Xaçmazda “Yoxsulluğun azaldılması üçün İslam mikromaliyyələşməsi” mövzusunda regional təlimə başlanılıb

Xaçmazda “Yoxsulluğun azaldılması üçün İslam mikromaliyyələşməsi” mövzusunda regional təlimə başlanılıb
13:13 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 14-də Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün İslam mikromaliyyələşməsi” mövzusunda regional təlimə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil olunan təlimdə İİETİ-nin, İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.
Beş gün davam edəcək təlimdə “İslami mikromaliyyələşdirmə sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankı islami mikromaliyyələşmə təşəbbüsləri” və digər mövzularda məruzələr dinləniləcək. Təlimin yekunlarına dair qiymətləndirmə aparıldıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.
Regional təlimin başlanması ilə əlaqədar keçirilən tədbirdə İİETİ-nun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verərək, bu təlimin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib. Vilayət Vəliyev, həmçinin yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi institutun prioritet tədqiqat mövzusu olduğunu bildirərək, bu istiqamətdə görülən işlər barədə iştirakçılara məlumat verib.
Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Məlahət Kazımova “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubatorun fəaliyyəti” mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən danışıb.
Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islami yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.
Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələr, eləcə də görməli yerlərlə yaxından tanış olacaqlar.
Təlim dekabrın 18-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazda_Yoxsullugun_azaldilmasi_uchun_Islam_mikromaliyyelesmesi_movzusunda_regional_telime_baslanilib-911013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR