məsuliyyətinə aid olan məsələ deyil. Bu baxımdan NATO tərəfdaş ölkələrin də infrastrukturunu mühafizə etmir. Lakin NATO ilə Rusiya arasında yaxşı münasibətlərin olması ümumi təhlükəsizlik baxımından digər ölkələr üçün də səmərəlidir. Əlbəttə, həm Alyansa üzv ölkələr, həm də tərəfdaş ölkələr Rusiya ilə yaranmış hazırkı böhrandan çıxmaqda maraqlıdır. Azərbaycanla Rusiya arasında səmərəli münasibətlər var. Düşünürəm ki, biz Rusiya ilə mövcud böhranın daha da böyüməsinə və daha çox ölkələrin buraya cəlb olunmasına imkan verməməliyik.

- Azərbaycanın NATO ilə hərbi əməkdaşlığını, Azərbaycan Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesini necə dəyərləndirirsiniz?

Paul de Qeyer d'Ors: 2000-ci ildən bəri Azərbaycanla başlamış proses çərçivəsində biz qarşımıza bir sıra tərəfdaşlıq məqsədləri qoymuşuq. Bu məqsədlərdən biri Azərbaycana NATO-nun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlarda iştirak edə biləcək qüvvələri təmin etməkdə köməklik göstərməkdir. Hazırda biz Əfqanıstan misalında bunu görə bilərik. Azərbaycanın NATO-nun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlara hərbi qüvvə göndərməsi istiqamətində bir çox səylər göstərilib. Bu səylərdən biri Silahlı Qüvvələrin NATO standartlarına uyğun təlimdən keçirilməsidir. Burada hərbçilərə NATO mütəxəssisləri və ekspertləri tərəfindən dəstək göstərilir. Bu, birinci mərhələdir. İkinci mərhələ isə NATO standartlarının digər silahlı qüvvələr üçün də istifadə edilməsidir. NATO-nun standartlaşdırma sənədlərinin çoxu tərəfdaş ölkələr üçün də açıqdır. Və Azərbaycanın NATO-dakı missiyası da NATO standartlaşdırma təşkilatı ilə əməkdaşlıq edir və onlar hansı NATO standartlarının Azərbaycan tərəfindən istifadə edilə bilinməsini müəyyənləşdirirlər.

Pavel Anastasov: Tərəfdaşlıq məqsədlərindən biri də müdafiə və tədris sahəsində səmərəli əməkdaşlığın qurulmasıdır və bu çərçivədə Azərbaycanın hərbi məktəbləri və silahlı qüvvələri NATO-nun müdafiə və tədris proqramında iştirak edir. Biz NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi məktəbləri arasında əlaqələrin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına çalışırıq və bu istiqamətdə bir şəbəkə rolunu oynamağa çalışırıq. Azərbaycanın NATO-dakı missiyası sayəsində bu istiqamətdə Azərbaycanla da fəal əməkdaşlıq edirik. Bu istiqamətdə əməkdaşlıq 2008-ci ildən bəri davam edir. Bu müddət ərzində ABŞ-dan, Kanadadan, Avropadan, o cümlədən Polşadan, Almaniyadan, Çexiyadan, Bolqarıstandan və Rumıniyadan ekspertlər Bakıda olublar və Azərbaycanın hərbi məktəblərinin ekspertləri, professorları ilə təcrübə mübadiləsi aparıblar.

Biz, həmçinin ötən ilin oktyabr ayında enerji təhlükəsizliyi ilə bağlı strateji kurs təşkil etmişdik və Azərbaycandan olan nümayəndələr də seminarda iştirak edirdi. Biz bu kursu hər il təşkil etmək niyyətindəyik. Bu, bir daha təlim və tədrisin NATO ilə tərəfdaş ölkələri arasında necə bir əlaqə olduğunu göstərir.

Paul de Qeyer d'Ors: Əlavə etmək istərdim ki, əməkdaşlıq yalnız təlim və tədris ilə yekunlaşmır. NATO bir çox mühüm tədbirlər təşkil edir və tərəfdaş ölkələrdən nümayəndələr də bu tədbirlərdə iştirak edir. Azərbaycan il ərzində 60 müxtəlif tədbirdə iştirak etmək üçün təqribən 200 nəfər nümayəndə göndərir.

- Yəni NATO Azərbaycanla əməkdaşlıqdan razıdırmı?

Paul de Qeyer d'Ors: NATO ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq var və bu əməkdaşlıq könüllü prinsiplərə əsaslanır. Bu əməkdaşlığın iki əsas komponenti var. Bunlardan biri, əsasən, siyasi xarakter daşıyan İPAP proqramıdır. Bu proqram çərçivəsində dövlətlər tərəfindən qəbul edilən vəzifələr var. Digər komponent isə PAP proqramıdır. Bu proqrama da təlim və tədris sahəsinə əməkdaşlıq daxildir və tamamilə könüllü prinsiplərə əsaslanır və əməkdaşlığın səviyyəsi dövlətlərin öz seçimindən asılıdır. Deyə bilərəm ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi həmişə arzu olunan səviyyədə olub.

Qeyd edək ki, jurnalistlərin Brüsselə səfəri "Azərsun" şirkətinin dəstəyi ilə baş tutub.

Milli.Az





Tags:  NATO rəsmisi Rusiya böhranın böyüməsinə imkan verməməliyik FOTO


RƏYLƏR


Top news